Xaçmazda “yaşıl terror”:Deputat Eldəniz Səlimov hektarlarla meşə sahəsini belə məhv etdi – VİDEO+FOTO
Xaçmazın Fərzəlioba kəndi (Köhnə Xudat bələdiyyəsi) və İdrisoba kəndi yaxınlığında ağaclar kütləvi şəkildə məhv edilir.
Bu barədə məlumatı araşdırmaçı-jurnalist Cəmil Məmmədli və ekoloji sahə fəalı Cavid Qara (Ecofront) paylaşıb.
Meşə sahəsinin məhv edilməsindən qəzəblənən kənd sakinləri həmin ərazinin Köhnə Xudat bələdiyyəsində məsul vəzifə tutan Faiq Savcıyev tərəfindən külli miqdarda pul qarşılığında deputat Eldəniz Səlimova satıldığını bildiriblər.
Sakinlər deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2004-cü ildə həmin meşə zolağında çox sayda qiymətli ağac əkilib, lakin o qiymətli ağaclar, xüsusilə də 250 qoz ağacı meşə sahəsi məhv edilərkən kəsilib.
Sakinlər əlavə ediblər ki, 2011-ci ildə prezidentin Fərmanı əsasında o ərazilərdə torpaq satışı qadağan edildiyi üçün F. Savcıyev qanunsuz satdığı torpaq sahələrini saxta sənədlərlə köhnə tarixə rəsmiləşdirib. Sözügedən meşə sahəsinin satışı da 2006-ci il tarixi üzrə sənədləşdirilib.
Cəmil Məmmədli bəhs etdiyi meşə sahəsinin “təmizlənməsinə” dair 02 may 2021-ci il tarixdə bağlanmış müqavilənin surətini də özünün sosial şəbəkə hesabından paylaşıb.
Həmin müqavilə “Qərb Ekol” MMC-nin təsisçisi Qasımov Namiq Əmiraslan oğlu ilə Səlimov Adil Zeynal oğlu arasında imzalanıb. Anlaşmaya əsasən, adıçəkilən MMC hektarına 2 min manat almaq şərtilə, 27 hektar ərazinin ağac və kol-kosdan təmizlənməsini və daşınmasını öz öhdəsinə götürür. Bu müqavilədə əks olunan məqamlar kənd sakinlərinin deputat E. Səlimova yönəlik iddialarının heç də əsassız olmadığı qənaətini yaradır.
Məlumat üçün bildirək ki, Eldəniz Səlimov Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin üzvü və Adil Səlimovun oğludur.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə sahəsinin məhv edilməsinə görə 600 min manat cərimə tətbiq edib. Teref.az olaraq qeyd etmək istəyirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə yuxarıda adı çəkilən cərimələrdən başqa, bütün bu faktlar aktlaşdırılıb və prokurorluğa göndərilib. Teref.az