Gədəbəyin icra başçısı haqda ilginc iddia - İTTİHAM


Gədəbəyin icra başçısı haqda ilginc iddia
Gədəbəy rayon sakini İsgəndərli Anar Asif oğlu redaksiyamıza müraciət edərək, rayonun Söyüdlü kəndində icra nümayəndəsi vəzifəsində işləyən atası İsgəndərov Asif Cəmil oğlunun Gədəbəy rayon İcra Hakimiyətinin başçısı İbrahim Mustafayevin və onun birinci müavini Natiq Nağıyevin rüşvət tələbi ilə üzləşdiyini, şiddətə məruz qaldığını və bu səbəbdən infarkt keçirərək hazırda Gəncə şəhər xəstəxanasında ağır vəziyyətdə xəstə yatdığını bildirmişdir: «Atam Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Söyüdlü kənd üzrə icra nümayəndəsi işləyir. 27 ildi bu dövlətə can qoyub, ailəsinə ayırmadağı vaxtını dövlətinə həsr edib. 10 il məktəb direktoru, 17 il icra hakimiyyəti strukturunda töhmətsiz, nümunəvi işləyib. İki ali təhsilli övladı var və hər ikisi işsizdir. Hər ay 515 AZN kredit ödəyir.
Yeni təyin edilmiş icra başçısı Mustafayev İbrahim Ənvər oğlu 07.10.2019-cu il tarixdə şəxsi qəbulunda atamı işdən çıxaracağını deyib, atam səbəbini tələb edəndə isə «pul ver, səni öz yerində saxlayım, yoxsa, mən ora başqasını təyin edəcəm» deyib. Atam isə şikayət edəcəyini deyəndə, «get, kimə istiyirsən şikayət elə, qardaşım nazirlikdə işləyir, mənim adamımmı yoxdu?» deyib… Atam həmin gün axşam yüksək təzyiqlə yerli xəstəxanaya müraciət edib və təzyiqi aşağı sala bilmədiklərinə görə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilib.

İcra başçısının atamın yerinə təyin etməyə çalışdığı şəxs — Allahverdiyev Nahid Qabil oğlu isə Gədəbəy şəhər peşə məktəbinin direktoru vəzifəsindən külli miqdarda korrupsiyaya görə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə qovulub…» Anar İsgəndərli 5 ay öncə eyni hadisənin Gədəbəy rayonunun Qaradağ kənd icra nümayəndəsinin də başına gətirildiyini, nümayəndəlik sədrinin icra başçısının otağından çıxandan az sonra inkfakt keçirib öldüyünü xatırladıb: «Gədəbəy rayon icra başçısı Mustafayev İbrahim Ənvər oğlu beş ay öncə Qaradağ kənd icra nümayəndəsi Cahangir Qasımovdan vəzifəsində qalmağı üçün rüşvət tələb edib, verməyəndə isə işdən qovub, təhqir edib. Cahangir Qasımov aprel ayında icra başçısının şəxsi qəbulundan çıxan kimi ürək tutmasından ölüb. İndi isə adəti üzrə işinə davam edən icra başçısı birinci müavini Natiq Nağıyevə göstəriş verib ki, maaşların qalxdığını, tələbatı ödəmədiyini, ya on min manat pul gətirməli, ya da işdən çıxmalı, gedib özünə iş tapmalı olduğunu icra nümayəndəsinə çatdırsın. Asif İsgəndərov iki ali təhsilli övladının işsiz olduğunu, hər ay xeyli kredit ödədiyini desə də, icra başçısı: «Mənə maraqlı deyil, ya pulu gətir, ya çıx» deyib. Asif İsgəndərov şikayət edəcəyini bildirəndə, o: «get, kimə istəyirsən şikayət elə, buranın Allahı mənəm» deyib və nalayiq ifadələr işlədərək otaqdan qovub. Həmin günün axşamı İsgəndərov Asif Gədəbəy rayon xəstəxanasına yüksək təzyiq, infarkta meyilliliklə xəstəxanaya müraciət edib və sonra təcili olaraq Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilib.

