Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - ŞİKAYƏT
“Şaxtadır, soyuqdan donan kim, xəstəliyə tutulan kim… Hansı qapını açsanız, sobaya atmağa bir parça odunu yoxdur”. DİA.AZ-ın məlumatına görə, Oğuzun Xalxalqışlaq kəndinin sakinləri danışırlar ki, illərdir kənddə nə qaz, nə də su var: “Rayonda həm Xalxal, həm də Xalxalqışlaq kəndi var. Xalxalda bir iri hovuz düzəltdilər, dağdan axıb gələn sudan çəkdilər. Adamlar həmin hovuzdan su götürür, susuzluq aradan qalxıb. Bu biri qonşu kəndin – Ərmənətin də su problemi həll olunub. Ancaq bizim kəndə hələ də su çəkilməyib”.
Sakinlərin deməsinə görə, susuzluğun davam etməsinə səbəb kimi onlara layihəni həyata keçirməyə maliyyə ayrılmaması ilə izah olunur: “Deyirlər, böyük olduğuna görə hələ kəndinizlə bağlı su layihəsini maliyyələşdirmək mümkün deyil. Kəndin ərazisi qonşu kəndlərə nisbətən böyük olsa da, cəmi 60 ev var. İldə bir dəfə gəlirlər, kəndi o başdan bu başa ölçüb-biçirlər, sakinlərə sənədlərə qol çəkdirib gedirlər. İcra hakimiyyətinin nümayəndələri kənddə iki dəfə toplantı keçiriblər, sakinləri toplayıb, şirin vədlər veriblər. Çayın çirkli suyunu içirik, məişətdə həmin çirkli suyu istifadə edirik”.
Kəndlilərin deməsinə görə, 2014-cü ildə prezident İlham Əliyevin Sərəncamı ilə kənddə artezian quyu qazılıb. Ancaq kəndlilər quyudan vur-tut 14 vedrə su götürə biliblər. Sonra o quyuda da su olmayıb, zaman keçdikcə, istifadəsiz quyu dağılıb. 1 il əvvəlsə kənddə ölçü işləri aparandan sonra sakinlərə bildirilib ki, tezliklə su çəkilişlərinə başlanacaq. Ancaq sakinlər bir də görüb ki, su çəkilişi üçün avadanlıq və borular qonşuluqdakı Şirvanlı kəndinə daşınır. Tezlilkə Şirvanlıya su çəkilib. Xalxalqışlaq sakinlərinə isə yenə də köks ötürərək gözləmək qalıb.
Kənddə qaz da yoxdur. Kəndlilər deyir, çır-çırpı üçün meşəyə yaxın düşə bilmirlər. Odun isə çox bahadır.
“Odunun kubu 14 manat 50 qəpikdir. Bir maşın odun 300 manata başa gəlir. Kasıb kənddir, heç kim işləmir, heyvandarlıqla, əkinçiliklə məşğul olmaq mümkün deyil ki, adam əkdiyi məhsulu, saxladığı heyvanın qatığını, südünü, pendirini satıb odun ala… Bir əlacı var ki, kəndi qazlaşdırsınlar. İllərdir ki, yağlı vəddən başqa heç nə görmürük. Körpə uşaqlar, qoca, xəstə insanlar soyuğa tab gətirmir. Beşcə evdə elektrik cihazı qoşan kimi kəndin elektrik şiti davam gətirmir. 60 ev necə qızınsın?”
Bir də kənddə tibb məntəqəsi və kənddaxili yol problemi var. Sakinlər tibb məntəqəsinin təmiri və tibbi xidmət üçün lazımi avadanlıqlarla təchizatı üçün aidiyyəti qurumlara müraciət ediblər. Ancaq kənddəki tibb məntəqəsi təmir olunmayıb, qapısı isə kəndlilərin üzünə nadir hallarda açıq olur. Sakinlər tibbi yardım almaq üçün Oğuzun mərkəzinə getməli olurlar. Yollara gəlincə isə, yayda tozlu, qışda palçıqlı olan yollar həm maşınların, həm də piyadaların hərəkətinə narahatçılıq yaradır.