“Abıyev dedi ki, “işverənlik” elə, razılaşmadım, şərlədilər”


Göygöl sakini Arif Allahverdiyev 2 il həbsdə saxlandıqdan sonra məhkəmə belə nəticəyə gəlib ki, onun təqsiri yoxdur, şərlənərək həbs edilib.
2019-cu ilin dekabrında həbs olunan 58-yaşlı Allahverdiyev 2021-ci il noyabrın 24-də məhkəmə zalından azadlığa buraxılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində onun haqqında bəraət hökmü çıxarılıb.

İttihamnamə

Allahverdiyevə qarşı irəli sürülmüş ittihamda göstərilib ki, o, 2019-cu il dekabrın 25-də yarım kiloqramdan artıq heroini Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Çinarlı kəndindən keçən hissəsində maşında 15 min 200 manata satanda tutulub. Onu saxlayanlar isə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları olub.
İddia olunur ki, Allahverdiyev saxlandıqdan sonra onun evində də özünün iştirakıyla axtarış aparılıb. Evin həyətindən də yarım kiloqrama yaxın narkotik maddə tapılıb.
Cinayət işinin materiallarında yazılıb ki, Allahverdiyev narkotik satdığını tanışı Zirəddin Məhərrəmova deyib, ondan alıcı tapmaqda kömək istəyib. Məhərrəmov isə narkotiklərin dövriyyəsinə qarşı mübarizə məqsədilə bu haqda şöbəyə öncədən məlumat verib. Şöbənin əməkdaşları da Allahverdiyevi tutmaq üçün plan hazırlayıb, elə Məhərrəmovun özünün köməyi ilə həyata keçiriblər. Üstəlik, bir şərti alıcı da tapıblar ki, narkotiki ona satanda Allahverdiyevi yaxalasınlar.

“Dedi ki, sən buna görə cavab verəcəksən”

Allahverdiyev isə deyir ki, ittiham quramadır, nə kiməsə narkotik satıb, nə də evindən narkotik tapılıb. Onun sözlərinə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəisi Zəfər Abıyevin “işverənlik” təklifini rədd etdiyinə görə cəzalandırılıb.
Allahverdiyev 2018-ci ilin sentyabrında qanunsuz silah və satış məqsədi olmadan narkotik əldə etmə maddəsi ilə suçlanaraq 1 il azadlıqdan məhrum edilib. O, cəzasını çəkib, 2019-cu il sentyabrın 3-də evinə qayıdıb: “Həbsdən çıxandan üç-dörd gün sonra məni insult vurdu, sağ tərəfim iflic oldu, iki ay müalicə aldım. Təxminən oktyabr ayında evdə xəstə yatdığım vaxt Zəfər müəllim mənə zəng elədi. Onu xeyli vaxtdır tanıyırdım. Məndən “işverənlik” eləməyimi istədi. Ona kobud cavab verdim. Mənə dedi ki, sən buna görə cavab verəcəksən. Ondan sonra bu tələni mənə qurdular”.

“Dedim ki, neynirsən elə, nə satırsan sat…”

Allahverdiyev saxlanılarkən Zirəddin Məhərrəmov da onun yanında olub. Onun sözlərinə görə, 2017-2018-ci illərdə Göygöl rayonunda – Bakıya gedən yolun sağ tərəfində 0.6 sot torpağını Maarif adlı adama 6 min manata satıb. Həmin vaxt Zirəddin pulu olduğunu bilib, ondan borc istəyib. Allahverdiyevin sözlərinə görə, ona borc verib və bir müddət sonra həbs edilib. Ona görə də həbsdən buraxılıb xəstə yatdığı dövrdə ondan pulunu qaytarmağı tələb edib: “Hər dəfə bu gün-sabah deyə-deyə uzadırdı. Günlərin birində zəng eləyib dedi ki, “məndə narkotik var, onu satıb pulunu verəcəm”. Düzü, mən də dedim ki, neynirsən elə, nə satırsan sat, mənə maraqlı deyil, mənim pulumu ver. Bir gün də dedi ki, gedirəm satmağa, istəyirsən, mənimlə gəl, elə satan kimi sənin pulunu verim. Ona inanmırdım ki, pulumu qaytarar. Ona görə fikirləşdim ki, yalançını sona qədər qovarlar, birdən pulu olsa, dərhal ondan alım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Zirəddin maşında bir nəfərə narkotik olan torbanı verib, pulu da alıb. Az sonra polislər gəlib, onu şöbəyə aparıblar. Polis şöbəsində təzyiqlərə məruz qaldığını, döyüldüyünü, oğlunu həbs etməklə hədələndiyini deyən Allahverdiyevin sözlərinə görə, polislər özləri ilə gətirdikləri narkotik dolu torbanı həyətdə toyuq hininə qoyublar. Sonra isə çəkiliş aparılaraq oradan tapıldığını iddia ediblər.

