“İcra başçısı aşağı təbəqədən olanları qəbul etmir“ – İcra Hakimiyyətindən cavab
Cəlilabad rayonu İcra Hakimiyyəti
Cəlilabad rayon sakini Çingiz Təhməzov müraciət videosu ünvanlayıb. Videoda bildirilir ki, o, rayon İcra hakimiyyətindən narazıdır.
“Hərbi xidmətdə sağlamlığını itirib, lakin heç bir əlillik dərəcəsi ala bilmirəm. Ağır xəstəliklərdən əziyyət çəkirəm. Əlimdə qanuni təsdiqini tapmış sənədlərim var, amma pula görə xəstəxanadan qəbul etmirlər.
Yaşayış durumum ağırdır. Yaşadığım ərazidə nə yol, nə də su var. Qazı isə öz hesabımıza çəkmişik.
Məmur özbaşınalığı Cəlilabad rayon sakinlərini boğaza yığıb. İcra başçısı Rafiq Cəlilov demək olar ki, tapşırıqları icra etmir, özbaşınalıq edir. Aşağı təbəqədə olan vətəndaşları qəbul etmir. İcra hakimiyyətinə daxil olduqda isə polis vətəndaşlara mane olur”,-deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirilib ki, Çingiz Təhməzov ayrı-ayrı vaxtlarda rayon icra hakimiyyətinin başçısı və deputat tərəfindən dəfələrlə qəbul edilib, həmçinin ona bir neçə dəfə maddi yardımlar göstərilib. Açıqlamada qeyd olunub ki, əlillik məsələsi ilə bağlı Çingiz Təhməzov və hayat yoldaşı Yazgül Təhməzovanın sənədləri ƏSMM yanında Tibbi-Sosial Ekspert komissiyasına göndərilib, özü əlillik meyarlarına uyğun gəlməyib, lakin yoldaşına pensiya təyin olunub.
“Çingiz Təhməzovun oğluna həyətyanı torpaq sahəsi təhkim olunmuş və ilkin sənədləşmə işlərinə başlanılmışdır. Hazırda o, birmərətəbəli evdə yaşayır və 12x8 m ölçüdə əlavə fərdi yaşayış evi tikdirir.
Keçən illərdə yollarına rayon icra hakimiyyəti tərəfindən qum-çınqıl materialı tökülərək normal vəziyyətə gətirilmişdir. Gələcəkdə investisiya proqramında yollarının əsaslı təmiri plana salınmışdır. Çingiz Təhməzovun yaşadığı küçə yeni yaşayış massivinə daxil olduğuna görə həmin ərazidə yaşayan vətəndaşlar təbii qazdan istifadə edə bilmir, buna görə də massivə qaz xətti çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanaraq "Azəriqaz" İstehsalat Birliyinə təqdim olunmuşdur.
Əlavə olaraq bildiririk ki, vətəndaş Çingiz Təhməzov Dost İş Mərkəzində işlə təmin edilmişdir və hər ay 236 manat əmək haqqı alır”.
Tarix: 18-11-2021, 15:10