Tərtərdə Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib
15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının Qərargahında ümumrayon tədbiri keçirildi. Tədbir iştirakçıları öncə Umummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad etdilər. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğuladı. Rayon rəhbəri qeyd etdi ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız-hesabsız təxribatlara sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac duyulurdu. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Azərbaycanı düçar olduğu bəladan qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. O dövrdə Heydər Əliyevlə bağlı ən adi informasiyalar hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc münasibət bəslənirdi. Ayaz Mütəllibovun təslimçilik ruhu, hakimiyyəti uzun sürə bilməzdi. Azərbaycan üçün yeni-yeni torpaq itkisinə və Xocalı soyqırımına səbəb olan bu hakimiyyət gedərkən onun yerini Azərbaycan Xalq Cəbhəsi tutdu. Bu, heç nəyi dəyişdirmədi. Çox qısa zamanda Azərbaycanda hakimiyyət boşluğu, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət anbaan, günbəgün kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən ermənilər torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin həm cənubunda, həm də şimalında separatçılar baş qaldırırdılar. Məqsəd aydın idi: Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsinin başladığına işarə idi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını, səriştəsizliyini göstərdi. Qardaş qanı axıdılarkən belə, nəticə çıxarılmadı, vətəndaş qarşıdurmasına yol verməmək üçün heç bir tədbir görülmədi. Cənub bölgəsinə Əlikram Hümbətovun qanunsuz hərəkətləri, şimalda separatçılıq meyllərinin güclənməsi ilə müşayət olunan vəziyyət daha da gərginləşməyə başladı. Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş günü kimi xalqımızın yaddaşında hər zaman əbədi yaşayacaqdır. Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli lider həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə çıxmaması üçün öz ağsaqqal sözünü dedi. Ulu öndərin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı. Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi. Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov məruzə ilə çıxış etdi. Çıxış edənlərdən Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsi Sərxan Cəlahani, Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon üzrə nümayəndə Ceyhun İsmayılzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Hacıqərvənd kənd İƏD üzrə nümayəndə Seymu Yusibov çıxış edərək dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd etmiş, onun hakimiyyətə gəlişilə ölkədə hərc-mərciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən YAP
sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim olunmuşdur.