65 yaşlı Mirbala Yolçuyev özü Oğuzun Qarabulaq kəndinin sakini olsa da, Ağdaşın icra başçısından narazıdır. Deyir ki, Tofiq İbrahimov ona bir parça çörək qazanıb, ailəsini dolandırmağa imkan vermir.
"Dolanmağa imkan vermirlər”
Mirbala Yolçuyev 16 yaşından heyvandarlıqla məşğuldur, uzun illərdir Ağdaş ərazisindəki qış otlaq sahəsində sürü ilə xırdabuynuzlu heyvan saxlayır: "1971-ci ildən heyvandarlıqla dolanırıq. Bu illər ərzində qazancım yaratdığım təsərrüfat, bir də halal çörəyimdi. Buna da imkan versələr...”
Kənd sakini deyir ki, hazırda heyvan saxladığı örüş sahəsi kollektiv təsərrüfat dövründən qalıb. Kolxoz ləğv olunandan sonra 1996-cı ildə qardaşlarıyla birlikdə fermer təsərrüfatı yaradıb: "Püşkatma oldu, mənim püşkümə düşən ərazidə heyvandarlıqla məşğul olurduq. 2001-ci ildə Oğuz Rayon İcra Hakimiyyətinin sərəncamı ilə həmin ərazidən 200 hektar torpağı 15 illik icarəyə götürdüm. Bu müddətdə yenə işlədim, təsərrüfatımı böyütdüm. 2006-cı ildə Nazirlər Kabinetinin qərarıyla həmin torpağın sərəncamı Ağdaş Rayon İcra Hakimiyyətinə verildi”.
Fermerin sözlərinə görə, 2016-cı ildə icarə müddəti başa çatanda yeni müqavilə üçün Ağdaş Rayon İcra Hakimiyyətinə üz tutub. Etiraz etməyiblər, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məktub göndərilib ki, həmin ərazini yenidən bu vətəndaşa vermək olarmı? Komitə əvvəlki sənədləri də araşdırıb, müsbət rəy verib: "2017-ci ildə sənədi alanda gördüm ki, uzun illərdir istifadə etdiyim yerlə indi mənə ayrılmış yer bir-birinə uyğun gəlmir. Mənim hərəkətlərimi məhdudlaşdırıblar. Qapının ağzından sərhəd qoyublar ki, burdan aşağı sənin ərazin deyil. Guya həmin ərazi qonşu Şəkili kəndinin bələdiyyəsinə aiddir. Mən təəccübləndim ki, bu necə ola bilər? Dərhal komitə ilə əlaqə saxladım, çağırdılar. Kadastr Mərkəzində Ramiz müəllimlə görüşdüm, mütəxəssisləri çağırdı, araşdırdı, gördü ki, məndə olan sənədlər başqadı, yeni sənədlə ayrılan ərazi başqa. Yəni yeni sənəd onların verdiyi rəyə uyğun işlənməyib. Qərar çıxarıldı ki, bu sənəd ləğv olunsun. Komitənin sədri Kərəm Həsənovun da qəbulunda olmuşdum. Göstəriş verdi, dedi ki, əməkdaşlar əraziyə ezam olunsun, yeni sənəd hazırlayıb gətirsinlər”.
İcra başçısı nə deyir?
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov isə bildirir ki, Şəkili kəndinin sakinləri sözügedən ərazidəki torpaq sahələrindən istifadə etmək istəyir, buna görə etiraz edirlər. İcra başçısının sözlərinə görə, mübahisəli ərazinin şimal hissəsində 500 hektardan çox istifadəsiz qalmış dövlət fondu qış otlaq sahəsi var. Şəkili kəndinin əhalisi həmin sahədən torpaq istəyir. Bu məqsədlə də icra hakimiyyətinə dəfələrlə müraciət ediblər:
"İcra hakimiyyəti bu müraciətlərə müsbət yanaşır. Amma o torpaq sahəsinə giriş-çıxışın olmaması o ərazidən istifadəni məhdudlaşdırır. Üstəlik, uzun illərdir o ərazinin istifadəsiz qalmasına səbəb olub. Ona görə də dövlət fondu qış otlaq sahəsində yerləşən yataqdan (tikilidən) Qoşaqovaq kəndi istiqamətində 200 hektar sahənin Mirbala Yolçuyevə icarəyə verilməsini məqsədəuyğun sayırıq”.
İcra başçısı ötən il məhkəməyə məktubunda isə fərqli cavab verib. Yazıb: "Dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinə qədər uzanan 40 metr və sərhəddən sol tərəfə 300 metr enində dəhliz saxlanılmaqla, Mirbala Yolçuyevə 200 hektar torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab edirik”.