İmişlidə NƏ BAŞ VERİR? - Söz başçıdadır...




Məlumdur ki, 31 may 2007-ci il tarixdə dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. 
Bu Qanun dövlət qulluqçularının etik davranış qaydalarını və prinsiplərini, onlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində hər bir dövlət qulluqçusunun qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmaları və bu Qanunun müddəalarına əməl etməyə borclu olmaları qeyd olunub. Qanunun 5-ci maddəsinin 5.2-ci hissəsində qeyd olunub ki, dövlət qulluqçuları etik davranışları, peşəkar fəaliyyətləri ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamının artırılmasına və möhkəmləndirməlməsinə çalışmalıdırlar. Qanunun 7-ci maddəsinin 7.1-ci hissəsində isə qeyd olunub ki, dövlət qulluqçuları Azərbaycan Respublikasının, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, ən əsası öz adını və şərəfini uca tutmağa borcludurlar. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunsa da, gündemxeber.az-ın apardığı araşdırmalar əsasında məlum oldu ki, 1985-ci il təvəllüdlü və daha gənc yaşlarında ikən İmişli rayonunun Qızılkənd və Ağamədli kəndlərində müəllim işləmiş, daha sonra “N” saylı hərbi hissədə vəzifə sahibi olmuş və hərbi hissə komandanlığının əvəzindən rəsmi sənədə imza atdığına görə daşıdığı vəzifəsindən qovulmuş, 2017-ci ildən indiyə kimi İmişli rayonunun Hacırüstəmli kənd icra nümayəndəliyində müavin vəzifəsini daşımaqda olan Niyaməddin Cəfərov, görəsən dövlət qulluqçusu olaraq Qanunun belə bir tələblərinə əməl edirmi? Əsla yox! Bu yöndə apardığımız araşdırmalardan, Hacırüstəmli kənd sakinləri arasında yayılan söz-söhbətlərdən bəlli olur ki, adı çəkilən bu vəzifə sahibi heç bir halda Qanunun tələblərinə əməl etmir, əksinə o, çalışdığı sahəyə daha çox utanc hissi gətirməklə məşğul olur. Bu və digər məsələlərlə bağlı redaksiyamıza çatdırılan məlumatlardan bəlli olur ki, bir müddət bundan öncə sakinlərin vaksinasiya olunmalarını həyata keçirmək üçün, İmişli MRX-dan Hacırüstəmli kənd tibb məntəqəsinə bir nəfər Göyçək adlı (ad şərtidir, amma həmin xanımın əsl adı redaksiyamıza məlumdur) tibb bacısı göndərilir. Günlərin birində iş saatlarından sonra gənc və enerjili olan, həmçinin kənd icra nümayəndəliyində müavin vəzifəsini daşıyan Niyaməddin Cəfərov, tibb bacısına “bir könüldən min könülə aşiq olur” və ona əlüstü “sancaq saçmaq” qərarına gəlir. Söylənilənlərə görə, çox keçmir ki, bu “sancaq saçmaq” əməliyyatının səs-sorağı, sanki ildırım sürətilə kənd sakinləri arasında yayılır və kiçikdən böyüyə hər kəsin ciddi müzakirələrinə səbəb olur. Belə olan halda Göyçək adlı tibb bacısı ləngimədən “göyçək addım”ını atır və müəyyən dedi-qodulardan, yerli sakinlərin küncdə-bucaqdakı müzakirələrindən qurtulmaq üçün tibb məntəqəsini tərk edir və bir daha iş başına qayıtmır. Yaşanan olayla bağlı əksəriyyət belə bir qənaətə gəlir ki, Niyaməddin Cəfərovun atdığı addım nə əxlaqımıza, nə etikamıza sığışır, nə də ki, onun özünün daşıdığı məmur vəzifəsinə yaraşır. Çünki, bu şəxs dərk etməli idi ki, o, doğulub boya-başa çatdığı Qızılkənd kəndindən xeyli aralı məsafədə yerləşən Hacırüstəmli kəndində çalışır və bu kənddə icra nümayəndəsinin müavin vəzifəsini daşıyır. Deməli, Niyaməddin Cəfərov bir qədər gənc olsa da, əslində o, nümayəndəliyin rəhbər şəxslərindən biri hesab olunur. Yəni, bu şəxs öz davranışı, danışığı, yanaşması və s. kimi göstəriciləri ilə kənd sakinlərinə, bir sözlə ətrafda olan hər kəsə, ələlxüsus gənclərə nümunə olmalı olduğu halda, o, belə bir addımını atır və MRX-dan göndərilən tibb bacısına əlüstü “sancaq saçır”.
Əldə etdiyimiz məlumatlara görə, baş verən olaylardan sonra kənd sakinlərinin tam əksəriyyəti belə bir qənaətə gəlirlər ki, İmişli RİH-nin başçısı cənab Elçin Rzayev, Hacırüstəmli kənd icra nümayəndəliyində müavin vəzifəsini daşıyan Niyaməddin Cəfərovla bağlı lazımi tədbirlərini görəcək. Yəni, ona oturduğu “kreslo”sundan “dur” deyəcək. Çünki, bu şəxsin atdığı addım təkcə əxlaqımıza, etikamıza, milli-mənəvi dəyərlərimizə deyil, bütövlükdə icra hakimiyyəti orqanlarının adına ləkədir. Ona görə ki, bu şəxs yuxarıda qeyd etdiyimiz kimi, dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməli olduğu halda, məhz belə bir yanaşmasını ortaya qoyur və iyrənc addımını atıb, adını dillər əzbəri edir. Təəssüf doğuran hal odur ki, bu günə kimi rəhbərlik tərəfindən Niyaməddin Cəfərovla bağlı heç bir tədbir görülməyib, əksinə RİH Aparatında yüksək çinli vəzifə sahiblərindən bəziləri onu müdafiə etməyə meylli görünürlər. Bu da onu sübut etməyə əsas verir ki, Niyaməddin Cəfərov ona qarşı heç bir cəza tədbiri görülmədiyini hiss etdiyindən, bu gün o, özünü olduqca rahat hiss edir. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq. Mövzuya qayıdacağıq.
Gundemxeber.az
Tarix: 2-12-2021, 22:46
Xəbəri paylaş





Xəbər lenti