Leriki onlar bərbad günə salıblar... - GİLEY


«Dəryaz»qəzetinin redaksiyasına SSRİ və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı,
Sabiq dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü, Lerik rayon sakini İlham İbadov tərəfindən müraciət daxil olub.Həmin müraciəti olduğu kimi dərc edirik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti Mehriban xanım Əliyevaya
Surəti: “Dəryaz» qəzetinin redaksiyasına
AÇIQ MƏKTUB

BU DAŞ, BU TƏRƏZİ:
Çox hörmətli cənab Prezident!
Hörmətli Baş redaktor!
Mən Lerik rayon İcra Hakimiyyəti başçısının kin və küdurətlə dolu olan
hərəkətləri haqqında, onun qisasçılığı ilə əlaqədar müəyyən faktları Sizin nəzərinizə
çatdırmaq istəyirəm. Mən 2009-cu ildə Lerik şəhərinin mərkəzində ev almışam və
orada yaşayıram. Bu olub düz 10 il əvvəl. Bu il isə sentyabr ayının 24-də mən
Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov cənablarının
qəbulunda olmuşam. Qəbul prosesində bir neçə əlavə general və polis rəisi iştirak
edirdi. Mən ölkə Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü direktivləri nəzərə
alaraq Lerik rayon İcra Hakimiyyətində baş verən korrupsiya hərəkətləri ilə bağlı
geniş və əhatəli məlumat verdim. İnsafla desək, nazir məni çox yüksək səviyyədə
qəbul etdi. Həmin qəbuldan razı qaldım. Bir daha qeyd etmək istəyirəm ki, qəbulda
mən nazir ilə təkbətək olmamışam. Çoxlu rəsmi şahidlərim var. Lakin səhəri gün
mənim 2009-cu ildən aldığım ev zorla, qərəzkarlıqla, intiqam hissi ilə əlimdən alınıb.
Fakt: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə Lerik
rayonundan ötürülən məlumatda qeyd olunur ki, rayonun Züvüc kənd sakini İlham
İbadov. Bəli, mən Lerik rayonunun Zühüç kəndində anadan olmuşam. Hazırda Lerik
şəhərində yaşayıram və orada pasport qeydiyyatındayam. Həyat yoldaşım da eləcə.
Mən bilmək istəyirəm ki, insan gərək nə qədər savadsız ola, yaşayış yeri ilə doğulan
yeri araşdıra bilməyə. İkinci bir fakt: Yenə həmin Mətbuat Xidmətinə ötürülən
məlumatda qeyd olunur: İlham İbadovun yaşamasını təsdiqləyəcək hər hansı bir sənəd
mövcud deyil. Bu, lap ağ yalandır. İcra Hakimiyyəti öz 5 rəsmisinin imzaladığı
sənəddən xəbəri yoxdur. Bu, nə deməkdir? Məncə, bu savadsızlıqla yanaşı,
qisasçılığın, intiqam hissinin və hərki-hərkiliyin son həddi deməkdir.
Mən hadisə ilə bağlı “Azadlıq” radiosuna müraciət etmişdim. Orada 21 oktyabr
2019-cu il tarixində gedən yazıya yenə də Lerik rayon İcra Hakimiyyəti başçısının
müavini Habil Məlikov cavab yazır: “İlham İbadova o ev müvəqqəti yaşamaq üçün
verilmişdi. Əvvəl o, iki otaqlı mənzildə yaşayırdı, şəhərin mərkəzində. Başçı Neft
Şirkəti tərəfindən inşa edilmiş binadan ona üç otaqlı mənzil verdi, o şərtlə ki, iki
otaqlı mənzili təhvil versin. O, iki otaqlı mənzili təhvil vermədi…” Yenə də təəccüb və
təəssüf hissi adamı narahat edir. Adam fikirləşir ki, bir sənədi özün imza edəsən,
sabah da ona qondarma qoyasan, əks fikir söyləyəsən!
Daha bir məsələ. Mən bu hadisə baş verən kimi Lerik rayon İcra Hakimiyyəti
başçısının şəhər üzrə nümayəndəsi rəhmətlik Kamaddin Məstiyevlə əlaqə saxladım.
Bu məsələnin nə üçün baş verməsini soruşdum. Əvvəlcədən bir məsələni də qeyd
edim: Biz mərhum Kamaddin Məstiyevlə yaxın qan qohumuyuq. Bir az ərklə, bir az
da rəsmiyyətlə ondan tələb etdim ki, məhkəmə qətnaməsi, qərar və digər bir rəsmi

