İcra başçısının Sarov kəndində səyyar qəbul görüşü olub
Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması və qəbullarda qaldırılan məsələlərin araşdırılıb həllinə nail olunması, vətəndaş məmnunluğunu təmin etmək Tərtər Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsasını təşkil edir. Yaşayış məntəqələrində rayon icra hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul görüşlər də bu qəbildəndir. Siam.az xəbər verir ki, icra başçısı növbəti dəfə rayonun Sarov kəndində vətəndaşları qəbul edib. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Bildirib ki, Sarov İnzibati Ərazi Dairəsi 5 kəndi əhatə edir: Sarov, Bildirçinli, Kovdadıq, Umudlu və Rəcəbli kəndləri. Sarov kənd İnzibati Ərazi dairəsinin 1911 hektar ərazisi, 509 təsərrüfatı, 2237 nəfər əhalisi, 930 hektar pay torpağı var. Kənddə 1 tam orta, 1 ümumi orta, 1 ibtidai məktəb, 3 tibb məntəqəsi, 1 kitabxana, 6 iaşə obyekti, 1 poçt, 1 ATS, 7 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz ilə təmin olunublar. İcra nümayəndəsinin məlumatından sonra vətəndaşların müraciətləri dinlənilib. Rəcəbli kənd sakinləri Rövşən Şirinov kənddə telefon xəttinin olmaması, Vüsal Mirzəyev içməli suya ehtiyac olması, Sarov kənd sakinləri Əbülfəz Kərimov pay torpağının aftomobil yoluna yaxın hissəsinə məişət tullantılarının atılması, Xalidə Əliyeva evlərinin yaxınlığında yerləşən yanmış işıq dirəyinin dəyişdirilməsi, Zaman Bayramov işlə təmin olunması ilə bağlı müraciət etdilər. Qaldırılan məsələlərin bəziləri yerində həll olundu, bir qismi nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik etdi. Sonra o, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində aparılan islahatlardan, Vətən müharibəsindən sonra rayonda gedən tikinti abadlıq işlərindən, Vətən müharibəsi zamanı rayonun infrastrukturuna dəyən ziyanla bağlı, mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı. Birinci Qarabağ müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordenli Şahlar Allahverdiyevin atası Mənsim Allahverdiyev çıxış edərək şəhid və qazi ailələrinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığlarını bildirdi.