“Kənd əhalisindən rüşvət yığaraq torpaqları bölüşdürüblər” - Açıqlama


Bərdə rayon Lənbəran kənd sakini Şəhriyar Hüseynov kənddəki torpaq sahələrinin bələdiyyə tərəfindən zəbt olunaraq başqa şəxslərə satıldığını iddia edir.
“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, kənddə ümumilikdə 646 hektar bağ torpaqlarının koordinatları səhv göstərilib. Sakinlərin isə bundan xəbəri olmayıb.
O, koordinatlara düzəliş edilərkən bələdiyyə sədri Qaraş Hacıyevin sahələri başqa şəxslərin adına rəsmiləşdirdiyini deyir: “3 min, 6 min manat rüşvət alaraq onlarla kəndlinin sahəsinin koordinatlarını düz yazdırıb. Pul ala bilmədikləri vətəndaşların isə torpaqlarının koordinatlarını səhv vurublar. Əlimizdə sübut olmasa da, bilirik ki, kənd əhalisindən rüşvət yığaraq torpaqları bölüşdürüblər.
Mənim 1.27 hektar istifadəmdə olan, 75 sotu çıxarışla adıma olan, içində “Azercell”in ötürücüsü olan bağımı 10 min manat müqabilində Akif İsmayılovun adına keçiriblər. Halbuki mənim “Azercell”lə 20 illik müqaviləm var. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdik, izahatımız alındı. Həmçinin Bərdə Rayon Prokurluğunda izahat vermişəm. Amma şikayətimə baxılmır. Bərdə rayon prokuroru Rəşad İsgəndərov işə laqeyd yanaşır”.
Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Qaraş Hacıyevlə əlaqə saxladıq. Sədr “Qafqazinfo”ya açıqlamasında iddialara belə münasibət bildirib: “Bu torpaqlar 1999-cu ildə bölünüb. Bölgünü aparan da elə Şəhriyarın atası olub. Kolxozlar dağılandan sonra Şəhriyarın atası İslahat Komissiyasının sədri olub. Üstəlik, məndən əvvəlki bələdiyyə sədri də atası olub. 1999-2010-cu illərdə Lənbəran bələdiyyəsinə sədrlik edib. Pul alan özləri olublar. Prokurorluğa şikayət verib, yoxlayıblar, izahat da vermişəm. Özlərinə də bildirmişəm ki, hər hansı şübhəli məqam varsa, məhkəməyə müraciət etsinlər, hüquqi müstəvidə məsələni aydınlaşdırsınlar.
Kənddə 980 payçı var, mən hamısının yerini dəqiq bilə bilmərəm axı. Şəhriyar Hüseynov bələdiyyə tərəfindən ona verilən torpaqları satıb, indi istəyir bu bağı da adına keçirib satsın. Amma qonşusu deyib ki, “ora mənimdir, hara satırsan?” İndi hər ikisi məndən narazıdır. Bakı və Mingəçevir üzrə regional Layihə Tədqiqat Mərkəzinə müraciət etmişəm. Gəlsinlər, yoxlasınlar, koordinatlar nə göstərir, torpaq kimindirsə, ona versinlər”.
Şəhriyar Hüseynovun məsələyə prokurorluqda laqeyd yanaşılması iddiası ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən müraciətimizə cavab olaraq bu bildirilib: “Şəhriyar Hüseynovun müraciəti əsasında Bərdə rayon prokurorluğunda araşdırma aparılmaqla vətəndaşa müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq izah verilmişdir”.
Tarix: 21-03-2022, 14:01
Xəbəri paylaş





Xəbər lenti