Əhmədzadə rayonu belə idarə edir... - Soyuqdan ağlayan uşaqlar, oduna pul tapmayan əhali və qazsız qalan kənd


Əhmədzadə rayonu belə idarə edir...
Azərbaycan ən zəngin təbii qaz yataqlarına sahib olsa da, habelə dünyaya “mavi yanacaq” satsa da, ölkənin daxilində xeyli sayda yaşayış məntəqələri var ki, onların əhalisi bu təbii sərvətə həsrət qalıb. Belə kəndlərdən biri də Zaqatalanın Qımır, Bazar və Çobankol kəndləridir. Qışın oğlan çağı odun sobasından istifadə edərək, qızınan insanlar bu kəndlərinbir neçə yüz metrliyindən keçən qaz borusundan nəsiblərini ala bilmirlər.

Qeyd edək ki, Zaqatalanın Qımır, Bazar və Çobankol kəndlərində toplam 10 mindən çox insan yaşayır. Dağ kəndləri də deyillər. Uzun illər əkin üçün su problemi yaşayan əhali, sonradan bu sıxıntılarını qazılmış artezian quyular vasitəsi ilə aradan qaldırıblar. Lakin uzun illərdir Qımır camaatı istilik məsələsində əsl məşəqqət yaşayırlar.

Belə ki, kənd camaatı meşədən gətirdikləri odundan, Zaqataladakı Fındıq Zavodundan aldıqları fındıq qabıqlarını yandıraraq, evlərini isidirlər. Məsələ ilə bağlı dəfələrlər aidiyyatı qurumlara müraciət edən sakinləri nə eşidən var, nə də dərdlərinə əlac qılanlar.

Sakinlər deyir ki, qış aylarında onları dərd götürür. Çünki odun və ya fındıq qabıı almaq pul istəyir ki, bu kəndlərin sakinləri də o qədər varlı olmadıqlarından ciddi sıxıntılar keçirirlər. Onların sözlərinə görə, təkcə, qış aylarında donmamaq üçün hər bir ailə orta hesabla 400 manata yaxın pul xərcləməli olur. Ona görə ki, bir maşın odun 320 manata satılır, fındıq qabığının bir maşının qiyməti isə orta hesabla 100 manata başa gəlir. Ancaq elə ailələr var ki, onların bu qədər pul xərcləmək imkanı yoxdur. Çünki Zaqatalanın bu üç kəndinin sakinləri rayonun ən kasıbları hesab olunurlar.

Camaat bildirir ki, onlar əsasən heyvandarlıq və fındıqçılıqla məşğul olurlar. Əldə etdikləri gəlirlərinin böyük hissəsini də gündəlik təlabatlarına və yanacağa sərf edirlər. Qımır, Bazar və Ççobankol sakinləri hətta ehtiyacları üzündən fərqli adətlər də özləri üçün müəyyən ediblər. Məsələn, bu kəndlərdə toylar əsasən oktyabr ayında keçirilir. Ona görə ki, oktyabr ayında sakinlər fındıqları toplayıb satırlar və əllərində pul olduqdan sonra həm özləri toy edirlər, həm də başqalarının toyunda iştirak etmək imkanı qazanırlar.

Şəhid İsgəndər Məmmədov adına orta məktəbdə isə durum daha acınacaqlıdır. Belə ki, bu məktəbin siniflərinin qızdırılması mümkün deyil. Zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş orta məktəb yenidən inşa edilib, hətta istilik sistemləri belə quraşdırılıb. Bunun üçün qazanxana da düzəldilib. Lakin qaz olmadığından həmin qazanxanada odun yandırmaqla suyu qızdırırlar ki, bu da daimi şəkildə həyata keçirilə bilmir. Çünki məktəb rəhbərliyinə də odunu limitlə verirlər və bütün qışı həmin yanacaqla keçirməkdən başqa çarəsi yoxdur. Elə bu səbəbdəndir ki, siniflərin lazımı səviyyədə qızdırılmaması qış aylarında şagirdlərin isti geyimlərdə otaqda oturması ilə nəticələnib. Palto, gödəkçədə dərs oxuyan şagirdlər soyuqdan dad-haray çəkirlər. Hətta əlləri və ayaqları üşüyən aşağı sinif şagirdlərinin soyuqdan ağladıqları da deyilir.

Əslində, bu kəndlərin təbii qaza olan tələblərinin ödənilməsi elə də dəhşətli məsələ deyil. Çünki həmin kəndlərin yaxınlığında yerləşən Muxax kəndi xeyli müddətdir təbii qazla təmin edilib. Bu kəndə gələn ana qaz xətti isə üç kəndlə Muxaxı ayıran yolun düz o biri tərəfindən keçir. Yəni, Muxaxdan keçən ana xəttdən Qımır, Bazar və Çobankol kəndlərinə qaz xəttinin çəkilməsi və əhaliyə mavi yanacağın çatdırılması dəhşətli məsələ deyil, elə dəhşətli xərc də tələb etmir. Sakinlər hətta deyirlər ki, onlar bir ildə oduna sərf etdikləri pulu bu işə məsul olan şəxslərə verməyə hazırdırlar ki, təki, kəndlərinə təbii qaz xətti çəkilsin.

Zaqatala rayon İcra Hakimiyyətindən deyirlər ki, sözügedən kəndlərin təbii qazla təmin olunması planda var. Lakin onun icrası üçün hələ ki, nə tapşırıq verilib, nə də vəsait ayrılıb. Ona görə də, kənd sakinləri bununla bağlı bir müddət də gözləməli olacaqlar.

Xatırladaq ki, sözügedən kəndlər zəlzələdən ciddi zərər görüblər. Hazırda həmin fəsadların aradan qaldırılması davam edir. 
//jamaz.info//
Tarix: 10-01-2020, 15:13
Xəbəri paylaş





Xəbər lenti