Nar Festivalı ilə bağlı tur FIRILDAĞI – “Biletləri satmaq üçün aldadırlar”
Bir neçə gün əvvəl Göyçayda məhsul bayramı olan Nar Festivalının keçirilməyəcəyini xəbər vermişdik.
Bu barədə Bizim.Media-ya Göyçay rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətov bildirmişdi.
O, Nar Festivalının keçirilməməsini ölkədə pandemiyanın hələ də davam etdirilməsi ilə əlaqələndirmişdi.
Maraqlıdır ki, ötən gündən başlayaraq “Facebook”da bəzi tur şirkətləri noyabr ayının 7-də Göyçayda Nar Festivalının keçiriləcəyi ilə bağlı məlumatlar yayaraq, tur paketlər təklif etməyə başlayıblar.
Məsələ ilə bağlı növbəti dəfə Göyçay Rayon icra Hakimiyyəti ilə əlaqə yaratdıq. İcra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətov saytımıza açıqlamasında konkret olaraq bu il Nar Festivalının keçirilməyəcəyini deyib:
“Nar Festivalı keçirilməyəcək. Eşitmişik ki, guya Nar oteldə Nar Festivalı olacaq. Bu, həqiqətəuyğun deyil. Pandemiyanın belə bir şəraitində mümkün deyil. Turlar isə insanları aldatmaqla məşğuldurlar ki, biletləri rahatlıqla satsınlar. Faktiki mən sizə bildirirəm ki, heç bir şey olmayacaq”, - deyə Ədalət Dövlətov əlavə edib.