"Hamısına açıq şəkildə xəbərdarlıq edirəm və bildirirəm ki, keçmişiniz və bu gününüz, prezidendə etdiyiniz xəyanətlər ortaya qoyulacaq"
“Siz təsəvvür edin ölkə prezidenti ölkənin gələcəyi naminə parlamentin buraxılması üçün öz partiyasının təşəbbüsünü rəsmiləşdirdi. Həmin parlament əgər yararlıydısa, niyə buraxırdılar? Niyə yenidən parlament seçkilərinin keçirilməsinə zərurət yarandı?”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri, Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Hafiz Hacıyev deyib. H.Hacıyev seçkilərdə saxtakarlıq etmək istəyən bəzi qüvvələrə ciddi qəbərdarlıq edib:
“Dörd dəfə prezident seçkilərində iştirak edən Müasir Müsavat Partiyası Azərbaycanda Yeni Azərbaycan Partiyasından sonra ikinci bir partiyadır ki, bu qədər rəsmi şəkildə üzvləri var və dövlətçiliyi müdafiə edir. Bizim partiyanın fəxri sədri ölkə prezidentidir. Əgər xatırlayırsınızsa, prezident bir neçə gün işə çıxmadı, istirahət etdi, amma onda müxtəlif şaiyələr yaydılar. Onda bizim Müasir Müsavat Partiyasının rayon şəhər təşkilatları məsələ qaldıraraq prezidenti özlərinə fəxri sədr seçdilər. Siz təsəvvür edin ölkə prezidenti ölkənin gələcəyi naminə parlamentin buraxılması üçün öz partiyasının təşəbbüsünü rəsmiləşdirdi. Həmin parlament əgər yararlıydısa, niyə buraxırdılar? Niyə yenidən parlament seçkilərinin keçirilməsinə zərurət yarandı? Bu məsələləri görünür hələ hakimiyyətin daxilində olan insanlar başa düşməyiblər. Bu gün də ölkə başçısının əleyhinə işləyirlər, böyük təbliğatlar aparırlar və şəxsən mənim namizədliyim qeydə alınmış Göygöl-Daşkəsən seçki dairəsindən ümumilikdə partiyanın beş nəfər qeydə alınmış namizədi var. Həmin adamlardan biri deyir ki, parlamentdə bu günə kimi kef eləmişəm və bundan sonra da belə olacaq, həmin adam namizədliyini Bakıdan verib, adını çəkmək istəmirəm. Digəri Nəsimi rayonunu dağıdıb, indi də Balakəndən namizədliyini verib deyir ki, beş milyon pul vermişəm. Mən düşünmürəm ki, ölkə başçısının iradəsinin əksinə bu dərəcədə təbliğat işi aparsınlar. Bu gün mənə Göygöl rayon təşkilatımızdan zəng vurub deyirlər ki, YAP göstəriş verib ki, vaxtilə Heydər Əliyevin şəkilini cıran, dədəsi korrupsiyaya qurşandığı üçün yeddi il həbsdə olan bir adamın oğlunu, Əli İnsanova vəkillik etmiş bir adamı Yeni Azərbaycan Partiyası Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyini irəli sürüb. Bununla bağlı dairə seçki komissiyalarının sədrlərinə də göstəriş veriblər.
Bunlar yenə ölkə prezidentinin göstərişlərinə məhəl qoymurlar və yenə də saxtakarlıq baş alıb gedir. Onlar yenə öz çirkin əməlləriylə məşğul olmağa başlayıblar. Göygöl rayonunun əhalisinin 99 faizi qərbi azərbaycanlılardan ibarətdir. Həmin insanlar Qarabağ müharibəsində 74 şəhid veriblər. Şəxsən mənim iki əmim oğli Milli Qəhrəmandı, heykəllərini də qoyublar. Buna görə də prezidenti, dövlətçiliyi müdafiə etdiyim üçün acığa dünəndən rayonda göstəriş veriblər ki, həmin adamı seçsinlər. Bunlar vətəndaş müharibəsi, qarşıdurma yaratmaq istəyirlər. Bununla bağlı rayon milli təhlükəsizlik idarəsinə ciddi məlumatlar çatdırılıb. Yəni hələ seçki başlamamış müəyyən dairələr özlərinin qoyduğu qanunları pozurlar. Düşünürəm ki, bunlar regionda gərginliyin artdığı bir dövrdə bütün qüvvələri dövlətin əleyhinə qaldırmaq istəyirlər. Mən bunun qəti əleyhinəyəm, mən deputatlığa namizəd kimi yox, dörd dəfə prezident seçkilərində namizəd olmuş bir adam kimi bunları deyirəm. Hesab edirəm ki, ölkə başçısının tutduğu ədalətli mövqeyi yenidən onun daxilində olan qüvvələr artıq satış predmetinə çeviriblər. Mən üzümü milli təhlükəsizlik orqanlarına tutub deyirəm ki, rayonlarda xalq tərəfindən seçiləcək deputatların kimliyi ciddi şəkildə araşdırılsın, onların vaxtilə nə iş gördüyü ortaya qoyulsun. Parlament ona görə buraxıldı ki, ölkə prezidentinin siyasətinə uyğun addım ata bilmirdi, bunun əleyhinə gedirdi. İndi bundan sonra onun əleyhinə gedən daha güclü qüvvələri parlamentə yığırlar. Rayonlardan bizə çox ciddi məlumatlar gəlir. İcra hakimiyyətləri də bu işlərindən əl çəkməlidir. Onlar deyirlər ki, yuxarılardan bizə göstəriş veriblər. Kim göstəriş verib? Göstəriş verənin özünü ifşa etsəm, o, adamlar prezident aparatında oturmayacaqlar. Onlar çalışırlar ki, qohumlarını parlamentə sırısınlar. Hamısına açıq şəkildə xəbərdarlıq edirəm və bildirirəm ki, keçmişiniz və bu gününüz, prezidendə etdiyiniz xəyanətlər ortaya qoyulacaq. Onda açıq ciddi siyasi mübarizəyə qoşulmalı olacağıq, məni buna vadar etməsinlər.
Ölkə başçısını həmişə müdafiə etmişəm və axıra qədər də müdafiə edəcəm. Müasir Müsavat Partiyası da haqqında şaiyə yayanlardan fərqli olaraq prezidenti özünə fəxri sədr seçib. Belə getsə, ölkə başçısına müraciət edib bildirəcəm ki, sizin əleyhinizə işləyirlər. Əlimizdə olan faktlar bizə imkan verir ki, bu cür addım ataq. Həmin adamlar elə eləməsinlər ki, hər şeyi açıb ortaya qoyaq və onlar o birilərinin aqibətini yaşasınlar. Müasir Müsavat Partiyasının namizədlərinə qarşı maneçilik etsələr, öz mövqeyimizi ortaya qoyub çox ciddi addımlar atacağıq. Onlara demək istəyirəm ki, dünəndən verdiyiniz tapşırığı yığışdırın, xalq kimi istəyirsə, qoy onu da seçsin”.