Göyçay icra başçısının "sağ əli" iki gündür dindirilmədədir - Əməlləri bir-bir üzə çıxır


Göyçay icra başçısının


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Göyçay Rayon İcra Hakimiyyətində apardığı yoxlamalar çərçivəsində rayon icra strukturlarında yüksək vəzifə tutan şəxslər dindirilir. Sfera.az-a daxil olan məlumata görə, dindirilənlər arasında rayonun "təcrübəli məmur”larından Şükürov Rəşad Əlbala oğlu da var.
Bu ad rayon əhalisinə yaxşı tanışdır. O, rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. Məlumata görə, icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntularında R.Şükürovun da əli var.
R.Şükürov uzun müddət rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb və bu dövrdə o, böyük "təcrübə” qazanıb. Şükürovun böyük "təcrübə”sindən rayona təyin edilən icra başçıları daim faydalanıb. Buna görə də o, həm Mübariz Ağayevin, həm də Mehdi Səlimzadənin dövründə lazımlı kadr kimi istifadə edilib. 
Şükürovun tutduğu vəzifə rayonda inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən ən böyüyü və daha mühümüdür. Bu vəzifənin yaratdığı imkanlara uyğun olaraq şəhər rəhbəri rayon mərkəzində yerləşən bələdiyyələrlə, Göyçay şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, sahibkarlar və digər təşkilatlarla "qarşılıqlı fəaliyyəti” gücləndirib.
Şükürovun tabeliyində şəhərdəki mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahələri, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlar (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) olub. O adıçəkilən qurumların fəaliyyətini tənzimləyərək rayon icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələləri "əlaqələndirə” bilib.
Göyçayda işləyən, bura sərmayə qoyan kiçik və orta sahibkarlar, kənd təsərrüfatı məhsullarının istehsalçıları və onların satışını həyata keçirən şəxslər, həmçinin şəhər sakinləri Şükürov barədə dəfələrlə şikayətlərini dilə gətiriblər. Bu barədə mediada da kifayət qədər faktlar işıqlandırılıb. 
Kiçik və orta sahibkarlardan adi məsələlərə görə çətinlik yaradaraq rüşvət alınması, fərdi mənzillərin tikintisi üçün razılıqların verilməsinə, bələdiyyələrin sərbəst fəaliyyətinə görə qeyri-rəsmi ödənişlərin alınması Göyçayda adi hala çevrilib. Şəhərdə təmizliyin təmin edilməsi, tullantıların daşınması, şəhərin küçələrinin abadlaşdırılması və işıqlandırılması üçün dövlət büdcəsindən ayrılan böyük vəsaitlərin təyinatdankənar istifadəsində də Şükürovun xidmətlərinin olduğu bildirilir.
Ümid edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rayon icra strukturlarında apardığı yoxlama və dindirmələrdən sonra Şükürov kimilər daha belə məsul vəzifələrdə çalışa bilməyəcək.
Tarix: 9-03-2022, 18:28
Xəbəri paylaş





Xəbər lenti