Tərtərdə “İdman həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib



03-05 mart 2022-ci il tarixlərdə, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsasında “5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr edilmiş mini futbol idman növü üzrə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında rayon çempionatı keçirilmişdir.
Yarışa rayonun ümumtəhsil məktəblərindən 28 komanda qatılaraq mübarizə aparmış və yarış Olimpiya sistemi(uduzan çıxır) əsasında keçirilmişdir.
Üç gün davam edən çempionatın final mərhələsini Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da izləmişdir. Qalib komandalar bəlli olduqdan sonra təltifetmə mərasimində iştirak edən rayon rəhbəri çıxış edərək bildirdi ki, Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə bədən tərbiyəsi və idman gününün martın 5-i qeyd olunması heç də təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və avropa çempionatlarının qaliblərilə görüşüb. “İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz,” – deyib Ulu öndərin bu tarixi sözləri söylədiyi həmin tədbirdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strateji istiqamət müəyyənləşdirildi. Həmin tarixi görüşdən az sonra Azərbaycan Prezidenti Yanında İdman Fondu yaradıldı. Görüşün iştirakçılarından olan idman mütəxəssisləri 5 martın Azərbaycanın idman həyatında dönüş nöqtəsi olduğunu bildirir.
İlham Əliyevin milli olimpiya komitəsinin prezidenti seçiləndən sonra ölkəmizdə idmana diqqət daha da artdı. Maddi-texniki baza möhkəmləndirildi, idmançıların məşq şəraiti yaxşılaşdırıldı, onların yarışlara peşəkar səviyyədə hazırlaşması üçün lazımi tədbirlər görüldü. Bütün bunlar tezliklə mötəbər turnirlərdə öz əksini tapdı və bu gün ölkəmizdə idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı davam etməkdədir.
Tərtər rayonunda Olimpiya İdman Kompleksinin, Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Gənclər Mərkəzinin, mini futbol meydançalarının tikilməsi məhs bu qayğının bariz nümunəsidir.
Yekunda l yerin qalibi Bəyimsarov kənd tam orta məktəbin komandası diplom və kubokla, ll yerin qalibi Səhləbad kənd tam orta məktəbin komandası və lll yerin qalibi Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası müvafiq diplomlarla təltif edildilər. Eyni zamanda yarışın hakimləri Şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rafael Mahmudov, Şəhər 2 saylı məktəb-liseyin fiziki tərbiyə müəllimi Elşən Mehdizadə, Qapanlı kənd tam orta məktəbin fiziki tərbiyə müəllimi Elfariz İsayev, Şəhər 5 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Mahir Qurbanov yarışı yüksək səviyyədə idarə etdiyinə görə fəxri fərmanlarla təltif edildilər.
Yekunda idmançılar onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 5-03-2022, 19:32
Xəbəri paylaş





Xəbər lenti