Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...

           
Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...
Əslində uzun tərəddüddən sonra, bu yazını qələmə almalı oldum. Bəlkə də ilk baxışda rayon əhalisindən başqa heç kəs üçün maraqlı olmayacaq bu yazıda, əslində böyük bir faciədən danışıram. Təbii ki, yazılanların arasında, yazılmayanları oxuya bilənlər üçün...

Bəli, mənə dərhal sual oluna bilər ki, bu “bazar söhbəti” hələ də bitmədimi?

Bitmədi əlbəttə, yəni bu hələki belə görünür.

Səhər tezdən adətim üzrə beynimdə çoxlu suallarla yuxudan oyandım. Necə ola bilər ki, həqiqəti hər kəs bildiyi halda, sıradan bir “bazar adamı”na heç bir orqan bata bilmir, onun öhdəsindən nəinki gələ bilmir, əksinə, barəsində qaldırılan ittihamların məhkəmə baxışına çıxarılan zaman, prosesə sədrlik edən hakim də, cavabdehə açıq-aydın vəkillik edir.

Nəzərə çarpacaq qədər çılpaqlığı ilə hər kəsin gözü qarşısında gün kimi aydın və aşkar baş verən bu “məhkəmə məzhəkəsi” axı kimə lazımdır?

Bir məhkəmənin hakimləri, bir rayonun vəzifəli şəxsləri dövlətin nüfuzunu aşağı salacaq qədər risqə gedərək, sıradan bir “bazar adamını” niyə bu formada müdafiə etsin ki?

Bəlkə mən səhvəm?

Bəlkə doğrudan da sözün əsl mənasında “Qurban” haqlıdır və biz sadəcə onun bu ali düşüncə səviyyəsini, bizdən daha müdrik olduğu üçün anlamırıq?

Bu suallarla, illərdir uğrunda iki adamın ölümü ilə nəticələnən bir davanın getdiyi “Kolxoz bazarına” tərəf gedirəm. Sakitcə telefonu çıxarıb, bazardan yeni fotolar çəkməyə çalışıram. Təbii ki, elə anda da bazar əhlinin diqqətini özümə çəkə bilirəm. Bu dəfə hər şey tərsinə baş verir. Yəni normalda hər kəsə sual verən adam, özü bazar əhlinin suallarına tuş gəlir.

- Yenə niyə çəkirsiz? Nəsə olub?

Suallara cavab vermək çətindir, ancaq yenə də özümü o yerə qoymadan, “istəyirəm bazardan reportaj hazırlayım” deyib, qarşı tərəfə, bazarda işləyən sadə adamlara “hücuma” keçməyə hazırlaşıram. Ancaq sualların ardı kəsilmir.

-Bu qədər yazırsız ey, nə xeyri var ki?

-Nə xeyri olsun ki? İstəyirəm ki, hamı hər şeyi olduğu kimi bilsin də...

-Ay bala, onsuz da hər kəs, hər şeyi olduğu kimi bilir, ancaq heç nə də edə bilməyəcəksiz, xeyri yoxdu. Məsləhət bilsəydilər elə analarının qatilini tapardı da bu hökümət. Niyə tapmırlar? Guya tapa bilmirlər? Hamı bilir də, kim öldürdü, niyə öldürdü, nədən ötrü də guya tapılmır?!

Yaşlı qadınların sözləri məni ayaq saxlamağa məcbur edir. Deyəsən bu adamlar cəsarətlidir və müsahibə ala bilərəm deyə düşünürəm.

-Bibi, müsahibə verə bilərsiz? Deyib yaşlı qadınlara yaxınlaşıram.

Dərhal da “adə bizi zibilə salarsan, öz dərdimiz özümüzə bəsdi” söyləyib, məndən uzaqlaşmağa çalışırlar. Ancaq mən imkan vermirəm, istəyirəm ki, burda baş verənləri, bir də kənardan izləyənlərin gözü ilə müşahidə edim.

-Bibi bax düz danışırsızsa, niyə qorxursuz? Gəlin danışın da. Yoxsa yalandan mənim fikirlərimi dolaşdırmaqda məqsədiniz nədi?

