İcra başçısının Qaradağlı kəndində səyyar qəbul görüşü olub


Aprelin 22-də Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Qaradağlı kəndində səyyar-qəbul görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı onları müəqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib. Sonra o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. 
Rayon rəhbəri elə bu gün Şuşada işə başlayan Dünya azərbaycanlılarının V Qurultayının açılışında Ali Baş Komandan İlham Əliyevin çıxışı barədə də sakinlərə məlumat verib, ölkə rəhbərinin “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq!” fikrini vurğulayıb. Qeyd olunub ki, respublika Prezidenti Qarabağda, azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını “Zəfər Qurultayı” adlandırıb. 
Ali Baş Komandan bu haqda belə deyib: Biz bu gün Azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu təbiidir. Çünki Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır”.  
İcra başçısından sonra Qaradağlı kənd İƏD üzrə nümayəndənin müavini   Maarif Balayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Bildirib ki, Qaradağlı İnzibati Ərazi Dairəsi 2 kəndi əhatə edir: Qaradağlı və Təzəkənd kəndləri.
İnzibati Ərazi dairəsinin 1410 hektar ərazisi, 760  təsərrüfatı, 3185 nəfər əhalisi, 896 hektar pay torpağı var. Kənddə 2 məktəb, 2 tibb məntəqəsi, 2 kitabxana, 6 iaşə obyekti, 1 poçt, 1 ATS, 13 ticarət obyekti  fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 150 hektarda buğda, 50 hektarda arpa, 50 hektarda günəbaxan, 550 hektarda yonca, 49 hektarda pambıq əkirlər.  Kənd sakinləri 1316 baş iribuynuzlu, 1596 baş xırdabuynuzlu, 11335 baş ev quşları saxlayırlar. Sakinlər daimi işıq, qaz  ilə təmin olunurlar.
Kəndarası yolların 3000 metri təmir olunub, 2 ədəd subartezian vasitəsi ilə küçələrə su çəkilib,  4000 metr suvarma arxı təmizlənmiş, Qaradağlı və Təzəkənd kəndlərinin ərazisində 800 ədəd müxtəlif növ ağaclar əkilmişdir. 
İcra nümayəndəsinin məlumatından sonra vətəndaşların müraciətləri dinlənilib.
Kənd sakinləri Bayram Orucov yeni subartezian quyusunun qazılması, Ozcan Hüseynov işlə, Umud Hüseynov isə kəndlərində işığın zəif olması ilə bağlı müraciət ediblər. Qonşu Kəngərli kəndinin sakini Asəf Həsənov isə kəndin içməli su ilə təmin olunması ilə bağlı müraciət edib. 
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Kənd ağsaqqalı Bayram Orucov, Qaradağlı kənd tam orta məktəbin direktoru Eldəniz Ələsgərov kənd sakinlərinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tarix: 22-04-2022, 19:25
Xəbəri paylaş





Xəbər lenti