Şəkililər həmişə baməzə söhbətlərilə, ləhcələrilə digər regionlarımızın əhalisindən seçiliblər. Lakin elə məsələlər var ki, heç cür zarafat mövzusu ola bilməz.
“AzPolitika.info”-ya özü-özünü istefaya göndərən, buna baxmayaraq, müxtəlif seçki dairələri üzrə yenidən namizədliklərini verən deputatlarla bağlı müxtəlif səpkili şikayətlər daxil olmaqdadır ki, bunlardan biri də 115 saylı Şəki kənd 2-ci Seçki Dairəsi üzrə millət vəkili Cavanşir Feyziyevdir.
Əslində, bu deputatın fəaliyyətindən narazı qalan seçiciləri qınamaq doğru olmazdı. Doğrudan da təmsil etdiyi dairənin sosial və digər problemlərinin qaldırılması, yaxud həlli baxımından heç də ən aktiv deputatlar sırasına daxil olmayan C.Feyziyev, əvəzində müxtəlif qalmaqallı hadisələr, dəbdəbəli həyat tərzi, biznes fəaliyyəti, mal və mülkləri ilə tez-tez diqqət mərkəzinə düşüb.
Ölkənin dərman biznesində mühüm yerlərdən birini tutduğu bildirilən C.Feyziyev sonuncu dəfə oğluna paytaxtın ən prestijli otellərindən biri olan "JW Marriott Absheron Baku"-da bahalı, dəbdəbəli toy mərasimi keçirməsilə gündəmə gəlmişdi ki, bu da başadüşüləndir.
Təbii ki, deputatın oğlu onun təmsil etdiyi dairədəki işsizlikdən, evsizlikdən əziyyət çəkən və bu səbəbdən nəinki dəbdəbəli şadlıq evlərində, adi kənd çadırında da toy edə bilməyən gənclərin tayı deyil...
Yeri gəlmişkən, son vaxtlar mətbuatda tez-tez deputatların özlərinin və ailələrinin xaricdə yaşamasına etiraz çıxışlarına rast gəlinir. Belələrinin sırasına C.Feyziyevi də aid etmək olar.
Bir müddət öncə araşdırmaçı jurnalist Cavanşir Həsənli onunla bağlı maraqlı məlumat paylaşmışdı: “Buraxılmış parlamentin oliqarx deputatı, ötən 9 il ərzində yarım milyard manatlıq tenderin şübhəli qalibi olmuş "Avromed" şirkətinin faktiki sahibi, bir də üstəlik Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin ailə üzvləri Britaniyada məskunlaşıblar.
2019-cu ilin aprel ayında Londonda Feyziyevlə bağlı HQ18M01270 saylı məhkəmə işində qeyd olunur ki, şikayətçi Azərbaycan parlamentinin deputatıdır, ailə üzvləri - həyat yoldaşı və övladları Londonda yaşayırlar, iki uşağı burada məktəbə gedir, özü ilin əhəmiyyətli hissəsini Londonda sahib olduğu evində keçirir”.
Budur... Londonda oturan, öz biznesilə, dəbdəbəli həyatı ilə məşğul olan bir deputat, məsələn, Şəkinin Bideyiz kəndilə niyə maraqlanmalıdır axı?
Müsahibələrinin birində “"Porsche" nə vaxtdan bahalı maşın olub?” deyən millət vəkilini köhnə sovet maşınına benzin tökməyə pul tapmayan şəkilinin vəziyyəti maraqlandıra bilərmi?
Bu millət vəkililə bağlı qalmaqallı xəbərlərdən biri də “Quska” ləqəbli Hüseyn Abdullayevdən müğənni Gülyaz Məmmədova da daxil olmaqla, üç nəfərin adına dəyəri 10 milyonlarla ölçülən obyekt almasıdır.
Müğənni açıq şəkildə etiraf etdi ki, obyekti əslində qohumu C.Feyziyev alıb, lakin onun adına sənədləşdirib. Məqsəd də təbii ki, deputat olmasına rəğmən gəlirlərini, bizneslə məşğul olduğunu gizlətməkdir. Bu, dövləti, ictimaiyyəti aldatmaq deyilmi? Seçici dövləti aldadan millət vəkilinin hansı vədinə, sözünə inana bilər?
Bütün bunları və sadalamadığımız digər faktları nəzərə alanda şəkililərin bu deputatdan narazılığını başa düşməmək mümkün deyil. Və belə qənaətə gəlmək olur ki, əgər fevralın 9-da yenidən qutudan C.Feyziyevin adı çıxacaqsa, deməli yenə şəkililərin deputat sarıdan bəxti gətirməyəcək...
Tarix: 16-01-2020, 22:44