Göyçay sakini oğlunun şərləndiyini iddia edir-ŞİKAYƏT



Göyçay şəhəri H.Əliyev prospekti ev 80 ünvanında yaşayan Məmmədova Şəlalə Firudin qızı oğlunun şərlənərək həbs olunduğunu iddia edir. Ş.Məmmədova bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova ünvanladığı məktubun bir nüsxəsini Siam.az-a göndərib.
Şikayətçi bildirir ki, oğlu Elvin Məmmədov Göyçay polisi tərəfindən qanunsuz olaraq həbs edilib: “Mənim övladım, 1992-ci il təvəllüdlü Məmmədov Elvin Elçin oğlu 06 aprel 2022-ci il tarixində qondarma ittihamla şərlənərək həbs edilib. Elvin həmin gün Nəriman adlı rayon sakininin evində olan zaman oraya Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları basılaraq oğlumu həbs ediblər. Hansı ki, Elvin özünə məxsus VAZ-2107 markalı avtomobili satmaq üçün Nərimanın evinə gedib. Həmin adam oğlumun avtomobilini almaq istəyirdi. Oğlum Nərimanın evində olan zaman polislər basqın edərək, oğlumu həbs ediblər. Nərimanın evindən çıxan 1 qram heroinin oğluma heç bir aiddiyyatı olmayıb. Hətta Nəriman adlı şəxs heroinin onun özünə aid olduğunu bildirsə də oğlumu qanunsuz olaraq həbs ediblər”.

Ş.Məmmədova daha sonra qeyd edir ki, oğluna dözülməz işgəncələr verərək, narkotik vasitənin ona məxsus olduğunu boynuna almasını tələb ediblər. Şikayətçi yazır ki, hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan oğlunun vəziyyəti pisləşib.
Göyçay sakini ölkə rəhbərliyinə şikayət məktubu ilə müraciət edib və nazir Vilayət Eyvazovun 29 aprel 2022-ci il tarixdə Göyçay rayonunda keçirəcəyi qəbula yazılıb. Lakin Göyçay Rayon Polis Şöbəsi rəhbərliyinin onun Vilayət Eyvazovun qəbuluna düşməsinə imkan verməyəcəyi qənaətindədir: “İnanıram ki, cənab Vilayət Eyvazov mənim müraciətimi nəzərə alaraq, 29 apreldə sakini olduğum Göyçay rayonunda məni qəbul edib dinləyəcək”.
Şikayətdə göstərilənlərlə bağlı Göyçay Rayon Polis Şöbəsinin də mövqeyini dərc etməyə hazırıq.
Tarix: 29-04-2022, 00:04
Xəbəri paylaş





Xəbər lenti