Kəlbəcər rayonu 23 saylı tam orta məktəbinin hazırki xanım direktorunun kimliyi barədə şok məlumat almışıq. Demokratik.Az-a məktəbdən verilən məlumata görə, hazırda məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən xanım Samirə Əsgərova vaxtilə PKK-nın aktiv üzvü olmuş Kəlbəcər sakini Hajər Əsgərovun bacısıdır. Eləcə də, 1990-cı ilədək Dağlıq Qarabağ və Kəlbəcər rayonunda kürd (silahlı PKK) liderlərinin aşkar təbliğilə məşğul olmuş Şamil Əsgərovun qardaşı qızıdır.
Hazırda deyilən faktla əlaqədar məktəb kollektivilə yanaşı, rayon təhsil şöbəsində də geniş müzakirələr və narahatlıqlar yaranıb. Kəlbəcərlilər məhz Samirə Əsgərovanın 23 saylı məktəbə direktor gətirilməsinə, direktorluğun kürd əsilli bir xanıma həvaləsinə etiraz etməklə Kəlbəcər RTŞ-nin sektor müdiri Namiq Rəcəbovu və Təhsil Nazirliyini şiddətlə qınayırlar.
Təkzibedilməz məlumatlara görə, adıçəkilən məktəb direktorunun qardaşı Hajər Əsgərov illər əvvəl Türkiyənin kürdlər yaşayan ərazilərində müxtəlif hərbi təlimlərinə qatılaraq Van və Diyarbəkirdə PKK-nın sıralarında çiyin-çiyinə Türkiyəyə qarşı silahlı müqavimət göstərib. Hajərin illərlə dağlarda yaşadığı, hazırda isə Rusiyada olduğu, PKK kürdlərilə hələ də sıx bağlılığının olduğu iddia edilir.
Xatırladaq ki, yerli mediada Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbinin sabiq direktorları barədə də tənqidi materiallar yer alıb. Xatırlayırsınızsa, 2 il əvvəlki direktor Həqiqət Şükürova barədə də səs-küylü materiallar yayımlanıb, Sabiq direktorun öz avtomobilində musiqi sədaları altında video çəkərək sosial şəbəkədəki şəxsi hesabında paylaşması qınanılmış, bu səbəbə də direktorluqdan uzaqlaşdırılmışdı. H. Şükürova isə “Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürovun bacısıdır.
Ondan sonra, bir neçə ay öncəyədək direktor əvəzi işləyən Səkibə Ələsgərovanın məktəbi anarxiya və özbaşınalıq mühitində idarə etməsi, şagirdlərin "qiyabi" təhsil almalarına şərait yaratması, məktəbdə tədrisin çox aşağı səviyyədə olması ictimailəşdirilmişdi. Eləcə də, ötən həftələrdə metronun "Neftçilər" stansiyasının qarşısında anasını bıçaqlayaraq öldürən 15 yaşlı məktəbli də sözügedən məktəbin şagirdidir. Lakin, şagird polisə verdiyi izahatında bildirirdi ki, təhsil aldığı Kəlbəcər rayon 23 saylı məktəbin ünvanını tanımır.
Maraqlıdır ki, Kəlbəcər Təhsil Şöbəsi əksər məktəblərdə olduğu kimi, nədənsə bu qalmaqallı məktəbə də fərli-başlı bir direktor tapıb hələ də qoya bilməyib. Hazırda müvəqqəti də olsa, məktəb direktoru postunun PKK-ya bağlı bir şəxsin bacısına tapşırılması isə təkcə təhsilimizin məsələsi deyil, eləcə də bu faktın ciddi araşdırılmasına səsləyən milli təhlükəsizlik məsələsidir.
Osman Nərimanoğlu
Tarix: 23-05-2022, 21:48