ASİF MƏRZİLİ AĞDAMDAKI SEÇKİ QANUNSUZLUĞU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDƏCƏK-YENİLƏNİR
«Cənab Prezident! Özü-özünün fəaliyyətsizliyinə səs vermiş Bəxtiyar Əliyevi Ağdamdan 5-ci dəfə deputat təyin etmək istəyənlərin qarşısını alın!»
İki dəfə Ağdamdan Milli Məclisə seçkilərdə iştirak etmiş keçmiş deputatlığa namizəd, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Ağdam seçicilərinə müraciət edib. Təəssübkeşliklə yazılmış müraciəti təqdim edirik:
"İstəkli Ağdamlılar! 4 dəfədir (20 il) Ağdamdan deputat təyin edilən Bəxtiyar Əliyev 5-ci dəfə, yəni 25-ci ilə də deputat olmaq üçün118 saylı Dairədən(şəhər) namizədliyini verib. Dünən, dekabrın 25-də Ağdamda idim, çoxsaylı tanınmış şəxslərin xahişi və müraciətlərini, eləcə də bəzi köhnə təfəkkürlü şəxslərin davranışını, ərazisinin bir hissəsi işğal edilsə də, şərəf və ləyaqətini həmişəki kimi qoruyub saxlamış bir rayonun adı ilə alver etmək istəyənlərin niyyətini görəndən sonra 118 saylı Ağdam Seçki Dairəsindən namizədliyimi verməyi düşünürəm. Amma... Və lakin! Dünən rastlaşdığım bəzi hadisələr qanımı it qanına döndərdi. Bəxtiyar Əliyev namizədliyimin qeydə alınmaması üçün əlindən gələni bəzi məmurların əli ilə etmək istəyir. Prezident İlham Əliyevin seçki iradəsinin əleyhinə gedən bu şəxslər bilsin ki, Azərbaycan yeni təfəkkürlülərlə islahatlara gedir və od ilə oynamasınlar. Mən hələki aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq istəmirəm. İstəmirəm ki, keçmişdən miras qalmış həmin köhnə təfəkkürlülər Prezidentin min bir əziyyət və risqlərlə həyata keçirdiyi islahatlarının üzərinə kölgə salsın, ictimaiyyətin gözündən salsın. YAP rəhbərliyinə, ölkə başçısına müraciət hazırlamışam və hələ də Ağdamın, eləcə də bütövlükdə islahatlarımızın başı üzərində dolaşan bu kabus barədə hamını məlumatlandırmağı özümün vicdan və ləyaqət borcum hesab edirəm. Şəxsən mən yol verə bilmərəm ki, 20 illik fəaliyyətsizliyinə, yəni zay məhsul olduğunu etiraf edənlər indi də Ağdamlıları bu «zay məhsul»u yeməyə məcbur etdirsinlər!
İstəkli Ağdamlılar! Kimi istəyirsiniz seçin və kim istəyir namizədliyini versin, mən həmin layiqli namizədə dəstək verəcəyəm! Dünən mənə də sual verirdiniz ki, Bəxtiyar Əliyev və onu dəstəkləyən Filankəs müəllimlər, Ağdamlıları nə hesab edirlər??? Mən də sizə sual edirəm: nə vaxta kimi yuxarıdan təyinatlar olacaq, Ağdamlıların hissiyatı ilə oynayacaqlar? Və kim ixtiyar verib ki, bu bəzi məmurlar Prezident İlham Əliyevin seçki siyasəti ilə zarafat etsin??? Neçə gün əvvəl həbs edilən yüksək ranqlı məmurların taleyindən nəticə çıxarmamısınız? Nə istəyirsiniz bu düşməni onsuz da çox Azərbaycandan, bu ölkənin rəhbərindən, vətəndaşlarından???
Mənim namizədliyimin qeydə alınmasına süni, naşı, çiy problemlər yaratmaq istəyən məmurlardan cavab gözləyirəm. Əks halda ölkə başçısına və YAP rəhbərliyinə, Azərbaycan ictimaiyyətinə, MSK rəhbərliyinə müraciətim olacaq!
Azərbaycanın parlaq gələcəyinə təəssübkeşliklə:
Asif Mərzili,
Ağdam rayonunda doğulmuş, rayonun hələki işğal altında olan Mərzili kəndində orta məktəbi bitirmiş, Ali təhisilli, 2 dəfə deputatlığa namizəd Azərbaycan vətəndaşı".
***
«Cənab Prezident! Özü-özünün fəaliyyətsizliyinə səs vermiş Bəxtiyar Əliyevi Ağdamdan 5-ci dəfə deputat təyin etmək istəyənlərin qarşısını alın!», -xahişli müraciət təqdim ediləcək.
SƏBUHİ
Tarix: 26-12-2019, 21:02