“Koroğlu” dastanında məşhur bir epizod var. Bir gün dəlisi Tanrıtanımazı “əməliyyat”a göndərən Koroğlu ona tapşırır:
-Birdən bilməzsən, tanrıtanızmazlıq edərsən.
Dəlisi isə ona maraqlı cavab verir:
-Mən Tanrını tanımasam da, Koroğlunu yaxşı tanıyıram.
Nə yazıq ki, Azərbaycanın müasir tanrıtanımazları ölkə başçısının son zamanlar məmur özbaşınalığına qarşı mübarizəsindən də istənilən nəticəni çıxarmırlar. Görünən budur ki, Ağstafa icra başçısının aqibəti belə onları yetərincə islah etməyib. Ovqat.com-a Göyçaydan göndərilən şikayət məktubundan belə çıxır.
Qısa arayış
Bir ölkə o zaman inkişaf edər ki, onun iqtisadiyyatı şaxələnsin, müxtəlif sahələrlə məşğul olan iş adamları bərabərhüquqlu rəqabət imkanı qazansın. Azərbaycanda isə bütün iqtisadi sahələr iri məmurların əlindədir və onlar inhisara götürdükləri sektorda rəqib tanımırlar. Nəticədə ölkə iqtisadiyyatı rəqabət imkanını itirir və inkişafdan geri qalır. Xüsusilə də cəzasızlıq mühiti intəhasız məmur özbaşınalıqlarına yol açdığından Azərbaycan getdikcə qədim dövrlərin quldarlıq quruluşuna doğru sürüklənir.
Ən acınacaqlı vəziyyət isə rayonlarda müşahidə edilir. İcra başçılarının bütün təsərrüfatları öz əllərində cəmləşdirməsi rayonlarımızda özbaşınalıqların baş alıb getməsinə səbəb olur. Rayonları inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, sahibkarlara dəstək vermək əvəzinə, dövlət büdcəsindən ayrılmış vəsaitləri misli görünməmiş acgözlüklə talayan icra başçıları qanunsuz əldə etdikləri kapitalı vətəndaşlarımızın amansız istismarına yatırır, bununla da öz təyinatlarının ziddinə fəaliyyət göstərirlər.
Göyçaydan redaksiyamıza göndərilən bir şikayət məktubu da bu həqiqətdən bəhs edir. Şikayətçinin iddialarına görə, əslən Göyçaydan olan Saatlı rayon icra başçısı Nazim İsmayılov taladığı dövlət vəsaiti hesabına Göyçayda ticarət mərkəzi tikir. 300-dən artıq mağazanı rayonun kiçik sahibkarlarına pul satan dövlət məmuru, üstəlik, hər ay onlardan kirayə haqqı yığır. Bununla da kifayətlənməyib kiçik sahibkarlara satdığı mağazanı təkrar hərraca çıxarır. Mağazanın əvvəlki sahibkarına isə hara istəyirsə, şikayət etmək hüququnun olduğunu bildirir. Dolayısıyla son zamanlar məmur özbaşınalıqlarına qarşı mübarizəyə start verən Prezident İlham Əliyevdən də çəkinmədiyini ortaya qoyur. Halbuki, ölkə qanunvericiliyinə görə, icra başçılarının ümumiyyətlə ticarətlə məşğul olmasına icazə verilmir.
Cəzasızlıq mühitinin yaratdığı özbaşınalığın miqyasını daha aydın görmək üçün redaksiyamıza ünvanlanan məktubu kiçik redaktə fərqilə təqdim edirik. Ümidvarıq ki, müvafiq qurumlar yetim haqqına təcavüz edən icra başçısı barədə lazımi ölçü götürəcəklər.
“Göyçay rayonu Qarabaqqal kənd sakini Quliyeva Cəmilə Niyazi qızı tərəfindən
ŞİKAYƏT
Əslən Göyçaydan olan Saatlı rayon İcra hakimiyyəti başçısı Nazim İsmayılov və qardaşı Namiq bizim ailəyə məxus mağazanı saxtakarlıqla başqa şəxsə satıb bizi aldadıblar.
Belə ki, mərhum həyat yoldaşım Mikayılov Məcid Məhəmməd oğlu 15 il əvvəl Göyçay şəhərinin Nizami küçəsi ərazinsində yerləşən Saatlı rayon icra başçısı Nazim İsmayılova məxsus “Ticarət Mərkəzi” adlı paltar bazarından yer alıb öz vəsaiti hesabına mağaza inşa etdirdi. Həmin yeri ona bazarın rəhbərliyi satmışdır. 15 il orada sahibkarlıq fəaliyyəti ilə məşğul oldu. Həmin mağazanı öz vəsaiti hesabına inşa etdirsə də, ayda bazarın rəhbərliyinə hər ay yer pulu adı ilə 250 manat pul ödəyirdi.
Həmin bazar icra başçısı Nazim İsmayılova məxsus olsa da, rəhbərliyi qardaşı Namiq İsmayılov edir. Həmin paltar bazarında təxminən 300 dən çox mağaza var. Hər bir sahibkarla özlərinin tərtib etdikləri icarə müqaviləsi bağlayıblar.
Onu da qeyd edim ki, oradakı mağazaların hamısını işlədən sahibkarlaq öz vəsaitləri ilə inşa ediblər və hər ay biznesmen icra başçısına yer pulu ödəyirlər.
