Gənc jurnalist ölkə başçısına müraciət etdi: "Ağdamda baş verən özbaşınalıqla bağlı ..."
Cənab Ali Baş Komandan, hörmətli dövlət rəhbərimiz, cənab Prezident!
Sizin və ölkəmizin vitse prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi Facebook səhifələrində dostluğum olduğu üçün bu müraciətimi açıq şəkildə yazıram.
Möhtərəm Prezident! Sizin şəxsən iki dəfə görüşdüyünüz (bir dəfə səngərdə bir dəfə Bakıda) və iki dəfə şəxsi imzanızla qiymətləndirdiyiniz Azərbaycan zabiti, əslən Ağdam rayon Qərvənd kəndindən olan, ehtiyatda olan polkovnik-leytenant Eldəniz Hüseynov parlament seçkilərinə namizədliyini vermək üçün öz sənədlərini 119 saylı seçki dairəsinə təqdim edib. Sənədlərin qəbul edilməsində bir sıra xırda problemlər yaradıldı. Şəxsən mənim iştirakımla baş verənləri qaydasına saldıq... Hər şeyin qaydasında olduğu bir vaxtda vətəndaş Eldəniz Hüseynovun qapısına bir qrup şəxs gələrək onu namizədlik vermək üçün təqdim etdiyi sənədləri geri götürməyə təqid ediblər. Hətta ona rayon icra hakimiyyəti başçısının və seçki dairəsi sədrinin adından bildiriş ediblər.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Mən sizin, ölkə vətəndaşları haqqında etdiyiniz çıxışları izləyir, daim o çıxışları gənclərə təbliğ edirəm. Sizin demokratiya və vətəndaş hüquqlarına daha çox diqqət ayırdığınız halda Ağdam rayonunda dövlət məmuru olan bir qrup şəxsin gecə saatlarında vətəndaşın qapısına gedib onun şəxsi qərarına müdaxilə etməsi sizə xəyanət olmaqla həm də Dövlət qanunlarına ziddir. Hansı ki Eldəniz Hüseynov 2016-cı ildə düşmən təxribatının qarşısının alınması üçün sizin verdiyiniz əmrə tabe olaraq artilleriya komandanı kimi cəbhənin Tərtər rayonu istiqamətində cəsarətlə döyüşmüş, düşmənə ağır itkilər vermiş, yüngül yaralanmış , sizin əmrinizə sözsüz tabe olaraq qalibiyyətimizdə pay sahibi olmuşdur. Həmçinin bütün bu baş verənlər sizin nəzərinizdən qaçmamışdır. Siz həmin Vətən övladını qiymətləndirmisiniz...
Bütün bunlar haqqında sizə açıq məktub yazmaqda məqsədim odur ki xalqımızın dəyərli övladı olan , polkovnik-leytenant Eldəniz Hüseynovun təhlükəsizliyinin təmin edilməsi üçün zəruri göstəriş verəsiniz. Çünki Ağdam rayon icra hakimiyyətinin Qərvənd kənd üzrə icra nümayəndəsi Zakir adlı, və sözügedən ərazidə bələdiyyə numayəndəsi olduğu deyilən Ələmdar adlı şəxs başına yığdığı dəstə ilə (Təxminən 5 nəfərdən ibarət) birlikdə komandirin evinə (gecə saatlarında) gedərək ona psixoloji təzyiq və təsir göstərərək vətəndaş hüquqlarını pozurlar. Xüsusi ilə də həmin şəxslər seçki dairəsi sədri və Ağdam rayon icra hakimiyyəti başçısı adından çıxış edirlər.
Cənab Prezident!
Azərbaycan respublikasının vətəndaşı kimi sizdən artıq dərəcədə xahiş edirəm ki rayonumuzda baş verən özbaşınalıqla bağlı lazımi ölçü götürülməsi üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.