10-a qədər kənddə hər gün işıqlar söndürülür “Ağsunun kəndlərində, xüsusən 10 min k/voltluq Ləngəbiz işıq xəttinin üzərində yerləşən 10-a qədər kənddə bir aya yaxındır işıq böhranı yaşanır. Qızmar yay günlərində Ağsu İşıq İdarəsi nəinki abonentləri fasiləsiz işıqla təmin edir, əksinə, hər gün səhər saatlarında söndürülən işıq nahar fasiləsində yandırılır və nahardan sonra hava qaralana qədər yenidən söndürülür”. Bu məlumatı saytımıza Ağsu rayon sakinləri göndərib. Məlumatda daha sonra bildirilir:”Ləngəbiz işıq xəttinin üzərində yerləşən Gəgəli, Bico, Keçdiməz, Qəşəd, Ləngəbiz kimi kəndlərdə, demək olar, işıq sistemi yox dərəcəsindədir. Belə ki, 70-80 illik yaşı olan işıq dirəkləri çoxdan çürüyüb yararsız hala düşüb, xətlərsə quraq-quraq. Qış aylarında hava şəraiti ilə əlaqədar adıçəkilən kəndlərdə işıqların verilişində tez-tez fasilələr yaranır. İndisə yay fəslidir, yer-göy qaynayır, temperatur evlərin içində adamı qarsır. Külək-tufan olmasa da, indi də işıqlar böyük fasilələrlə verilir. Soyuducular işləmədiyindən əhalinin ağartısı, ərzağı xarab olur. Xəstələr, uşaqlar, ahıl insanlar sərinləşdiricilərdən istifadə edə bilmədiklərindən dözülməz əzaba qatlaşırlar. Problemlə bağlı sakinlər dəfələrlə işıq idarəsinə irad bildirib, lakin böhran qalmaqda davam edir. Ağsu İşıq İdarəsinin müdiri Rəhman müəllimlə əlaqə saxlamışıq. Müdirə deyirik, hər gün səhər saatlarından söndürülən işıq, nahar fasiləsini çıxmaqla, bir də axşam yandırılır. Müdir deyir, Qəşəd kəndində xətlər qırılıb, briqada işləyir. Başa düşmürük, bir aydı Qəşəddə xətt düzəldirlər?!. Deyirik, Rəhman müəllim, hər kəndin transformatorlarının ayrıcı var, ordan ayırıb işləyə bilmirlər? Niyə bu qədər kəndi qızmar istilərdə işıqsız qoyursuz? Cavabında deyir ki, elə elə işləyirik də… Deməli, belə çıxır ki, müdirin işçilərindən və görülən işlərdən, yaranan problemlərdən xəbəri yoxdu. Sonra Rəhman müəllim bahanə göstərmək üçün bildirir ki, rayondan kəndlərə gedən xətlərdə tarımlama işləri gedir. Maraqlıdır, sərin havaları qoyub Ağsu İşıq İdarəsi niyə qaynar yay günlərində dirəklərin əyrisini düzəldir, xətləri tarımlayır?!. Ola bilsin, itirilmiş enerjinin yerini doldurmaq üçün bu üsuldan istifadə edirlər. Ağsu İşıq İdarəsi qətiyyən əhalinin rifahını fikirləşmir, fikirləşsəydi bu qaynar yay günlərində əhaliyə zülm, ərzaqlarını zay etməzdi. Dərdimizi kimə deyək, bilmirik”. Məktublar şöbəsi