Tərtərin icra başçısının səyyar qəbul-görüşü İsmayılbəyli kəndində olub


 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da icra başçısının yerlərdə səyyar qəbul-görüşləri mütəmadi şəkildə həyata keçirilir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinlərlə yaşadıqları ərazilərdə görüşərək, onları narahat edən məsələlərlə yerində tanış olur, problemlərinin həll olunmasına köməklik göstərir.

Siam.az xəbər verir ki, növbəti səyyar qəbul-görüş rayonun İsmayılbəyli kəndində keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP Rayon Təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin və bulağın önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq yerlərdə səyyar-qəbul görüşlər keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.
Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan danışıb. Bildirib ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da  danışıb. O, Rəqəmsal icra hakimiyyətinin Portalı barədə də sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portala müraciət etməyi tovsiyə edib.
İcra başçısı İsmayılbəyli kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Qeyd olunub ki, İsmayılbəyli kənd İnzibati Ərazi Dairəsinin 1220  hektar ərazisi, 389 təsərrüfatı, 1613 əhalisi, 792 hektar pay torpağı var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 kitabxana, 2 iaşə, 12 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 148 hektarda buğda, 95 hektarda arpa, 243  hektarda yonca, 186 hektarda pambıq əkiblər.
Onlar 686 baş iribuynuzlu, 831 baş xırdabuynuzlu,5516 baş ev quşları saxlayırlar.
Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.
Rayon rəhbəri kənddə görülmüş işlərdən də danışıb. Bildirib ki, İsmayılbəyli kəndinə gələn yol asfaltlanıb, yol kənarları abadlaşdırılıb, ərazidə 250 ədəd ağac əkilib. Kənddə əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə subartezian quyusu qazılıb, küçələrdə 16 ədəd bulaq quraşdırılıb. 2021-ci ildə kənddə 1 ədəd yeni subartezian quyusunun qazılması layihəyə salınıb, yaxın vaxtlarda quyunun qazılmasına başlanacaq. Görülən işlərlə yanaşı kənddə bir sıra problemlər də var. Beləki, elektrik naqillərinin kabelləşdirilməsinə, telefon xətlərinin dəyişdirilməsinə, yeni nömrələrin verilməsinə və internet istifadəçilərinin sayının artırılmasına ehtiyac var.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Sakinlər işlə təmin olunma, özünüməşğulluq problemlərinin həll olunması, həyətyanı və icarəyə torpaq sahəsi verilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, içməli su problemi və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, bəziləri barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda vətəndaş məmunluğu təmin olunub.
Sakinlər onlara   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Tarix: 11-06-2022, 14:06
Xəbəri paylaş





Xəbər lenti