Dövlət başçısının hökumətdə apardığı kadr islahatları həftələrlə kabinetlərində tapılmayan, vətəndaşları hər gün get-gələ salan məmurların, əsasən də rayonlarda özlərini "padşah" kimi aparan rayon icra hakimiyyətlərinin başçılarının canına vəlvələ salıb.
Artıq bu cür məmurlar fəaliyyətlərində 180 dərəcə dönüş edərək iş vaxtları yerlərində olur, hər gün səyyar qəbul-görüşlər keçirirlər.
Qlobal.az xəbər verir ki, son zamanlar əhali ilə mütəmadi görüşlər keçirən icra başçılarından biri də Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur. Hətta A.Məmmədov ən son keçirdiyi qəbulda vətəndaşlara 7 saat vaxt ayırıb. Bu barədə Şəmkir rayon İcra Hakimiyyətinin saytında da xəbər verilib.
Şəmkir rayon İcra Hakimiyyətinin saytında "İCRA BAŞÇISI 7 SAAT VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNİ FƏRDİ QAYDADA DİNLƏYİB" başlığı altında dərc olunan xəbərdə Alimpaşa Məmmədovun saat 09:00-dan 16:21-dək 211 nəfər rayon sakininin müraciətini dinlədiyi deyilir: "Son illər Şəmkirdə əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, sakinlər üçün lazımi şərait yaratmaq rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının bu günki qəbulunda 211 nəfər rayon sakininin müraciəti dinlənilib. İcra başçısı qəbula gələn vətəndaşlara bildirib ki, Şəmkir Rayon İcra Hakimiyyətinin əsas məqsədi Şəmkir sakinlərinə layiqli xidmət göstərməkdir. Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub. Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Qəbula gələn sakinlər Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər. Qeyd edək ki, vətəndaşların fərdi qəbulu saat 09:00-da başlayıb 16:21-də başa çatıb".
Məsələnin maraqlı tərəfi odur ki, Şəmkir rayon İcra Hakimiyyətinin paylaşdığı xəbərdə öncə "icra başçısı 7 saat ayaqüstə vətəndaşların müraciətinin fərdi qaydada dinləyib" bağlığında "ayaqüstə" sözü sonradan silib.
Xəbər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Şəmkir rayon İcra Hakimiyyətinin yaydığı xəbəri sabiq deputat Etibar Hüseynov feysbuk səhifəsində riyakarlıq adlandırıb: "Bunun adı riyakarlıq, gözden perde asmaq, rusca desek " risovka"lıq deyil, bes nedir? Adam guya ki, kendlere yollanıb camaatın şikayetini dinleyir. Her defesinde de özüynen fotoqraf, video operator aparıb lente aldırır. Onları da berbezekli cümlelerle paylaşır. Anlamır ki, bes qayıdıb soruşmazlar ki, sen ne işle meşğulsan ki, her kiçik kendde onlarla insan üstüne şikayete gelir?".
Xatırladaq ki, Alimpaşa Məmmədov 2014-cü ildən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Qlobal.azhttp://www.dia.az/8/233466-shemkirin-icra-bashchs-teze-usulla-ishleyir.html