“Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi” - Özbaşınalıq

“Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi” - Özbaşınalıq



Nəzərinizə çatdırım ki, mən Lerik rayon qeydiyyatındayam. İllərdir Bakıda yaşasam da, bütün sənəd işlərim Lerik rayonundan asılı haldadır və bu səbəbdən tez-tez Lerik rayonuna getməli oluram.

Eyni zamanda, qohumlarımın, yaxınlarımın böyük bir qismi də bu rayonun müxtəlif kəndlərində yaşayır. Nənəm Dilarə İbadovanın 72 yaşı var, 50 il müəllim kimi bu rayonun müxtəlif kəndlərində çalışıb və təqaüdə çıxıb.

O, hal-hazırda şəkər diabet xəstəliyindən əziyyət çəkir. Bir neçə ildir ki, Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və ona hər ay dövlət tərəfindən şəkər dərmanları verilir. Böyük ehtimalla, genetik problemimiz olan şəkər xəstəliyindən 30 ildir ki, bibim Aynur Salmanova da əziyyət çəkir. O da uzun illərdir ki, Lerik Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdadır və dövlət tərəfindən dərmanla təmin olunur.

2018-ci ilin yay mövsümündə istirahət məqsədi ilə Lerik rayonuna getmişdim. Həmin vaxt nənəm mənə dedi ki, xəstəxanada bir həkim var, dərmanlarımızı vermir. Səbəbini soruşanda bildirdi ki, xəstələrin özünün gəlib dərmanları götürməsini tələb edir, onların yaxınları dərman üçün gedəndə kabinetindən qovur.

Təbii ki, heç bir məntiqi olmayan və vicdani dəyərlərə sığmayan bu davranışa hiddətləndim. Həkimin dediyinə əsasən, 72 yaşlı qadın, hər ay kənddən rayon mərkəzinə Lerikin buruq və narahat yolları ilə 30 kilometr yol getməlidir. Üstəlik, bibim elə şəkər xəstəliyi səbəbi ilə bir böyrəyindən məhrum qalıb və bütün həyatı tək böyrəyin öhdəsindədir. Onun da bu uzun və narahat yolu hər ay getməsi səhhəti üçün böyük təhlükədir. O dərmanlara hava-su kimi möhtac olan və evdən çölə çıxmağa belə əziyyət çəkən iki xəstəni hansı vicdansız həkim hər ay xəstəxanaya gəlib dərman götürməyə məcbur edər?
Elə bu sualla yollandım Lerik Rayon Mərkəzi Xəstəxanasına. Nənəmin də, bibimin də anketlərini götürüb girdim Həndəm adlı endokrinoloqun kabinetinə. Ədəb-ərkanla salamlaşıb gəlişimin səbəbini bəlli etdim. Kobud, ədəbsiz, tərbiyəsiz davranışlarla məni kabinetindən çıxarıb dərmanları verməkdən imtina etdi və tələb etdi ki, xəstələr özü gəlib götürsünlər. Mən də Səhiyyə Nazirliyinin “qaynar xətt”ini yığıb şikayət etdim.

Az sonra həmin xəstəxananın baş həkimi Mübariz Ağayev mənə zəng etdi və görüşmək üçün otağına dəvət etdi. Baş həkimin otağına getdim. Məni ədəb-ərkanla qarşıladı. Narahatlıq üçün mehribanlıqla üzrxahlıq etdi. Nənəmi çoxdan tanıdığını, peşəsinə və şəxsiyyətinə hörməti olduğunu bildirdi. Sonra da bir daha belə bir hadisənin təkrarlanmayacağına dair söz verib dərmanla təmin etdi.

Bu hadisənin üzərindən bir ildən çox vaxt keçib. Bu yaxınlarda bir sıra sənəd işləri ilə əlaqədar Lerikə getməli oldum. Öyrəndim ki, həmin həkim uzun müddətdir ki, xəstələrin dərmanlarını vermir və onların yaxınlarını yenə eyni ədəbsizliklə kabinetindən qovur. Nənəmin də, bibimin də şəxsiyyət vəsiqələrini götürüb yollandım rayon mərkəzinə. Öz sənəd işlərimi həll etdikdən sonra xəstəxanaya daxil oldum. Anketləri alıb həmin endokrinoloqun kabinetinə yollandım. İçəri daxil olub salamlaşdım, Dilarə müəllimin nəvəsi olduğumu bildirdim və anketləri də, şəxsiyyət vəsiqələrini də önünə qoyub dərmanları reseptləşdirməsini istədim.

Kobud səs tonu ilə “Dilarə müəllim, özü gəlib götürsün!” dedi. Bildirdim ki, “Dilarə müəllimin 72 yaşı var və hal-hazırda 300 şəkərlə yataqdadır. Bibimin də bir böyrəyi var və 600 şəkərlə o da yataqdadır. Siz dövlətin bu xəstələrə ayırdığı dərmanları vaxtında vermədiyiniz üçün hal-hazırda ikisi də ölüm ayağındadır”.

