Bələdiyyə sədri özündən əvvəlki sədrin əməllərini üzə çıxartdı - Sənədlər saxtalaşdırılıb



Mingəçevir bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayevin cinayət işi üzrə məhkəmə araşdırması keçirilib. Onun sənədləri saxtalaşdırdığı məlum olub. Bütün bunların üstünü isə indiki bələdiyyə sədri açıb.
Musavat.com xəbər verir ki, Coşqun Abdullayev 2013-cü ildən 2020-ci il tarixədək bələdiyyənin sədri vəzifəsində işləyib.
İttihama görə Abdullayev həmin müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlar arasında nüfuz qazanmaq və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığına yol verib.
Coşqun Abdullayevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə araşdırması Mingəçevir Şəhər Məhkəməsində baş tutub.
Məhkəmə istintaqı zamanı məlum olub ki, Coşqun Abdullayevin qanunsuz əməlləri ilə bağlı Mingəçevir Şəhər prokurorluğuna indiki bələdiyyə sədri məlumat verib.
İstintaqla müəyyən edilib ki, Coşqun Abdullayev kollektiv orqan olaraq fəaliyyət göstərən Mingəçevir bələdiyyəsi tərəfindən qərar qəbul edilməsinə əsas olan müvafiq məsələləri bələdiyyənin gündəliyinə çıxarmadan, torpaqların istifadəyə, icarəyə və mülkiyyətə verilməsi zamanı açıq torpaq hərraclarını və müsabiqələrin keçirilməsini təmin etmədən, bələdiyyə üzvləri tərəfindən bələdiyyə iclasında müzakirəsi olunmadan və bu barədə Mingəçevir bələdiyyəsinin iclas protokollarında heç bir qeydiyyat işləri aparılmadan öz qulluq səlahiyyətlərindən sui-istifadə edib.
Məlum olub ki, Coşqun Abdullayev özündən əvvəlki bələdiyyə sədrinin imzaladığı sərəncamlara da dəyişikliklər edərək qanunsuz əməllərini davam etdirib.
Coşqun Abdullayev elan olunmuş ittihama münasibət bildirərkən deyib ki, ayrı-ayrı şəxslərə obyekt tikməyə, mövsümi kafe açmaq üçün torpaq sahəsi verilməsinə şərait yaradıb, amma bunun qarşılığında heç kimdən pul almayıb.
Mingəçevir bələdiyyəsinin nümayəndəsi, hüquqşünas bildirib ki, bələdiyyə tərəfindən qərar qəbul edilməsi üçün mütləq bələdiyyə iclasında bələdiyyənin bütün üzvləri tərəfindən müvafiq qərar qəbul edilməsi üçün səsvermə keçirilməli və bütün bunların nəticəsində bələdiyyə qərarı qəbul edilməlidir: “Yəni bələdiyyə qərarı qəbul edilməsi üçün bələdiyyənin yetərsay hesab olunan üzvləri həmin prosesdə iştirak etməlidir. Bələdiyyənin sədri tərəfindən təkbaşına qərar qəbul edilə bilməz. Müvafiq qərar qəbul edilməsi üçün Mingəçevir bələdiyyəsinin üzvləri tərəfindən səsvermə keçirilməyibsə və bu barədə bələdiyyənin iclas protokolunda qeydiyyat aparılmayıbsa, həmin qərar saxtadır”.
Bütün bunlara baxmayaraq bələdiyyə nümayəndəsi Coşqun Abdullayevə həbslə bağlı olmayan cəza verilməsini istəyib.
Mingəçevir Bələdiyyəsinin hazırkı sədri Ramiz Əliyev məhkəmədə təsdiq edib ki, Coşqun Abdullayevin qanunsuz əməlləri barədə prokurorluğa müraciəti özü edib: “Müraciətimdə qeyd olunan qərarların heç biri Mingəçevir bələdiyyəsinin gündəliyinə çıxarılıb müzakirə edilmədən, kollegial orqan olan bələdiyyə üzvlərinin iradəsini əks etdirmədən verilib. Həmin qərarlar saxtalaşdırılıb. Mingəçevir bələdiyyəsində qəbul edilmiş qərar, protokol və müqavilələrin qeydiyyat kitabı olmayıb. Bələdiyyə sədri vəzifəsinə təyin olunduğum vaxtdan etibarən qəbul edilmiş qərar, protokolların və müqavilələrin qeydiyyatı kitablarının hər birini tərtib etdirmişəm”.
Məhkəmə araşdırması zamanı şahidlər və təqsirləndirilən şəxsin ifadələrindən məlum olub ki, istintaq zamanı müəyyən edilən qamunsuzluqlardan Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Niyazi Bayramov və digər vəzifəli şəxslər də məlumatlı olub.
Hakim Məhburə Kərimova sabiq icra başçısının əməllərinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyi qənaətinə gəlib. Coşqun Abdullayev məhkəmənin hökmü ilə 4 min manat cərimə olunub.
Tarix: 20-01-2022, 23:53
Xəbəri paylaş





Xəbər lenti