Mingəçevirdə yerli hakimiyyət orqanları gözlənilən parlament seçkilərinin nəticələrinə indidən təsir etməyə başlayıblar. Bu barədə DİA.AZ-a Mingəçevir sakinləri məlumat verib. Onların sözlərinə görə, ilk olaraq seçkilərdə namizədliyini irəli sürmüş ayrı-ayrı müstəqil namizədlərə imza vermiş, onların namizədliklərini dəstəkləyənlər "silisə çəkilir".
Dia.az-a verilən məlumatlara görə, ayrı-ayrı idarə və təşkilatların rəhbərləri "yuxarılardan" aldıqları təlimata uyğun olaraq tabeçiliklərində olan vətəndaşlara seçkilərlə bağlı təzyiqlər edərək qanunsuz olaraq istiqamət verməklə, açıq-aşkar təhdidlə məşğuldurlar.
Bildirilir ki, vətəndaşlara "seçki təlimatlarını" məhz çalışdıqları idarə və müəssisələrin rəhbərlərindən almalı olduqları, "kimə səs verəcəklərini" məhz onların müəyyənləşdirdiyi barədə aşkar təhdidlər edilir, əks halda işlərindən uzaqlaşdırılacaqları ilə hədələnirlər.
Bildirək ki, artıq bir neçə belə fakt mövcuddur və bununla bağlı Mingəçevir sakinləri Mərkəzi Seçki Komissiyasının, habelə hüquq-mühafizə orqanlarınn, xüsusən də mərkəzi hakimiyyətin müdaxiləsini vacib hesab edirlər.