Tərtərdə 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə tədbir keçirildi
Tərtərdə 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə tədbir keçirildi Siam.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər. Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğıdan danışaraq qeyd edib ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Həkimlərin fədakarlığından da danışan rayon rəhbəri vurğulayıb ki, yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Çıxışının sonunda rayon rəhbəri bir daha tibb işçilərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxış edərək səhiyyə işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib, Onlara çıtin və şərəfli işlərində uğurlar arzulayıblar. Tədbirin sonunda “17 İyun – Tibb işçilərinin peşə bayramı” münasibətilə rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Təşəkkürnamə ilə təltif olunub.