Şəkidə bələdiyyə binasında özünü yandırmaq istəyən şəxsə cinayət işi açılıb. İttihamda isə göstərilir ki, həmin şəxs bələdiyyə sədrini və icra nümayəndəsini də yandırmaq istəyib. Ailə vəziyyəti ağır olan kənd sakini əməlindən peşman olub, tərəflərlə barışıb.Musavat.com xəbər verir ki, hadisə bu ilin may ayında baş verib.
Şəki rayonu, Qayabaşı kənd sakini Faiq M. evdən bir litr benzin götürərək Şəki Şəhər İcra Hakimiyyətinin başçısının Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gedib.
İstintaq orqanı belə qənaətə gəlib ki, kənd sakini mübahisə etdiyi bələdiyyə sədrini və icra nümayəndəsini yandırmaq istəyib. Onların üzərinə benzin töküb, amma kibrit yerə düşdüyü üçün bu əməlini başa çatdıra bilməyib.
Amma Faiq M. günahının olduğunu etiraf etsə də bələdiyyə sədri və icra nümayəndəsini yandırmaq fikrinin olmadığını deyib. O bildirib ki, məqsədi özünü yandırmaq olub.
Kənd sakini bu addımını ağır ailə şəraiti ilə əlaqələndirib və çarəsiz vəziyyətdə olduğunu qeyd edib:
“Qayabaşı kəndində öz ailəm, qardaşımın ailəsi və iki xəstə bacımla yaşayırıq. Həmin evdə 10 nəfər yaşayırıq. Maddi imkanımız çox aşağıdır. Evdə yalnız mən işləyirəm. Bakıda fəhlə işləyirdim. İşdən çıxarıldıqdan sonra kəndə qayıtdım.
Ailənin dolanışığı mənim ikinci qrup əlil kimi aldığım 130 manatladır. Dəfələrlə müxtəlif orqanlara müraciət etmişik ki, bizə kömək etsinlər.
2015-ci ildə zəlzələdə yaşadığımız evə ziyan dəydi. Evimiz təmir edilmədi. Hadisədən bir ay əvvəl koronavirusa yoluxdum. Evimiz karantinə alındı. Bu müddət ərzində yalnız qonşuların köməyi ilə ayaqda dura bildik”.
Faiq M. deyir ki, hadisə günü 9 nəfərlik ailə üzvünü də götürərək icra nümayəndəliyinə gedib. Ailəsi çöldə gözləyən zaman Faiq əlindəki benzinlə binaya daxil olub:
“Məqsədimiz kömək, iş, ərzaq yardımı istəmək idi. Kömək etməyəcəkləri halda özümü öldürəcəkdim.
Birinci bələdiyyə sədrinin otağına getdim, amma orda yox idi. Sonra icra nümayəndəsinin otağına getdim. Bələdiyyə sədri də orda idi. Onlara “biz acından ölürük, ailəm ac-susuzdur, siz nə fikirləşirsiniz?” dedim.
Bələdiyyə sədri dedi ki, get, şikayət elədiyin media kanallarına de, sənə köməklik eləsinlər. Məni otaqdan qovanda benzinin ağzını açdım. Benzini üstümə tökəndə icra nümayəndəsi məni qucaqladı, mane olmağa çalışdı. Benzin sıxılaraq həm onun, həm də bələdiyyə sədrinin üstünə töküldü. Ayağım sürüşüb yerə yıxılanda kibrit yerə düşdü. İslandığı üçün özümü yandıra bilmədim. Sonra ailə üzvlərim və polislər gəldi”.
Əməlindən peşman olduğunu deyən Faiq M. himayəsində 2 azyaşlı uşağın, xəstə bacılarının olmasını və ikinci qrup əlil olmasını nəzərə almağı məhkəmədən xahiş edib.
10 nəfərlik ailənin tək qazanc yeri olduğunu deyən Faiq M. zərərçəkmiş şəxslərin onu bağışladığını deyərək barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş edir.
Zərərçəkmiş kimi tanınan icra nümayəndəsi Cabir Həsrətli bildirib ki, Faiqin ailə vəziyyəti həqiqətən acınacaqlı olub, evləri də qəzalı olub.
“Amma onun müraciətinə baxılanda evin konstruksiyasında düzgün materiallardan istifadə olunmadığına görə dəyən ziyanın zəlzələ ilə əlaqəsi olmadığı sübut olunub. Faiq bununla razılşamırdı. Bacılarının işlə təmin olunmasını istəyirdi. Bizə də buna görə ona müraciət edib. Faiqin ailəsinə kollektiv arasında pul yığaraq 2 kisə un, 50 manat da pul verdik. Faiq koronavirusa yoluxanda bələdiyyə tərəfindən 30 manat da ailəsinə verdik.
İcra hakimiyyətindən Faiqin qardaşına 300 manat, özünə isə 50 manat pul ayrılıb. Faiq pul az olduğuna görə götürmədi. Faiq mütəmadi olaraq zəng edib “mənə maddi kömək etmirsiniz, idarəni də, özümü də yandıracam” deyirdi”.
Cabir Həsrətli deyib ki, insident zamanı kənd sakini Faiqi şillə ilə vurmayıb.
İcra nümayəndəsi Faiqdən hər hansı şikayəti və tələbi olmadığını, onu bağışladığını bildirib: “Ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edirəm”.
Bələdiyyə sədri də hadisə ilə bağlı eyni məzmunlu ifadə verib və təqsirləndirilən şəxsi bağışladığını söyləyib.
Məhkəmə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi…) maddəsi ilə hökm oxunub. Hökmə əsasən Faiq M. 2 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Amma onun cəzası şərti hesab edilib və həbs olunmayıb.
Tarix: 20-11-2021, 22:31