Mingəçevir Prokurorluğu COVID-19 əleyhinə saxta sənədlərlə bağlı araşdırmaya başladı…
“COVID-19 VAKSİNASİYASI ÜZRƏ MƏLUMAT FORMASI”na möhür vuran həkim dünyasını dəyişdi
Oktyabr ayının sonunda Mingəçevir şəhər Prokurorluğu Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə prokurorluqda araşdırma aparıldığına dair məlumat yaydı. Məlumatda bildirilirdi ki, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Qeyd olunan cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən olunması məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir. Göründüyü kimi, Prokurorluğun məlumatında COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədləri tərtib edənlərlə bağlı konkret ad yoxdur. Prokurorluğun məlum açqılamasından bir müddət sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Huquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin rəhbəri Sara Abdullayeva dünyasını dəyişib. Xatırladaq ki, Mingəçevir şəhərində “COVID-19 VAKSİNASİYASI ÜZRƏ MƏLUMAT FORMASI” yekunda məhz S.Abdullayeva tərəfindən möhürlənirdi. İlkin məlumatda şöbə müdirinin koronavirus səbəbilə dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, S.Abdullayeva uzun illər Mingəçevir şəhər xəstəxanasının Poliklinika şöbəsinin baş həkimi vəzifəsində çalışıb.