sənəd olmadan, siz mənim evimi hansı əsasla tar-mar etmisiniz? Özü də mənim
əşyalarım orada qala-qala?
Lerik rayon İcra Hakimiyyəti mənimlə açıq-aşkar qərəzçilik edir və intiqam hissi
ilə addım atır. Mən hadisələrin başlanan günündən Lerik rayon İcra Hakimiyyəti
aparatına və rayonun hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Hətta
Azərbaycan Respublikasının Milli Məclisinin rəhbər orqanlarına yazılı, şifahi və
teleqramla müraciətlər etmişəm. Bu günə kimi əsaslı tədbir görülməyib. Elə məsələlər
var ki, onları açıb-ağartmaq, mətbuat səhifələrində mümkün deyil. Ən əvvəl ona görə
ki, mətbuatda etik qaydalara, mətbu etikasına riayət edilməlidir. Axı, mətbuat hər
şeydən əvvəl tərbiyə məktəbidir. Mən də bir ziyalı olaraq bütün bunlara riayət etmək
istəyirəm. Lakin bölgələrdə elə rəhbərlər var ki, bu etik qaydalara məhəl qoymağa
imkan vermirlər.
Lerik şəhərinin meri artıq həyatda yoxdur. Allah o dünyasını versin. Lakin
adının çəkilməsini istəməyən bir ziyalının dediyinə görə, o, gündüz İcra başçısı ilə
kəskin mübahisə edib. Axşam saatlarında isə dünyasını dəyişib.
Bu gün bir məsələni açıq-aşkar vurğulamaq istəyirəm. Biz və bizim ailə həmişə,
hər vaxt dövlətə və dövlətçiliyə sadiq olub. Son vaxtlar ailəmizə qarşı aparılan
təxribat kampaniyası bizi zorla müxalifət cərgələrinə sürükləməyə məcbur edir. Lakin
biz hələ də dözür, bu olaylara qarşı ciddi müqavimət göstəririrk. Dövlət Başçısı deyir
ki, yerlərdə icra orqanlarının rəhbərləri vətəndaşlara qayğı ilə yanaşmalı, onlara
hörmətlə, diqqətlə məmur qayğısı göstərməlidirlər. Lakin biz Lerik rayon İcra başçısı
tərəfindən hüquqlarımızın pozulmasını görürük. Onlar bizi gözümçıxdıya salır,
haqqımızın, hüquqlarımızın tapdanmasına rəvac verirlər.
Mən baş verən olaylarla əlaqədar olaraq hələ bu ilin iyun ayından Azərbaycan
Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət
etmiş, vəziyyəti onlara vaxtında çatdırmışam. Lakin bu günə kimi əsaslı tədbir
görülmür. Boş vədlər verən, hüquqlarımızın bərpa olunacağını deyənlər çoxdur. Real
iş görən isə tapılmır. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq hal-
hazırda bizim ailəni bir məsələ narahat edir: Nədən və kimlər bizi zorla müxalifət
cərgəsinə qoşmaq istəyir? Bu istiqamətdə iş görənlərin dəyirmanına bununlamı su
töküləcək? Bütün bunlar bir yana. Ucqar dağlıq rayonu olan Lerik Müsəlman
dünyasında Allaha yaxın bir ərazi sayılır. Əzab-əziyyətimiz olsa da, sonda Ulu Tanrı
bizim xeyirimizə qərarlar verir. Ona görə ki, biz düz yoldayıq. Heç kəsə sataşmırıq.
Haqq yolumuzdan da dönmürük. Yəqin ki, elə bu xüsusiyyətlərimizə görədir ki,
məğlub olmaq missiyası bizdən uzaqdır. Bir el məsəli var: “Min fırıldağı bir düzlük
kəsir”. Mən də buna inanıram.

İlham İbadov. Lerik rayonu,SSRİ və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı,
Sabiq dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü.
Əlaqə telefonu: 050-673-45-45.

Mövzuya qayıdacağıq.
Tarix: 28-12-2019, 14:54
Xəbəri paylaş





Xəbər lenti