Zaqatalanın icra başçısı iki kəndi “siyahı”dan sildi - İLGİNC
Ötən günlərdə Zaqatala rayonun Qımır, Bazar və Çobankol kəndlərində təbii qaz olmaması, əhalinin qış aylarında əziyyət çəkdiyi barədə məlumat vermişdik. JAMAZ.İNFO bildirir ki, həmin kəndlərin düz yaxınlığından qaz xətti keçsə də, rəsmi qurumlar bununla bağlı hər hansı tədbir görmürlər.
Dünən aldığımız məlumata görə, yazdıqlarımızdan dolayı Zaqatala rayon İicra Hakimiyyətində iclas keçirilib. Belə ki, yerli bələdiyyə və icra nümayəndlərinin iştirakı ilə keçirilən yığıncaqda icra başçısı Mübariz Əhmədzadə deyib ki, Qımır, Çobankol və Bazar kəndlərinin əhalisinin təbii qazla təmin etmək üçün bu il bəzi tədbirlər görmək fikrindədirlər. Həmçinin icra başçısı onu da bildirib ki, hazırkı durumda onların büdcəsi bu kəndlərin 3-nün də birdən “mavi yanacaq”la təmin edilməsinə imkan vermir. Ona görə də, yalnız Bazar kəndinin qazla təmin edilməsi reallaşdırılacaq.
Digər kəndlərin aqibətinə gəlincə, Mübariz Əhmədzadə bu barədə bir söz deməyib. Yalnız onu bildirib ki, Qımır və Çobankol kəndlərinin təbii qazla təmin edilməsi prosesinin nə zaman reallaşacağını deyə bilməz. Bunun üçün rəsmi qurumların razılıq verməsinin gərəkli olduğunu da iddia edib.
Qeyd edək ki, adları çəkilən kəndlərin içində əhalisi ən az olan kənd Bazardır. İcra başçısının niyə məhz kiçik bir kəndi “mavi yancaq”la təmin etmək fikrinə düşməsi də məlum deyil. Halbuki Qımır və Çobankol kəndləri daha böyükdür və onların ilk olaraq qazlaşdırılması lazımdır. Görünür, icra başçısının “bildiyi” bir şeylər var.