Ağdamda ƏLİL taleyi yaşayan “Əlillər binası” - “Balaxanı zibilliyi”ni xatırladan...

 

"Binanın hər tərəfindən xəstəlik yağır. Körpə blalarımız bu zibillikdə çıxıb oynayırlar. Hər tərəf "Balaxanı zibilliyi”nə dönüb. Kanalzasiya ağzımızın içindədir. Hərdən daşıb  bərbad günə qoyur evlərimizi. Az qalırıq evimizi yığıb küçəyə tökək... Belə diqqətsizlik, belə biabrçılıq olmaz. Dərdimzi kimə deyək bilmirik...” - deyir, Şöhrət Qarayev. 

Şöhrət Qarayev Qarabağ Müharibəsi əlilidir. O Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bir ayağını itirib. 2014-cü ildə ailəsi ilə bilikdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Quzanlı qəsəbəsində inşa edilmiş bu binada yaşayır. Özünün qeyd etdiyi kimi əgər buna yaşamaq demək olarsa...

"İçməli suyu kənardan daşıyıb gətiririk. Məişət suyu problemimiz isə təzəcə həll edilib. Su borularında baş verən sızmalar mənzillərin divarlarını bərbad günə salıb. İki dəfə mənzilimi təmir etdirmişəm. Amma yenə həmin günə düşüb. Mətbəx və hamam istifadəyə yararsız haldadır. Dəhlizin döşəməsi budur göz önündədir...” – Şöhrət Qarayev...

Mənzilin döşəməsi kanalzasiyanın dəfələrlə daşıb evlərə dolmasına görə tamamı ilə sıradan çıxaraq keyfiyyətini itirib. Kanalzasiya demişkən ümumilikdə binanın kanalzasiya sistemi binadan cəmi 50-56 metr kənardakı arxa axıdılır. Çirkab sular həmin kanalın ətrafında şişib gölməçələr əmələ gətirib ki, bu da ərazini üfunətə qərq edir. Sakinlər bilidirir ki, yay aylarında binanın çölündə dayanmaq mümkün olmur. 

Kanalzasiya sisteminin təmir edilməsi məqsədi ilə əraziyə xeyli boru gətiriblər. Sakinlər isə həmin boruların xeyli müddətdir orada olduğunu və günü gündən azaldığını bildirir. 

"Özünüzün də gördüyünüz kimi binanın dibində çökmələr var. Həyətin daş döşəməsi tamamı ilə sıradan çıxıb. Qısa müddət ərzində binanın bu hala düşəməsi tikintiyə sərf edilən keyfiyyətsiz materiallarla bağlı ola bilər...” – deyə Qazi Şöhrət Qarayev vurğulayır.

6 mərtəbəli, 54 mənzildən ibarət bina yuxarıda qeyd olunduğu kimi 2014-cü ildə istifadəyə verilib. Sakinlər dəfələrlə binada baş verən çətinliklərlə bağlı yerli icra hakimiyyəti orqanlarına müraciət etsə də, onlar ürəkaçan cavab almadıqlarını bildiriblər: 

"İcra hakimiyyətinə gedib müraciət etmişik. Oradan bizə dedilər ki, bina Ağdam rayon icra hakimiyyətinin yox, Əmək və Əhainin Sosial Müdafiyə Nazirliyinin balansındadır. Sonra biz həmin nazirliyə müraciət etdik. Oradan bizə göndərilən rəsmi məktubda binanın 13 yanvar 2015-ci il tarixli 11/9-03 saylı sərəncama əsasən Ağdam rayon İcra Hakimiyyətinin balansına verildiyi bildirilib. İndi qalmışıq havada, heç kim səsimizə səs vermir. Sonuncu dəfə icra başçısı bizə "gedin evin kirayə verən əlillərdən pul alıb düzəltdirin” dedi.” – deyə Şöhrət Qarayev sözünə davam edir.

"Əlillər binası” adlandırılan binanın özünün də əlil talehi yaşamasına hələ ki, göz yumulur. Ancaq onu da nəzərinizə çatdıraq ki, 54 mənzilin cəmi 13-də Qarabağ Müharibəsi əlili və şəhid ailəsi yaşayır. Qalan mənzillər isə sahibləri tərəfindən kirayəyə verilib. Hətta sakinlər onu da vurğulayır ki, mənzil sahibləri arasında heç bir döyüş əlilliyi olmayanlar onların təbirincə desək "saxta əlillər” də var. 

Sakinlər düşdükləri çətin vəziyyətdən çıxmaq üçün ölkə rəhbərinə video müraciət edəcəklərini bildirirlər. 

Elgün Gəncimsoy, 
Miq.az
Tarix: 19-12-2019, 15:09
Xəbəri paylaş





Xəbər lenti