Geyimə görə şagirdi təhqir edən direktor CƏZALANACAQ – RƏSMİ




Göranboy rayonunun Səfikürd kənd orta məktəbində təhsil alan 6-cı sinif şagirdinin məktəbli geyiminin olmamasına görə direktor tərəfindən psixoloji təzyiqə məruz qaldığını və təhqir olunduğunu xəbər vermişdik.

Həmçinin Səfikürd kənd orta məktəbinin direktoru Lamiyə Abışovanın məktəbli ətəyinin yerinə şalvarla gələn şagirdi dərsdən kənarlaşdırdığını qeyd etmişdik. Eləcə də Goranboy Rayon Təhsil Şöbəsinin müdir əvəzi Kifayət Rzayevanın məsələdən xəbərdar olması və araşdırma apardıqları barədə açıqlamasını dərc etmişdik. 
Maraqlıdır, şagirdi iki gün dərsdən kənarlaşdıran və sinif yoldaşları arasında təhqir edərək, psixoloji təzyiqə məruz qoyan direktor barədə hansı tədbir görülüb?

Bizim.Media-ya danışan Goranboy Rayon Təhsil Şöbəsinin müdir əvəzi Kifayət Rzayevanın sözlərinə görə bu hadisə ictimailəşməmişdən əvvəl təhsil şöbəsində bildirilməli idi:

“Valideynlər əvvəlcədən bizə baş verənlər barədə məlumat versəydilər, biz özümüz gedib məktəbdəki günahkarları cəzalandıra bilərdik. Həmçinin şagirdin dərsdən yayınmasının qarşısını ala bilərdik. Biz də mediadan öyrənmişik. Hazırda şagirdin valideynləri buradadır və izahatları alınır. Araşdırmağa çalışırıq ki, doğurdanmı o biabırçı sözlər uşağa deyilib, yoxsa şişirtmədirmi? Əlbəttə ki, bütün təhsil işçilərinin etik davranış qaydaları var və bu, çərçivəni aşmamalıdır. Məktəbin də özünün daxili intizam qaydalarına uyğun harada və necə qanun pozuntusu baş veribsə, günahkarlar cəzalanacaq. Heç kim cəzasız qalası deyil. Təhsildən uşağı yayındırmağa heç kimin səlahiyyəti çatmr. İstər direktor, istər müəllim və ya kim olursa olsun...”

Kifayət Rzayeva əlavə edib ki, hansı cəza növü ilə bağlı qərarın verilməsi üçün hər iki tərəflə bağlı tutarlı araşdırma aparılmalıdır:

“Bu məsələdə direktorla yanaşı uşaq birliyi və sinif rəhbəri də günahkardır Onlardan heç olmasa biri bu məsələni tənzimləyə bilərdi”.

Qeyd edək ki, məktəb direktoru 6-cı sinif şagirdi ilə kobud rəftar edərək, onu iki gün ard-arda dərsə buraxmayıb. Məktəbli ətəyi yararsız hala düşdüyü üçün şalvarla dərsə gələn qıza “yoxundur, get qonşudan al, ya da nənənin “ştanını” geyin” deyə cavab verib. 
Aldığımız məlumat görə Təhsil Nazirliyinin Uşaq birliyi tərəfindən məktəbə göndərilən psixoloq rəyinə əsasən uşağın psixoloji dəstəyə və müalicəyə ehtiyacı var.
Tarix: 29-04-2022, 15:15
Xəbəri paylaş





Xəbər lenti