Bu sözüm deyəsən, hədəfə dəyir. Anidən duruxurlar, içlərindən biri düz gözlərimin içinə baxaraq, “ay bala, sizə etibar var? Bir az üstünüzə gələn kimi keçərsiniz o tərəfə, ara yerdə bizi də zibilə salarsan” deyib, yenə də uzaqlaşmaq istəyirlər. Mən də düzü əl çəkmək istəmirəm, “bax bibi, heç adınızı da bilmirəm və soruşmayacam. Mənə sadəcə danışın ki, bu Qurban kimdi, bu nə oyundur belə? Niyə bu söz-söhbətlərin ardı kəsilmir?”

Bir yaşlı qadın sakitcə baxıb, “bax, adımı çəkmə, mənim də balalarım var, özümə problem istəmirəm” deyib, mənimlə söhbətə razılaşır.

Sevinə-sevinə suallarımı yağdırmağa hazırlaşıram, ancaq müsahibim heç sualı gözləmir. Bunu görən başqaları da ürəklənir və sonradan heç mənə danışmağa imkan vermirlər.

“Qurban əvvəllər yaxşı uşaq idi. Elə bu bazarda böyüdü, gözümüzün qabağında. Sonradan heç gözləmədiyimiz halda, birdən birə dəyişdi. Bir də gördük ki, bazarda hamıya prokurorun adı ilə hədə-qorxu gəlir. Yanından yel ötməmiş, hamıya “sən öləsən, prokurora bir zəngim bəsdi ki, sənin başıva min oyun açsın” deyib dalaşardı. Bir gün də gördük ki, bazarda müdirlə (Gülnarə Həbibovanı nəzərdə tutur-müəl.) sözləri çəp gəldi. Biz heç bilmədik nə davadı, ancaq gördük ki, Qurban haray-qışqırıq salıb, gah deyir özümü yandıracam, gah deyir anam özünü öldürəcək”

-Axı nə baş vermişdi ki, bu belə edirdi?

- Vallah bala, heç nə bilmirdik. Ancaq gördük ki, bu elə haray salıb, müdirin anasının goruna filana söyür. Yan-yörəmiz polislə dolu idi, ancaq heç kəs Qurbana söz demirdi. Bildik ki, deyəsən yenə nəsə oyun var.

-Nə oyun?

-Ay bala, bəs Nəcimə müəlliməni də elə bu cür öldürdülər də...Bu bazardan söz-söhbət əksik olmur ki...Gündə birini öyrədirlər, gəlir haray-qışqırıq salır, bazar müdirini də polisə zada aparıb, başını ağrıtmaq üçün bəhanə olur da...

-Niyə bazar müdirini incitsinlər ki?

Təəccüblə mənə baxırlar, “ay bala, sən Xaçmaz adamı deyilsən? Guya bilmirsən niyə?”

-Mən Xaçmaz adamıyam, ancaq istəyirəm ki, baş verənləri sizdən dinləyim də...Niyə incitmək istəyirlər müdiri?

-Ay bala, bu bazarı hələ o vaxtdan Şəmsəddin müəllim almaq istəyirdi. Almaq deyəndə ki, deyəsən torpağını özəlləşdirib, camaata satmaq istəyirdi. Ona görə gündə beş-altı nəfəri rəhmətlik müəllimənin (Nəcimə Babayevanı nəzərdə tutur) üstünə davaya göndərirdi. Bilirsən nə qədər məhkəmələr oldu? Müəllimə də nahaq belə elədi, gərək verərdi bazarı, cəhənnəm olardılar. Gördün ki, sonra da evinin içində öldürdülər, heç bu gün də hökümət işi açmır. Açmazlar axı. Hamı bilir də, bunu kim eliyib, niyə eliyib?!

-Bəs Qurban nə məsələdi? Bu söhbətlər olanda Qurban uşaq idi axı.

-Ay bala, nə olsun uşaq idi? İndi böyüyüb də. Bunlar güclü adamlardı ey. İndiki müdir Gülnarə bacı, prezident Xaçmaza gələndə, binanın üstünə çıxıb qışqırdı, hamı da eşitdi, Gördün ki, heç bir xeyri olmadı. Hamı bilir ki, bu işin dalında Şəmsəddin müəllim dayanıb, heç ona batmaq olar? Gördün, işdən çıxdı, ancaq yenədə rayonu idarə edən elə odur. Ay bala, haqsız dünyadı, ona görə də bunlara baş qoşmaq olmur.