Heç üzümə də baxmadan eyni ilə belə dedi: “Sənə dedim ki, arvad özü gəlib götürsün. Başımı xarab eləmə. Çıx otaqdan!” Mən onun nəzərinə çatdırdım ki, bu barədə bir dəfə şikayət etmişəm və baş həkim mənimlə görüşüb, bu hadisənin bir daha təkrarlanmayacağına dair söz verib. Lakin sözgedən endokrinoloq Həndəm, sözümü kəsib qışqır-bağırla dedi: “Get, kimə şikayət edirsən, et. Gəlib özü götürsün. Rədd ol otaqdan!”

Sakitcə anketləri də, şəxsiyyət vəsiqələrini də götürüb otaqdan çıxdım. Qalxdım baş həkimin kabinetinə. Lakin baş həkim otağında yox idi. Katibəsindən və digər həkimlərdən baş həkimin harada olduğu və əlaqə nömrəsi barədə maraqlansam da, rastıma çıxanların hamısı qeyri-etik, ədəbsiz davranışlarla sualımı cavabsız qoyub uzaqlaşdılar.

Səhiyyə Nazirliyinin “qaynar xətt”ini yığıb şikayətimi bildirdim. Məni sona qədər dinləsələr də, bu məsələlərə yanvar ayının 1-dən etibarən İcbari Tibbi Sığorta Agentliyinin baxdığını deyib əlaqəni kəsdilər. İcbari Tibbi Sığorta Agentliyinin rastıma çıxan bütün nömrələrinə zəng etdim, amma cavab verən olmadı. Prezident Adminstrasiyasının müvafiq şöbəsinə zəng etdim. Onlardan da zəngimə cavab verən olmadı.

Əlimdə anketlər və şəxsiyyət vəsiqələri ilə Lerik Rayon Mərkəzi Xəstəxanasının dəhlizində qalmışam. Evdə ağır vəziyyətdə iki şəkər xəstəsi var və onlara dərman çatmalıdır. O dərmanlar ki, onları dövlət o xəstələr üçün ayırıb, amma bu özbaşına, vicdansız adamlar dərmanları xəstələrə vermirlər. Nə o xəstəxanada bir adam tapdım ki, buna əncam çəkə, nə də bu boyda dövlətdə bir qurum.

Qəzəbimdən tir-tir əsə-əsə, hirsimdən boğula-boğula ancaq bu çıxış yolunu tapa bildim. Xəstəxanadan çıxıb yollandım marketə. Bir qutu lezva alıb qayıtdım xəstəxanaya. Girdim Həndəm adlı o endokrinoloqun kabinetinə. Anketləri önünə atıb soruşdum ki, “yazırsan?”. Gözlərini bərəldib üzümə baxaraq sakitcə durdu. Lezva ilə sol biləyimdən bir neçə kəsik atdım. Bu anda ayağa qalxıb yalvarış ədası ilə yazacağını bildirdi.

O, gözləyirdi ki, belə etdiyi halda hirsim soyuya. Mən isə daha da qəzəbləndim. Yəni hər şey bu həddə çatmalıdır ki, sən iki xəstəyə dövlətin pulsuz verdiyi dərmanları reseptləşdirəsən? İki dərmanın adını yazıb altından imza çəkəcəksən. Canın gedir, ya pulun?

Sizcə, bir adam niyə belə etsin? Mənim ağlıma bir fikir gəlir ki, bu adam xəstələrin aylıq dərmanlarını vaxtı-vaxtında verməyib, onları öz pulu ilə başqa yerlərdən dərman almağa məcbur edir. Nəticədə dövlət tərəfindən verilən dərmanlar bu vicdansızın özünə qalır və o, daha sonra bu dərmanları pulla satır.

Polis əməkdaşları hadisə yerinə gəlib məni sakitləşdirməyə çalışdılar. Daha sonra polis bölməsinə və rayon prokurorluğuna gedib şikayətimi bildirdim. Polis əməkdaşlarından da, prokurorluğun davranışından da narazı deyiləm. Şikayətimə baxılacağı, həmin həkimin fəaliyyətinin araşdırılacağı barədə mənə söz verdilər. Həm davranışlarında, həm də işə yanaşmalarında ciddi və məsuliyyətli idilər. Təki belə də davam etsin.

Müəllif: Orxan Bahadırsoy

Redaksiyadan qeyd: AYNA-nın redaksiyasına ünvanlanan bu şikayət hadisəsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirdilər ki, məsələyə müdaxilə edilməsi üçün Səhiyyə Nazirliyinin müvafiq əmri olmalıdır: “Belə məqamlarda xəstənin yaxınlarına dərmanların verilməsi üçün Səhiyyə Nazirliyi bizə məlumat verməlidir. Biz yalnız ondan sonra araşdırma apara bilərik. Əks halda bu, mümkün deyil”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinə də sorğu göndərdik. Oradan “məsələni araşdıracağıq” cavabını aldıq.

Baş verənlərlə bağlı Lerik Rayon Prokurorluğundan isə heç bir cavab ala bilmədik...
Ayna.az
Tarix: 21-01-2020, 21:20
Xəbəri paylaş





Xəbər lenti