Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA

    
Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA
Sovetlər dönəminin təhsildə və səhiyyədə rüşvətxorluğun baş alıb getdiyi son illərində bir nəfər oğlunun tibb universitetinə daxil olmasını qeyd etmək üçün ziyafət təşkil edir. Onu və ailəsini yaxşı tanıyan qonaqlardan biri sevinən ataya deyir: “Sənin ki oğlun dərslərini o qədər də yaxşı oxumurdu, bəs necə oldu, yüksək savad tələb edən tibb fakültəsinə düşdü? O necə həkim işləyəcək axı?” Məclis sahibi cavab verir: “Yox, o həkim işləməyəcək, baş həkim olacaq”.
Çəkdiyim misaldan göründüyü kimi, xalqın şüurunda hələ də ətalət qüvvəsi ilə qalmaqda olan belə bir stereotip var ki, mütəxəssis rəhbər vəzifəyə irəli çəkildikdə, idarəetmə və təşkilati işlər onun vaxtilə yiyələnmiş olduğu və illər boyu cilaladığı spesifik vərdişlərini tədricən korşaldır, hətta lazımsız hala gətirir.
Füzuli rayon səhiyyəsi onilliklərdir ki, Şükürovlar nəslinin əsarəti altındadır. Belə ki, hazırda Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi olan Natiq Şükürov Füzuli Müalicə – Diaqnostika Mərkəzinin sabiq baş həkimi Cümşüd Məmmədov vəzifəsindən kənarlaşan kimi o vaxta qədər Horadiz xəstəxanasına rəhbərlik edən qardaşı oğlu Şaiq Bəhmən oğlu Şükürovun Mərkəzə direktor getməsinə nail oldu. Bununla da Diaqnostika Mərkəzində ab-hava dəyişdi. Amma mənfiyə doğru.

Şaiq Şükürov eləmə tənbəllik, rəhbərlik etməyə başladığı Mərkəzdə zəif bildiyi işçiləri sıxışdırmağa, kənarlaşdırıb yerinə başqalarını oturtmağa girişdi. Əlbət ki, onunla hesablaşanlara geniş medan verdi. Ən önəmli tədbiri bu oldu ki, Vüqar Bağırzadəni poliklinika şöbəsinə rəhbər təyin etdi. “Diqqətəlayiq” daha bir addımı da tibbi savadı yerində olmayan laborant Lalə Sabirlini laboratoriya müdiri vəzifəsinə irəli çəkməsi oldu. Bu vəzifə də nə imiş, ay aman! Bu vəzifəni daşıyan şəxsin əmmək haqqı necə də yüksək imiş! Gənc xanım qısa zaman kəsiyində “Rance Rover” markalı maşına mindi, Əhmədbəyli “Dörd Yol”unda böyük gözəllik salonuna yiyələndi, “Qayıdış” qəsəbəsinə dönən yolda iki mərtəbəli nəhəng otel inşa etdirməyə başladı.

Şaiq – Vüqar – Lalədən ibarət trio Diaqnostika Mərkəzində külli-ixtiyarlarından sui-istifadə edib zəhmətkeş həkimləri, tibb bacılarını, texniki personalın üzvlərini “gözümçıxdıya” salıblar. Zavallı xadimələr də bu alçaldıcı diskriminasiya siyasətindən ziyan çəkirlər. Hətta imtiyazlı qəbildən olanlara da güzəşt etmirlər. Ələlxüsus da Vüqar Bağırzadə qəddarlıqda və gücünü arvadlara göstərməkdə vurub Qəmlonu keçib. Deyilənə görə, Qarabağ müharibəsi veteranları onda allergiya doğurur.

Etibarlı mənbə bildirir ki, Şaiq Şükürovun DM-ə baş həkim vəzifəsinə təyinat alması ona və əmisinə hardasa 170 min manata başa gəlib. Sonradan bu yükün 10 min manatı Lalə Sabirlidən alınaraq azalıb. İndi Füzuli rayon ictimaiyyətini, eləcə də bütün tərəqqipərvər rayon vətəndaşlarını bir sual düşündürür: Görəsən, rayon səhiyyəsinə rəhbərlik etmək hüququ elə Şükürovlar sülaləsinə məxsusdurmu? Bu sülalənin başqa bir nümayəndəsi Zobucuq qəsəbə xəstəxanasına hökmranlıq edir. Natiq Şükürovun oğlu da Tibb Universitetinin tələbəsidir, atasının, əmilərinin yolunu davam etdirmək fikrindədir. Bu yol isə korrupsiya yoludur.

Ardı var…

RealMedi.az

Yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


Tarix: 6-12-2019, 22:06
Xəbəri paylaş





Xəbər lenti