"Deputat Rüfət Quliyev də bu kənddəndir..." - ŞİKAYƏT

 
  Lənkəranın Sütəmurdov kəndinin sakinləri yolların bərbad olmasından şikayətçidirlər.

Sakinlər Deqiq.info-ya bildiriblər ki, uzun müddətdir kəndin yolları baxımsız qalıb.

Onların sözlərinə görə, yağışlı havalarda kəndin əsas mərkəz yolu və məhəllələrarası yollarda hərəkət etmək çətindir.

"Azyaşlılar məktəbə gedəndə əziyyət çəkirlər"

"Dəfələrlə müraciət etmişik ki, azyaşlı uşaqlar məktəbə gedəndə əziyyət çəkirlər. Əslində, Sütəmurdov şəhərin mərkəzinə o qədər də uzaq deyil. Məktəbə gedən yol isə ümumiyyətlə, acınacaqlı haldadır. Rayon İcra Hakimiyyəti də problemlərimizlə maraqlanmır”, - sakinlər deyiblər.

"Rüfət Quliyev də bu kənddəndir..."

Sütəmurdov sakinləri deyirlər ki, ötən seçkilərdə 73 saylı Lənkəran seçki dairəsindən deputat seçilən və hazırda növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən Rüfət Quliyev də bu kəndəndir.

"Hətta dəfələrlə ona da bu problemlə bağlı şikayət etmişik, heç bir dəfə də olsun bu illər ərzində gəlib kəndin vəziyyəti ilə maraqlanmayıb”, - sakinlər qeyd edirlər.

"Şikayət edirik, amma baxan yoxdur"

Sakinlərin sözlərinə görə, "Xəzər-Lənkəran" futbol klubu fəaliyyət göstərəndə Lənkəranın baxımlı ərazilərindən biri bu kənd sayılıb: "Amma indi durum gördüyünüz kimidir. İşsizlik bir tərəfdən, yolsuzluq da digər tərəfdən problemə çevrilib. İllər öncə çəkilmiş bu yol ucqar dağ kəndlərinə gedən torpaq yolları xatırladır. Hər addım başı su ilə dolu çalalara rast gəlinir”.

"Xəzər-Lənkəran"ın ətrafı zibilliyi xatırladır"

Bir vaxtlar minlərlə insanın axışdığı "Xəzər-Lənkəran" klubunun stadionunun ətrafı isə zibilliyə çevrilib. Stadionun Sütəmurdov kəndinin yaşayış sahələri ilə sərhəd ərazisindəki hasarının dibi indi böyük bir zibilliyi xatırladır.

"Rüfət Quliyev özü ilə bağlı mətbuatda silsilə tərifnamələr yazdırmaqdansa, gəlib bu ərazilərə baş çəksin. Bura gələnlər deputatın kəndidir deyə ona gülürlər. Bundan utanmaq lazımdır, sadəcə", - deyir sakinlər.

Sütəmurdovluların şikayəti ilə bağlı deputat Rüfət Quliyevlə əlaqə saxlamaq mümkün olmayıb.

Lənkəran Rayon İcra Hakimiyyəti isə sorğunu hələ ki cavablandırmayıb.
Tarix: 6-03-2020, 15:46
Xəbəri paylaş





Xəbər lenti