Yardımlı meşəsindən şikayət var- 500-dən artıq ağac məhv edilib


Bu işə cavabdehlər isə olayı ört-basdır etməyə çalışırlar

Ölkəmizin digər yerlərindən olduğu kimi Masallı, Cəlilabad, Yardımlı meşələrindən olunan şikayətlərin ardı-arası kəsilmir. Son vaxtlar ən ucqar kəndlərin çoxuna qaz xətti çəkilməsi meşəyə divan tutulmasının qarsısın xeyli alsa da, hələ də mebel düzəldənlər, “qazsız” qalan kəndlər meşələrdən lazımınca faydalanırlar. 


Meşələrdə narkotik alverçilərinin də meydan suladığı heç də sirr deyil. Gah deyirlər 60 (!) polis filan meşə zolağına hücum edib, xüsusi yolla becərilən külli miqdarda narkotik aşkarlayıb,  sonra da 60 min manat alıb işi bağlayıblar. Gah deyirlər... nə isə, hamısını hələlik sadalamayaq, çünki məlumat verənlər sözünü üstündə sona qədər durmadığı üçün hələ ki, araşdırmamızı davam etdiririk.

Bu dəfə ki yazımız Yardımlı sakinin şikayəti əsasındadır.


Redaksiya gələn Yardımlı Rayonun ucqar Ləzir kənd sakini Bəylər Əliyev bizə

 Bildirdilər ki:

- Mənim əsas şikayətim Yardımlı rayonunun Ləzir kəndi ərazisində yerləşən 1 saylı meşəbəyliyin 2 saylı dolayının rəhbərliyindəndir.

Xatırladaq ki, bu kənd Masallının ucqar Yolağac kəndindən 10-12 kim aralıda yerləşir. Həmin kəndə  gəlib-getmək bir nəfərə 30 manata başa gəlir.

Əsas narahatçılığım mənə qarşı haqsızlıq və bir sıra məmurların bu haqsızlığa  biganəliyidir.

Kəndimizdə 12 ev var. Dolanşığımız mal-qara ilədir. Ehtiyac olanda meşədən qır-qırıntı toplayırıq. Odun daşımaq üçün bilet almışam. Kənddə  belə bileti olan təkcə mənəm. 1 kub.m üçün  17 manat – mən 2 kub.m üçün ödəniş etmişəm.

Gözümüzün qabağında meşə talan edilir.

Kim ki, meşəbəyi Məhəmməd Adıyevə görüm-baxım edir, onlara toxunan olmur. Kim ki, bunu etmir  onlar üçün qanun olur.

Bu ilin iyul ayında  atamın 7 mərasimi üçün meşədən bir az tör-töküntü yığmaq istəyirdim. Meşə gözətçisinə də müraciət etmişdim. Meşəbəyi də hüzr üçün olduğunu bilib razılaşmışdı. Şəxsi  UAZ-la bir qədər quru odun toplayıb meşədən çıxanda meşəbəyi Məmməd Adıyev  məni saxladı. Dedim ki, atamın hüzrüdür, kənddə qaz yox, bir-iki şələ odun-nədir ki, mənə mane olursan. O məni hədələdi ki, səni cərimə edəcəm, belə yazacam, belə pozacam. Elə mənim yanımdaca meşəni talan etməyə gedən, yaş odunçun meşəyə buraxdığı adamlar  meşədən maşın-maşın odun çıxartsa Da onlara şərait yaratdı, amma mənə imkan vermədi.  Dedi bunları mənə tapşırıblar.  Dedim, sən qanunla işləyirsən, ya tapşırıqla?

Əvvəl dedi,  sənə 3  ton cərimə yazacam (bu adam hələ bilmir ki, odun tonla deyil, kub.m-lədir). Sonra başa düşdü ki, mənim maşınım 1 kubu güclə tutur,  3-ü 1 elədi. Qısası, məni 23 manat cərimələdi və mən pulu ödədim.


Göründüyü kimi, məbləğ elə də böyük deyil. Amma mənə qarşı niyə haqsızlıq edilir k? Qanun bir nəfər-elə mənim üçündür.