Hələ də xəstəxanada müayinə altındadır. Eynən Cahangir Qasımovun başına açdıqları oyunu İsgəndərov Asifin başına gətiriblər». Anar İsgəndərli həmçinin bildirib ki, icra başçısı hadisədən sonra baş verənlərin guya onunla heç bir aidiyyəti olmadığı, xəbərinin yoxluğu görüntüsü yaratmaq üçün tələm — tələsik məzuniyyət götürüb Bakıya qaçıb. Əgər kiminsə şübhəsi varsa, atamın kimliyini, fəaliyyətini araşdırsın. İşlədiyi Qaradağ, Slavyanka, Söyüdlü kəndlərinin sakinlərindən soruşa bilərlər, həmçinin yaşadığı Gədəbəy rayonundan da araşdırıb maraqlana bilərlər. Asif müəllim rüşvətsiz və düzgün işlədiyinə görə köhnə bir sovet istehsalı olan maşının içində qalıb və yarımçıq təmirsiz evi var..! Xatırladaq ki, Qaradağ kənd ərazi vahidi üzrə icra nümayəndəsi işləmiş Cahangir Qasımovun ölümü ilə bağlı «Dəryaz» qəzeti və «Deryaz.az» saytı hadisənin baş verdiyi aprel və sonrakı aylarda məqalələr dərc etmişdi. Mərhumun qardaşı Məmməd Qasımovun və başqa etibarlı mənbələrin verdikləri məlumatlara, habelə redaksiyamızın əməkdaşlarının apardıqları araşdırmaların nəticələrinə əsaslanan həmin məqalələr geniş rezonans doğurmuşdu. Sonradan əldə etdiyimiz informasiyaya görə, mərhumun yaxınları — Rusiyada yaşayan qızları susmaları şərti qarşılığında rayon rəhbərliyi tərəfindən «dilə tutulmuş», hətta qardaşına vəzifə də vəd edilmişdi. Ancaq ən son məlumata görə, yəqin ki, onlara verilən vədlərə əməl edilmədiyindən, Məmməd Qasımov yuxarı instansiyalara şıkayətlər yazmaqda davam edir.

Nəhayət, bu günlərdə aldığımız məlumata görə, Gədəbəyin icra başçısı İbrahim Mustafayev sabiq təhsil şöbəsi müdiri, yaş senzinə çatdığına görə narahatlıq keçirən Baxış Nağıyevdən də onu yerində saxlamaq üçün 20 min AZN rüşvət alıbmış. Təhsil nazirinin 3 iyul tarixdə verdiyi əmrlə Baxış müəllim vəzifəsindən azad olunandan sonra məlum olub ki, başçı ona verdiyi vədinə xilaf çıxıb. Borclu qalmamaq üçün onu boş qalmış Qaradağ ərazi vahidliyinə icra nümayəndəsi vəzifəsinə təyin edib.

İndi isə mərhum Cahangir Qasımovun qardaşı Məmməd Qasımovun və infarkt olmuş İsgəndərov Asifin oğlu Anar İsgəndərli ilə apardığımız müsahibəni dərc edirik



Gələn sayımızda, Gədəbəy şəhər İcra Nümayəndəsinin sədri Şahbaz Bayramovun şəhid anası Maya Orucovaya dediyi «Heydər Əliyevin töfsiyyələri özü ilə bərabər ölüb getdi» cümləsinin arxasında nə durur?

Gədəbəy rayon Mənzil Kommunal Təsərrüfatı idarəsinin rəisi, başçının pulyığanı Əkbər Kazımovun ölücanları və onun tabeçiliyində olan fəhlələri necə qul kimi işlətməyi barədə geniş məqalə dərc edəcəyik.

Mövzunu davam etdirəcəyik.
Deryaz.az
Tarix: 5-12-2019, 08:36
Xəbəri paylaş





Xəbər lenti