Naxçıvan MR Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə yenicə yazmağa başlayanda xəstəxananın üzündən zəhrimar yağan baş həkimi Zəbur Bağırovun sifət cizgiləri dəyişilmişdi. Deyilənlərə görə, yazılardan sonra sifətində 180 dərəcəlik dəyişiklilər edən baş həkim dodağına gülüş qondurub xəstələrin və işçilərinin qarşısına çıxır, günün böyük hissəsini isə kabinetdə keçirir, gözə çox görünməməyə çalışırdı. Son zamanlar isə onun qarışığının açıldığı, yenə köhnə xasiyyətinə qayıtdığı xəbər verilir. Bu da Zəbur həkimin Muxtar Respublika rəhbərindən “yazılanlara fikir vermə, xəstəxananı öz bildiyin kimi idarə et” təlimatını alması ilə izah olunur.Bəs, bir neçə ay ərzində Zəbur həkimin üzündə baş verən bu ani dəyişiklərin səbəbi nə ola bilər?
Ovqat.com-a xəstəxanadan ötürülən məlumatlar bu suala qismən aydınlıq gətirir.
Naxçıvan MR Mərkəzi Xəstəxanasındakı mənbələrimizdən aldığımız məlumata görə, 3 gün əvvəl xəstəxanaya boğazından və qollarından bıçaq yarası alan bir şəxs gətiriblər. Deyilənlərə görə, hadisə “Grand Oteldə” baş verib, hansı ki, həmin otel Talıbovlar ailəsinə məxsusdur.
Hadisə gizli saxlanıldığından onun necə və hansı şəraitdə baş verdiyi barədə təfsilatlı məlumat ala bilmədik.
Mənbəmizin bildirdiyinə görə, bu hadisədən sonra baş həkim Zəbur Bağırov xəstəxananın gündəlik toplantısını keçirib və iclasda xəstənin psixolojik problemləri olduğunu idda edib. İclasdan sonra Psixoloji xəstəxananın baş həkimini yanına çağıraraq yaralıya psixi xəstə diaqnozu qoymasını istəyib.
Mənbəmizin təxminlərinə görə, Zəbur həkimin üzündə yenidən zəhrimar tuluqlarının peyda olması da məhz bu hadisə ilə birbaşa əlaqəlidir.
Məsələ burasındadır ki, “Grand Otel” artıq bir ildən çoxdur ki yerli camaat arasında “bariton otel” kimi tanınır. “Çox rahatlıqla bəzi qadınlar orada öz müştərilərinə randevu verə bilirlər. Yerli şəxslərin o oteldə qalması ancaq bu məqsəd üçün ola bilər. Burada tam aydınlaşdıra bilmədiyimiz məsələ zərərçəkənin oteldə görüşməyə gələn qadınların qohumu yoxsa müştəri olduğudur”.
Mənbəmiz xəstənin psixi problemi olan şəxs kimi göstərilməsinin səbəbini insidentin ört-bas edilməsi cəhdindən qaynaqlandığına inanır.
Maraqlıdır ki, bu hadisədən sonra Zəbur həkimin üzündəki zəhrimar tuluğu da böyüyüb. Hətta son iki ayda xəstəxananın gündəlik toplantısını aparmaq başqa həkimlərə həvalə edildiyi halda, “Grand Otel” qalmaqalından sonra həmin imtiyaz yenidən baş həkimə qaytarılıb. Görünür, Zəbur həkimin Naxçıvanın ali hakimiyyətinin biznes fəaliyyətinə kölgə düşürən məlum hadisəni yaxşı ört-basdır etmək qabiliyyəti yuxarı orqanlar tərəfindən təqdirlə qarşılanıb və ona yenidən “yaşıl işıq” yandırılıb. Zəbur həkim də “xan” həzrətləri qarşısında bərpa etdiyi etimadın sayəsində yenidən “zəhrimar tuluqlu üz” siyasətinə daha qərarlı şəkildə geri qayıdıb və 2 aylıq fasilənin əvəzini işçilərindən, xüsusilə də zəif təbəələr kateqoriyasına daxil olan tibb bacılarından və xadimələrdən çıxmağa çalışır.