“Bakının hər tərəfi kameradır”

İlkin ifadəsini təzyiq altında verdiyini, bu üzdən tələb olunan sənədləri oxumadan imzaladığını deyən təqsirləndirilən şəxsin özü də, ailə üzvləri də sonradan müxtəlif dövlət orqanlarına şikayətlər yazıb. Məktublarda polislərin onlarla əməkdaşlıq edən Zirəddin Məhərrəmovla əlbir olub onu şərlədikləri vurğulanıb: “Yazıblar ki, guya o narkotik maddəni Bakıda “Space” kanalının yanından zibil qutusundan götürmüşəm. Yalandır. Bakının hər tərəfi kameradır. Baxıb görsünlər ki, mən nə vaxt o deyilən yerdə olmuşam?”.
Zəfər Abıyev də bu iş üzrə məhkəmədə dindirilib. O, Allahverdiyevi əvvəldən tanıdığını və silaha görə həbs cəzasını çəkib buraxılandan sonra ona zəng etdiyini təsdiqləyib: “Məqsədim köhnə tanış kimi, onun hal-əhvalını, köməyə ehtiyacı olub-olmadığını soruşmaq idi. Arif dedi ki, həbsdən çıxandan sonra imkanı pisdir, borcları var, həbsdə olanda iranlılarla tanış olub…”.
Abıyev ona “iş vermək” təklifi etmədiyini, bundan imtina etdiyinə görə onu hədələmədiyini də əlavə edib.

“Birinin əlində sellofan torba vardı”

Allahverdiyevin oğlu da məhkəmədə şahid qismində dindirilərkən bildirib ki, təxminən səkkiz-doqquz nəfər polis atası ilə birlikdə evlərinə gəlib. Onlara yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyəndə polislər silahlarını göstərərək geri çəkilməyi tələb edib: “Birinin əlində sellofan torba vardı. O torbanı toyuq hininin yanındakı dən vedrəsinin içinə qoydu. Mən səkkiz-doqquz metr aralıda idim. Birdən Zəfər Abıyev mənim baxdığımı görüb digər polislərə göstəriş verdi ki, məni uzaqlaşdırsınlar. Narkotiki də oradan götürüb yerini dəyişdilər”.
Məhkəmə araşdırmaları zamanı aydın olub ki, istər Zirəddin Məhərrəmov, istərsə də bu işdə hal şahidi qismində tanınan başqa şəxslər xeyli başqa cinayət işlərində də “şərti alıcı”, “təlimatlandırılmış şəxs”, “hal şahidi” statusunda iştirak edib.
“Bu şəxslərin polis orqanları ilə əməkdaşlıq etməsi, “növbətçi” əlaqələrə malik olduqları aydın görünür. Onların obyektiv həqiqətlərin üzə çıxması üçün əməliyyat tədbirində iştiraklarının qərəzsiz olması ciddi şübhələr yaradır. Ona görə də məhkəmə onların iştirakıyla tərtib edilmiş protokolları mötəbər sübut kimi qəbul etmir”, – məhkəmənin hökmündə yazılıb.

Videoçəkiliş

Bundan başqa, iş materiallarına əlavə edilmiş videoçəkilişlərdə Allahverdiyevin pulun ondan yox, Məhərrəmovdan çıxdığını deməsi, bu yerdə çəkilişin dayandırılması və s. halları da məhkəmə onun təqsirsizliyinə dəlalət edən sübut kimi qəbul edib.
Hadisə vaxtı regional şöbənin rəisi olmuş Zəfər Abıyev az sonra – 2020-ci ilin fevralında Bakıya – Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisinin müavini vəzifəsinə təyinat alıb.
Bir müddət əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində Abıyevin iştirak etdiyi başqa bir əməliyyat tədbirində həbs olunan şəxs haqqında da bəraət hökmü çıxarılıb. Məhkəmə belə nəticəyə gəlib ki, narkotik ittihamıyla həbs olunan Ağstafa sakini Polad İmamverdiyev təqsirsizdir, onun evindən çıxdığı iddia olunan narkotikin ona aidiyyəti yoxdur. Həmin narkotikin ora əməliyyatda iştirak edən polislərin özləri tərəfindən qoyulmasıyla bağlı ciddi şübhələr var.
Azadlıq radiosu
Tarix: 11-12-2021, 08:47
Xəbəri paylaş





Xəbər lenti