Tərtərin icra başçısı Xoruzlu kəndində sakinləri qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Qaradağlı kəndində səyyar-qəbul görüşü keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Siam.az xəbər verir ki, kənd sakinlərini salamlayan icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. O, kənd təsərrüfatı işlərinin qızğın çağı olduğunu, suvarmada olan çətinliklərin aradan qaldırılması, sudan səmərəli istifadə edilməsi üçün aqrotexniki tələblərə uyğun suvarma aparılmasını, pay torpaqlarının birləşdirilərək kooperasiyalar yaradılmasını, suvarmada damcı suvarma sistemlərindən istifadə olunmasını tövsiyə edib.
Sonra Xoruzlu kənd İƏD üzrə nümayəndə Elçin Qasımov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Qeyd olunub ki, inzibati ərazi dairəsinin 950 hektar ərazisi, 345  təsərrüfatı, 1636 nəfər əhalisi, 740 hektar pay torpağı var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 körpələr evi-uşaq baxçası, 6 iaşə və 6 məişət xidməti obyekti, 1 poçt, 1 ATS  fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 180 hektarda buğda, 60 hektarda arpa, 234 hektarda günəbaxan, 196 hektarda yonca, 90 hektarda pambıq əkirlər.  Kənd sakinləri 605 baş iribuynuzlu, 1200 baş xırdabuynuzlu, 6800 baş ev quşları saxlayırlar.
Sakinlər daimi işıq, qaz və su ilə təmin olunurlar.
Xoruzlu kəndində “Vəkiloğlu” MMC və “Rekord” sahibkarlıq istehsal müəssisələri fəaliyyət göstərir ki, həmin müəssisələrdə, ümumilikdə, 600 nəfərə yaxın vətəndaş işləyir.
Kənddə elektrik xətlərinin bir hissəsi kabelləşdirilib. Kəndarası yolların 3000 metrində cari təmir işləri aparılıb, 4500 metr suvarma arxı təmizlənib, ərazidə 19 ədəd subartezian quyusu fəaliyyət göstəriri ki, həmin quyuların da hamısı işlək vəziyyətdədir.
İcra nümayəndəsinin məlumatından sonra vətəndaşların müraciətləri dinlənilib.
Kənd sakinləri Zakir Bayramov, Birliyant Musayeva, Mayıl Alışov, Afayət Şirinova və başqaları kənddə yeni subartezian quyusunun qazılması, kəndin elektrik xəttlərinin kabelləşdirilməsi, içməli su təminatının yaxşılaşdırılması ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Xoruzlu kənd tam orta məktəbinin direktoru Elşən Səfərov, kənd ağsaqqalı Zakir Bayramov sakinlərə, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Tarix: 7-05-2022, 10:03
Xəbəri paylaş





Xəbər lenti