Həyat yoldaşım Mikayılov Məcid Məhəmməd oğlu xəstə olduğu üçün bir müddət həmin mağazanı işlədə bilmədi, 24.01.2017-ci il tarixdə ürək xəstəliyindən dünyasını dəyişdi. Başımız onun yas mərasiminə qarışdı və mağazayla bir müddət maraqlanmadıq. Oğlum işsiz olduğu üçün istədi ki, atasının mağazasını işlətsin, həmin vaxt direktor Namiq İsmayılov ona dedi ki, atan ölməmişdən əvvəl mağazanın pulunu verib ondan almışıq.
Mən bunun yalan olduğunu bilib ona iradımı bildirib dedim ki, “almısınızsa hansı sənədə imza edibsə təqdim edin”. Cavabında isə bizə dedi ki, “narazılığınız varsa gedin məhkəməyə müraciət edin”.
İcra başçısının qardaşı Namiq İsmayılov bizi məhkəməyə ona örə yönəldir ki, oğlu Natiq İsmayılov Göyçay rayon Məhkəməsində işləyir. Həm də Göyçay şəhərindəki villalarının birini pulsuz qalmaq üçün Göyçay rayon məhkəməsinin sədri Zəfər Quliyevə veriblər. Həmçinin bazarın faktiki sahibi biznesmen icra başçısı Nazim İsmayılovun kəsdiyi başa sorğu-sual yoxdur.
Qeyd edim ki, icra başçısı Nazim İsmayılova məxsus olan həmin “Ticarət Bazarı” adlı paltar bazarında 300 dən çox mağaza olsa da, heç birində kassa nəzarət aparatı yoxdur, işçilərlə əmək müqaviləsi bağlanmayıb, sığorta edilməyib, istifadə edilən işığa görə elektirik sayğacı yoxdur. Hər bir mağazadan ayda 250-300 manat yer pulu yığılır. Biznesmen Nazim İsmayılov belə saxtakarlıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vursa da onlara gözün üstə qaşın var deyən yoxdur.
Heç bir aidiyyatı orqan orada təftiş apara bilmir. Çünki bazarın sahibi biznesmen icra başçısı Nazim İsmayılovdur.
Həmçinin onu da qeyd edim ki, icra başçısının qardaşı Namiq İsmayılov uzun müddət idi ki, Göyçay rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində işləyirdi. Bu ilin avqust ayı tarixində nazirliyin apardığı yoxlama nəticəsində 400.000 manat vəsaiti mənimsəməsi faktı aşkarlandı deyə onu işdən çıxardılar. Biznesmen icra başçısı Nazim İsmayılov burada da özünü göstərib cinayət törətmiş qardaşının həbsinin qarşısını alıb onun Ucar rayon Məşğulluq Mərkəzinə müdir müavini vəzifəsinə təyin etdirə bildi. Ancaq Namiq İsmayılov həmin vəzifəni bəyənməyib işə getmədi və öz ərizəsi ilə işdən çıxdı.
İndi bu saxtakar, talançı, biznesmen icra başçısı Nazim İsmayılov və onun qardaşı Namiq İsmayılov həyat yoldaşımın vəfat etməsindən sui-istifadə edib bizim ailəyə məxsus mağazanın dalına keçib başqa şəxsə satıblar. Bunlar o qədər həyasızlaşıblar ki, ölmüş şəxsin adından utanmadan yalan danışırlar.
Mən Göyçay rayonu Hacılıkənd kənd tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyirəm.
Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm mənə kömək edin, həyat yoldaşımın ölməsindən istifadə edib mağazamızı ələ keçirib başqa şəxsə satmış icra başçısı Nazim İsmayılovun və onun qardaşı Namiq İsmayılovun barəsidnə ciddi tədbirlər görəsiniz.
Əlaqə telefonu; (050) 737-66-73”
Ovqat.com-un əlavəsi
Zənnimizcə, digər iri məmurlar kimi, Nazim İsmayılovun da öz soydaşlarının başına gətirdiyi bu müsibətlərin bir səbəbi var. O da öz taleyini böyüdüyü ölkədə yox, xarici dövlətlərdə yaşamaqda görür. Ümumiyyətlə Azərbaycanı idarə edən korrupsioner məmurların hamısı bu ölkəyə vətən kimi yox, işğal olunmuş yad məmləkət kimi baxırlar. Məhz bu səbəbdən də bacardıqları qədər talayır və əldə etdikləri sərvəti başqa ölkələrin iqtisadiyyatına yatırırlar. Mətbuatda dərc olunan yazılardan anlaşılır ki, Nazim İsmayılov da bu cür düşünən məmurlardandır. Onun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü üzə çıxması da bu mənada təsadüfi deyil.
Demokrat.az-ın üzə çıxardığı məlumatda deyilir:
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü üzə çıxıb.
Demokrat.az xəbər verir ki, başçı oğlunun şirkəti və mülkü Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun "North York” bölgəsində yerləşir.
Anar İsmayılovun mülkünün 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində olduğu bildirilir.
Qeyd edək ki, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlının icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad rayonlarını idarə edən və hazırda Saatlının icra başçısı vəzifəsini tutan Nazim İsmayılovun mülkləri barədə ölkə mətbuatda məlumatlar dərc olunub. Həmin məlumatlarda qeyd olunur ki, icra başçısının Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri var.