Bərdədə 24 bağçanın təmirinin təşəbbüskarı kimdir: Dövlət, yoxsa "inqilabçı xanım"?




Azərbaycanda bəzi məmurların dövlətin gördüyü işləri öz adlarına çıxmağı artıq adi hala çevrilib.

Hər il dövlət büdcəsinin, Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına ərsəyə gələn sosial-təhsil-mədəniyyət yönümlü müəssisələrin inşa və yaxud təmir edilməsini bəzi yerli məmurlar çox zaman öz adlarına çıxır. Bu cür məmurlar ən azından özlərini yerli ictimaiyyətə görülən işlərin təşəbbüskarı kimi sırımağa çalışırlar. Guya hansısa məktəbin, bağçanın təmirini, yaxud inşasını bunlar eləyib. Əgər bunların təşəbbüsü olmasaydı dövlət milyonlarla vəsait xərcləyib xalqına bağça, məktəb tikməzdi. Dövlətin sosial məqsədlər üçün büdcədə nəzərdə tutulan cari planından yaxşı xəbərdar olan bu məmurlar əksər hallarda istəklərinə də nail olurlar: özləri haqqında istədikləri imici formalaşdıra bilirlər.

Bu cür "xeyirxah" məmurlardan bəziləri çox zaman daha irəli gedərək mediada özləri haqqında yazılar tirajlatdırırlar.

Mediada özü haqqında tərifnamə yazdıran məmurlardan biri də Bərdə rayonunda fəaliyyət göstərən 10 saylı körpələr evi - uşaq bağçasının müdiri Leyla Məmmədovadır.

Leyla Məmmədova rayonda fəaliyyət göstərən 33 bağçadan 24-nün onun təşəbbüsü ilə icra hakimiyyətinin hesabına təmir edildiyini yazdırır.

Çox xub! Olsun! İstəməyinin iki gözü kor olsun! Amma... Niyə deyən yoxdur ki, 2011-ci ildən indiyədək Bərdə rayonuna başçılıq edən Vidadi İsayev niyə indiyə qədər rayon İcra Hakimiyyətinin hesabına bağçaları təmir etdirməyib? Niyə cənab başçı bu on il ərzində 10 saylı körpələr evi - uşaq bağçasının müdiri Leyla Məmmədovanın təşəbbüsünü gözləyirdi. Ki, rayondakı 33 bağçadan 24-nü qısa zaman ərzində təmir etdirsin?!

Niyə indiyədək Bərdə ictimaiyyətinin nümayəndələrindən, ziyalılardan, rayon təhsilinin rəhbərliyindən kimsə bu təşəbbüsü rayon rəhbərliyi qarşısında qaldırmayıb? Yaxud əgər kimsə bu təşəbbüslə bu vaxta qədər çıxış etsəydi Vidadi İsayev onu eşidəcəkdimi? Ümumiyyətlə, cənab başçı niyə vəzifəsinin tələb etdiyi işi görməyib, kiminsə təşəbbüsünü gözləyib?

Bu ucuz PR kimə lazımdır axı?!

Hələ bir yazının başlığına baxın: "Bərdədə bir inqilabçı xanım peyda olub: Rayonda təhsilalan da razı, təhsilverən də..."

Deyən yoxdurmu ay qardaş, axı illərdir dövlət təhsil sahəsində islahatlar aparır, kadr bazaları yenilənir, tədris təkmilləşir, maddi-texniki baza gücləndirilir. Dövlət rəhbərliyinin apardığı siyasəti niyə axı əyalətlərdə kimlərsə öz adlarına çıxır?!

Ümumiyyətlə bu cür yazıların mediada getməsinin, tirajlanmasının səbəbi nədir? Əlbəttə, 10 saylı bağçanın müdiri Leyla Məmmədova digər bağça müdirlərindən savadına, təşkilatçılığına, təşəbbüskarlığına görə müsbət mənada fərqlənə bilər. Ancaq axı bunu mediada tirajlatmaq kimə lazımdır? Bunun arxasında hansı mətləblər dayanır?

Yəqin bir azdan hamımız bilərik...

Qlobal.az
Tarix: 22-06-2021, 08:55
Xəbəri paylaş





Xəbər lenti