-Bibi, söhbətləri qarışdırırsız e, gəl bir-bir danışaq da.

-Nəyi danışırsan e bir-bir? Nə danışaq?

-Mən sual verim, siz də danışın da. Yoxsa belə fikirlər qarışır axı. Gah ordan danışırıq, gah da burdan. Məni də çaşdırırsınız.

-(Bərkdən gülürlər) Çaşma bala, çaşma. Nə danışaq axı. Deyirəm də, bizi zibilə qoyacaqsan sən.

-Bax bibi, mənə əsas Qurban maraqlıdır. Qurban kimdi, kim olub, bu gün niyə belə edir? Bu boyda bazarda hamıya dedi ki, Nəcimə müəlliməni elə ailəsi öldürüb. İndi də ailə onu məhkəməyə verib, ancaq nəsə hakimlər heç nə eləmək istəmir?! Bu Qurban kimdi ki?

-Ay bala, uşaqsan sən? Ona kim nə deyə bilər ki, onun arxasında o boyda prokuror, Şəmsəddin müəllim dayanıb. Heç nə də eləyə bilməzlər. Nə məhkəmə ay bala? Məhkəmə var? Haqq-ədalət var? Bunlar kimi necə istədi, elə də aradan götürürlər. Bircə bu ailəyə bata bilmədilər. Gülnarə bacıgili ağıllı adamlardı. Qurban o qədər söyüş söydü, ancaq bunlar ona heç nə demədi. Yəqin gözləyirdilər ki, Gülnarə bacının qardaşları gəlib vursun Qurbanı, o saat tutsunlar. Bunlar həmişə belə edir. Həmişə bir Qurban fason adam tapırlar, camaatın içində söydürürlər ailəni. Onlar da gəlib söz desələr, o saat tutsunlar deyə, oyun çıxarırlar.

-Bəs niyə tutmaq istəyirlər ki?

-Necə niyə? A bala, tutub deyəcəklər ki, gəl indi bazarı ver, qardaşlarını buraxaq da. Şəmsəddin burdan əl çəkməz ay bala, sot-sot satsa, bilirsən nə qədər pul qazanar? Heç əl çəkər? Tutsunlar da Qurbanı, niyə tuta bilmirlər? Çünki, Şəmsəddin tapşırıb. Camaatın içində neçə dəfə analarının gorunu söyüb, neçə dəfə deyib ki, anavızı siz öldürmüsüz, nə oldu? Heç baxan var? Baxan da olmayacaq. Xeyri yoxdu.

-Bibi, bəs axı qanun var, dövlətin qanunlarından güclüdü ki, Qurban?

-Ay bala, bibi qurban, mənim 60 yaşım var e. Nə dövlət, nə qanun? Burda elə qanun da, dövlət də Şəmsəddin müəllimdir. O birilər də ona yaltaqlıq edirlər, ona görə Qurbana dəyən yoxdu. Yoxsa gəl mən deyim görüm, bir kəlmə, gör mənim başıma nə oyun açarlar?

Ətrafa narahat formada baxmaqlarını görməmək mümkün deyil. Sanki danışdıqlarımızın kimsə tərəfindən eşidiləcəyindən qorxurlar. Mən də yarızarafat, yarıgerçək deyirəm ki, onsuz da sabah hamısı internetdə oxuyacaq. O saat cavabımı verirlər.

-Elə o internetdə bilirsən Şəmsəddin müəllimdən nələr yazırlar? Deyir işçilərin kartlarını da oğurlayıb e. Heç gör ona nəsə deyən var? Qorxurlar, Şəmsəddin müəllim böyük adamdı,istəsə lap prezident olar. Görmədin ki, işdən çıxardılar, bir gündən sonra da başqa vəzifəyə keçirdilər? Qorxurlar e ondan. Hamısı qorxur. Bu bazarı almamış getməyəcək rayondan. Bilirsən neçə məhkəmə işləri var müdirin? Bir gündə 3-4 məhkəməyə gedirlər e. Niyə? Çünki Şəmsəddin xanbabayev and içib ki, nə qədər mən sağam, sizə bu dünyanı dar edəcəm. Sən də cavan uşaqsan, baş qoşma belə işlərə.

