“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Zaqatala Dəmiryolu Stansiyası yararsız vəziyyətdədir.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, stansiyanın ancaq dam örtüyü təmir edilib.
“Stansiyanın içi buz kimidir, işıqlandırma da yoxdur. Azərbaycan ancaq Bakıdan ibarət deyil. Platformada da insanı birinci sahibsiz itlər qarşılayır. Bu stansiyanı normal təmir etmək olmazdımı?
Stansiya şəhərdən 9 km aralıdır, stansiyaya da taksidən başqa heç nə ilə gəlmək mümkün deyil. Nə üçün stansiyaya avtobus ayrılmayıb? Qatarınızda suyun olmaması və qatarınızın 1 saat 37 dəqiqə gecikməsi də başqa dərddir”,-deyə Eldar Hacı bildirib.
Stansiyanın xeyli sayda ştat cədvəlində işçi olsa da, videogörüntüdə stansiyanın əməkdaşlarına rast gəlinmədiyi məlum olur. O da bəlli olur ki, binanı içindəki gözləmə zalında nə oturacaq var, nə də otura bilinəcək yer.
Məlumata görə, yalnız qatar gəlib-gedən zaman insanlar stansiyaya gəlirlər.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə informasiya sorğusu göndərilib.