"İcra hakimiyyəti başçısının müavininə şər ataraq" - RƏSMİ AÇIQLAMA
21 iyun 2022-ci il tarixdə bəzi saytlarda “Müavin sakinləri necə aldatdı? Tərtər İH-də 13 minlik qalmaqal” başlığı altında verilmiş yazılar ilə bağlı bildiririk ki, rayonun Buruc kəndindən yeni subartezian quyusunun qazılması ilə bağlı şikayətçi olan sakinlər, ümumilikdə 10 nəfər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən başçının birinci müavini Elvin Umudovun, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Svetlana Əzizovanın, Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadovun iştirakı ilə qəbul edilmiş, dinlənilmiş və sakinlərə izah olunmuşdur ki, yeni subartezian vurulan zaman yerlər rayon icra hakimiyyəti başçısı tərəfindən deyil, komissiya tərəfindən seçirilir və yeni subartezianlar Respublika Prezidentinin Sərəncamı ilə dövlət tərəfindən vurulur.
Bunun üçün heç bir sakindən pul alınmamış, korrupsiya halına yol verilməmişdir. Ancaq müraciət müəllifləri verilən izahatdan razı qalmamış, yuxarı dövlət qurumlarına şikayət ərizələri, teleqramlar göndərirlər. Odur ki, 16 iyun 2022-ci il tarixdə Tərtər Rayon İcra hakimiyyəti başçısının müavini Abbas Cavadovun, Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş müdriyyətinin nümayəndəsi Möhübbət Məmmədovun, Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Məmmədovun, Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikovun və şikayət edən sakinlərin nümayəndələrinin iştirakı ilə Buruc kəndində qazılması nəzərdə tutulmuş Bərdə rayon sakini, şəhid atası Bəbişov İlqar İdris oğlunun Buruc kənd sakinlərindən aldığı əkin sahələrinə və şikayətçilərin pay torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən də şəhid atası Bəbişov İlqar İdris oğlunun kənd sakinlərindən aldığı əkin sahələrində yeni subartezian quyusunun qazılmasına ehtiyac var və komissya yeri düzgün müəyyənləşdirib.
Şikayətçilərin qeyd etdikləri ərazidə də yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğu üçün onlara növbəti ildə həmin ərazidə də yeni subartezian quyusunun qazılmasının nəzərə alınacağı bildirilmişdir.
Əlavə olaraq bildiririk ki, yeni subartezian quyusunun qazılacağı ərazidə əkin sahələri olan sakinlərlə söhbət aparılmış, onlar ərazidə yeni subartezian quyusu qazılması üçün sakinlərdən pul yığılmadığını bildirmiş, yazılı izahat vermişlər. Odur ki, yazıdakı faktlarda əsassızdır. Yazıda adı çəkilən Məhəbbət Həsənova şantaj yolu ilə rayon icra hakimiyyəti başçısının müavininə şər atmaqla öz istəyinə çatmaq, icra hakimiyyəti əməkdaşlarının işgüzar fəaliyyətinə kölgə salmaq istəyir.
SİAM.AZ
Tarix: 21-06-2022, 22:52