Məlumata görə, Zəbur həkimin köhnə xasiyyətinə qayıdışının ilk qurbanı endekrinoloji şöbənin bir tibb bacısı olub. Bildirilir ki, “Grand Otel” qalmaqalından dərhal sonra baş həkim geri qayıdışını nümayiş etdirmək üçün xəstəxananın endekrinologiya şöbəsini yoxlamağa gedib. Xəstələrin geydiyyat jurnalını yoxlayarkən, bir hərf səhvi gözünə dəyib. Tibb bacısının üstünə çımxıraraq niyə belə böyük qəbahətə yol verdiyini soruşub. Tibb bacısı isə baş həkimin kobudluğuna gülərüzlə cavab verib gərginliyi yumşaltmağa çalışıb. Deyib ki, əslində mətndə səhv yoxdur, sadəcə xətti bir az pis olduğundan o cür görünür. Baş həkim mətni yenidən gözdən keçirib, tibb bacısının haqlı olduğunu görüb, amma özünü də “sındırmaq” istəməyib. Dönüb ona daha yüksək səslə bağırıb:
-Üzümə niyə hırıldayırsan? Get, evdə ərinin üzünə hırılda, - və digər daha nalayiq, alçaldıcı sözlərlə tibb bacısını aşağılayıb.
Hadisənin şahidi olan endekrinologiya şöbəsinin rəisi, baş həkimin qadın müavini və digər həkimlər isə müti qullar kimi (əslində daha betər, sadəcə xətirlərinə dəyməmək üçün layiq olduqları epitetlərdən istifadə etmədik) başlarını aşağı salaraq susublar. Guya əsəblərini guya cilovlaya bilməyən Zəbur həkim bir az da irəli gedərək, qeydiyyat dəftərini cırıb və tibb bacısına zəhmət çəkib onu səliqəli xətlə yenidən yazmağı və bu işi bitirmədən evə getməməyi tapşırıb.
Zavallı tibb bacısı vəziyyəti daha da gərginləşdirməmək üçün cırılmış vərəqələrin parçalarını yerdən toplayıb bir-birinə calayaraq, qeydləri yeni dəftərə köçürmək məcburiyyətində qalıb. Nəticədə iki gün evə gedə bilməyib.
Tibb bacısının taksi sürücüsü olan həyat yoldaşı xanımının iki gündür evə gəlmədiyindən qəzəblənib və xəstəxanaya hücum çəkərək onu bütün kollektivin qarşısında döyməyə başlayıb. Səs-küyə Zəbur həkim və xəstəxananın digər rəhbərləri kabinetdən çıxıb bu “döyüş səhnəsi”nə şahidlik ediblər. Taksi sürücüsü onların da üstünə çığırıb və Ali Məclisə şikayətə gedəcəyini bildirib.
Vəziyyətin tündləşdiyini görən baş həkim yenicə qazandığı etimadı bir daha itirməmək üçün öz qadın müavininə ər-arvadı ayırmağı və tibb bacısının ərini şikayətdən vaz keçirmək üçün “qaynar nöqtəyə” göndərib. Zəburun müavinəsi taksi sürücüsünü dilə tutaraq deyib ki, “axı burda nə var, baş həkimimiz bir az hövsələsizdir də, hirslənib, tibb bacısına bir qədər sərt göstəriş verib. Bunu niyə böyüdüb vəziyyəti tündələşdirirsiniz?”.
Qısası, bütün şöbənin kollektivi yığışıb uzun dil-ağızdan sonra taksi sürücüsü yola gətirə biliblər.
https://hurriyyet.az/az/post/naxcivan-sehiyyesinin-tursumus-uzu---ilginc-iddialar-364792
Tarix: 9-04-2022, 18:21