Ona görə, 5 qat ziyana düşsəm də meşədəki qanunsuzluqlar barədə şikayətlər etdim.

4 dəfə Ekologiya və Təbii Sərvətlər nazirliyinin cənub regional idarəsindən yoxlama gəldi.

1-ci yoxlamada  2 saylı dolayda 72 kəsilmiş ağacın götükləri aşkarlandı. Əsasən palıd ağacları idi.

2-ci yoxlamada  xeyli şikayətimdən sonra əlavə daha 100 ədəd kəsilmiş kötük aşkarlandı.

Bundan nəticə çıxartmaq əvəzinə 40-a yaxın meşəni talan edən motorçuları üstümə qaldırdı. Lakin yenə geri çəkilmədim.  Meşəbəyi məni təhqir etdi, hədələdi, lakin susmadım.

Daha sonra Lənkəranda nazirin qəbulunda oldum. Məni diqqətlə dinlədi və  təkrar yoxlama yolladı. Bundan sonra 3-cü və 4-cü yoxlamalar keçirildi.

3-cü də əlavə daha 72, 4-cü dəfə isə 82 ədəd kəsilmiş ağacın kötükləri aşkarlandı. Ümumilikdə  300-dən arıq qanunsuz kəsilmiş ağac aşkarlandı və təsdiqini tapdı.

Belə qanunsuzluğa yol verənlər  ən azından işdən çıxarılmalı, ciddi məbləğdə cərimələnməli idilər. Lakin  Masallıda yerləşən Regional “meşə idarəsinin”  rəhbərliyini müvəqqəti icra edən Mustafa Əhmədov buna əməl etmir.

Cəzaslıqdan istifadə edib talançılar  meşəni məhv etməkdə davam edirlər. Belə ki, yuxarıda göztərdiyim 326 kötükdən əlavə haradasa 250-yə yaxın qeydə alınmamış kötük var ki (cəmi 500-dən yuxarı) onlar da talançıların qurbanı olub. Necə deyərlər, nöqsanlar gözə girir, lakin bu işə cavabdeh olanlar şikayətçidən çox talançıların tərəfində dayanır.

Nəhayət, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  1 saylı regional idarəsi xüsusi blnakda şikayətçiyə cavab verib ( 27/3 nömrəli, 4 noyabr 2019-ci il tarixli məktubla).

Həmin məktubda qanunsuz kəsilmiş ağacların 326-i öz təsdiqini tapıb. Göstərilib ki, həmin  şikayətçinin tələbi əsasında aparılan yoxlamalarda bəlli olub ki, göstərilən miqdar ağaclar həqiqətən kəsilərək meşədən çıxarılıb. O da qeyd olunub ki, faktla bağlı sənədlər təqsirkarlar haqda qanunvericilik qaydasında tədbir görülmək üçün Yardımlı rayon prokurorluğuna göndərilmişdir.

Şikayətçi isə bununla razılaşmır. Bəylər Əliyev bizimlə söhbətində bildirdi ki, bu işə cavabdeh olanlar açıq-aşkar işi “fırladır”. İşə elə sənədləşdirməyə çalışırlar ki, guya bu pozuntular işdən çıxarılan əvvəlki meşəbəyinin vaxtında olub. Mən isə nazirin qəbuluna yazılmışam. Bu yaxınlarda qəbul da olub həmin qanunsuzluqları tam detalları ilə ona çatdıracağam. Əlimdə yüzlərlə kəsilmiş ağacın şəkli, videosu var. Belə qanunsuzluqların istər burada, istər Bakıda havadarları kimdir, o da bəllidir. Yəqin ki, yaxın vaxtda hər şeyi daha aşkar deyəcəyəm. Kiminsə tutulmasını istəmirəm, lakin, ən azından meşə quldurları vəzifəsindən kənarlaşdırılmalıdır.

Hazırladı Zahir Əmənov

Qeyd: Qarşı tərəflərdən kimin sözü olarsa, onlara da yer ayırmağa hazırıq.

Tarix: 8-11-2019, 13:58
Xəbəri paylaş





Xəbər lenti