-Mən jurnalistəm də, işim budu.

-Ay bala bunlar iş zad bilən deyil e, bir gündə aləmi qarışdırarlar, heç bilməzsən harda zəhərlədilər, nəyi necə elədilər. Görmürsən kiminlə düz gəlməsələr, izsiz-tozsuz meyidi tapılır? Gör heç maraqlanan var ki, bu necə olur? Şəmsəddin müəllim Heydər Əliyevlə dost olub, ona görə prezident onun xətrinə dəyə bilmir. Başqası olsaydı, çoxdan güllələyərdilər, buna dəyə bilmirlər, çox şey bilir.

Əslində ürəklərinin dolu olduğunu görüb, sözlərini kəsmək istəmirəm, ancaq mənə maraqlı olan mövzudan yayındıqları da xoşuma gəlmir. Tələsik söhbəti yenə də Qurbandan salmağa çalışıram.

-Ay bibi Qurbanı deyirdim e. Bu həftə də məhkəməsidir. Xəbəriniz var da? Gülnarə Həbibova və qardaşları onu məhkəməyə veriblər ki, onlara böhtan atdığı üçün cavab versin.

-Ay bala, heç nə olmayacaq, görərsən. Bütün Xaçmaz bilir ki, Qurbanın dalında kimlər dayanıb, hakim, məhkəmə kimdi ona söz deyə bilsin. Hakimlər özləri də qorxur ey Qurbandan. Ancaq əvvəl yaxşı uşaq idi Qurban, yetimçiliklə öz başını saxlayardı. İndi birdən birə görmürsən ki, gətirib onu bazara müdir qoydular? Qəsdən qoydular ki,burda davaları qızışdırsınlar. Sonra da deyəcəklər ki, Nəcimə müəllimənin ailəsi heç kəslə yola getmir. Ancaq “dava yorğan davasıdı” (bərkdən gülüşürlər).

Daha dözə bilmirəm və oranı tərk etmək üçün, yavaş-yavaş sağollaşmaq istəyirəm.

Beynimdəki suallara cavab tapıb, tapmadığımı isə hələ də anlamıram. Sağollaşıb aralanmaq istəyəndə ardımdan “ay bala, cavan oğlansan e, bazar söhbətini qurdalayacaqsansa, özündən muğayat ol. Bunlar adamın başına min oyun açarlar” deyib, gülməyə davam edirlər.

Sakitcə, qarışıq duyğularla bu “qanlı bazardan” aralanıram. Baş verənləri anlamağa çalışıram. Görəsən həqiqətən də bu Qurban kimdiki?

İctimai rəydə dövlətin, məhkəmənin, prokurorluğun nüfuzunu yerlə-yeksan olunduğunu görə-görə, onun qanunsuz davranışlarına himayədarlıq edən kimdir?

Bir bazara görə dəyərmi?

Suallar çox, cavablar isə...

P.S. Məlumat üçün qeyd edək ki, Xaçmaz şəhər sakini Qurban Sadıxov adlı şəxs, oktyabr ayında Kütləvi İnformasiya Vasitələrində yayımlanan çıxışında Gülnarə Həbibova və qardaşlarını, öz anaları şairə xanım Nəcimə Babayevanın qətlində ittiham edib. Sonradan Qurban Sadıxov barədə Xaçmaz Rayon Məhkəməsinə müraciət edən ailə, onun barəsində xüsusi-ittiham qaydasında iddia qaldırsalar da, məhkəmə prosesləri qəsdən yubadır və səbəbsiz yerdə məhkəmə iclası təxirə salınır.

Nəcimə Babayeva, 2010-cu ilin sentyabr ayının 15-də, öz yaşadığı evində, xüsusi amansızlıqla qətlə yetirilib. Qatil(lər) və sifarişçi(lər) bu günə qədər də tapılmayıb.
İXA.az
Cəmil Məmmədli
Tarix: 5-12-2019, 10:12
Xəbəri paylaş





Xəbər lenti