Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu
Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Sonra şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Tarix: 16-04-2022, 18:22