Kabla Musadan Naxçıvana çeşmə qalıb, Vasif Talıbovdan nə qalacaq?



Kabla Musa çeşməsi 120 ildən artıqdır ki, Naxçıvan camaatına xidmət göstərir
Su, təbii ki, hər yerdə həyatın əsas mənbəyidir. Su olmayan yerdə həyat da yoxdur. Təbiəti, iqlimi etibarilə quraq zonada yerləşən Naxçıvanda isə suyun özgə bir dəyəri var. Buxarlanmanın yüksək dərəcədə olduğu Naxçıvanda ta qədimdən bəri yerli sakinlər suya olan tələbatlarını su anbarları, göllər, kəhrizlər vasitəsilə təmin ediblər. Naxçıvanda hazırda xeyirxah insanlar tərəfindən salınmış 500-ə qədər kəhrizin olduğu bildirilir. Onlardan biri də Kabla Musa çeşməsidir.
Xeyriyyəçi iş adamı Kabla Musa 1901-ci ildə Naxçıvan şəhərinin əsaslı su təminatını yaratmaq üçün 3 kilometr aralıdakı Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərə çeşmə çəkmək planını həyata keçirməyə başlayır. O dövrün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayan xeyriyyəçi, Şıxmahmudda azı 130-140 quyu qazdırır. Dərinliyi 30-35 metrə çatan bu quyuları yeraltı lağımlarla bir-birinə bağlayaraq şirin suyu öz axarı ilə şəhərə gətirə bilir. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmaması idi. Bu çətinlik bir-birindən 60-80 metr aralıda yerləşən quyuların yeraltı xətlərlə birləşdirilməsində ciddi problem yaradırdı. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir. Külli miqdarda vəsait hesabına görülən bu iş 1909-cu ildə tamamlanır. Həmin il çeşmənin gözü açılır və Naxçıvan şəhərinin sakinləri tər-təmiz, sərin suyla təchiz olunurlar.
Kabla Musanın dövründən bu günə qədər 120 il keçir. Hələ də Naxçıvan sakinləri bu çeşmədən su götürərək Kabla Musanın ruhuna rəhmətlər oxuyurlar. 
Xalq artisti Həsən Ağasoyun Kabla Musa çeşməsi barədə video-reportajı
Naxçıvanın indiki “xan”ı Vasif Talıbovun zamanında isə Muxtar Respublikada cəmi 1 su anbarı – Vayxır gölü tikilərək təhvil verilib. Həmin su anbarının əsası isə 1980-ci illərdə sovet hakimiyyəti illərində qoyulub. SSRİ-nin dağılması ilə sözügedən layihə dayandırılıb. Sonra Heydər Əliyev tərəfindən 2002-ci ildə su anbarının tikintisi davam etdirilib. 2005-ci ildə İlham Əliyev tərəfindən açılıb. Yəni Vayxır gölünün belə, Vasif Talıbova az dəxli var. Daha doğrusu, heç bir dəxli yoxdur.
Bəs, Vasif Talıbov 25 illik hakimiyyəti ilə Naxçıvanlıların yaddaşında hansı əməlləri ilə qalacaq?
Son 25 ildə aparılan sistemli siyasət nəticəsində Naxçıvan insanları babalarından qalan su qaynaqlarından da məhrum olunublar. Vaxtilə Naxçıvan şəhərini içməli su ilə təchiz edən Uzunoba gölü plyaja çevrilib (Məşhur atalar sözündə deyildiyi kimi, "var idi hər yarağımız, çatmırdı plyaj darağımız"). Sirab, Cəhri, Qahab gölləri istifadəyə yarasız hala gətirilib. Vayxır gölü belə, Naxçıvan şəhərini içməli su ilə təchiz etdiyindən əkin sahələrinin suvarılması işində maksimum gücü ilə işləyə bilmir. Batabatın 3 göldən ikisinin bəndi xarab olduğundan onlar da əkin sahələrinin suvarılmasında öz missiyasını icra etmək gücündə deyil. 
Bunlar azmış kimi, Kabla Musa çeşməsinin suyu da davamlı boş yerə axaraq havaya buxarlandırılır. Halbuki, bu suyu bir anbara toplayaraq, ondan daha verimli istifadə etmək olardı. 
Azərbaycan prezidenti İlham Əliyev məhz bu amili nəzərə alıb Naxçıvanın su təminatını yaxşılaşdırmaq üçün hər il ölkə büdcəsindən milyonlarla manat vəsait ayırır. Naxçıvanda isə bu pulların haraya xərcləndiyini bilən yoxdur. Halbuki Kabla Musa öz adını daşıyan çeşməni dövlətin yox, şəxsi pulu ilə ərsəyə gətirmişdi.
Allah sənə rəhmət eləsin, Kabla Musa, yaman yerin görünür.



Tarix: 11-07-2022, 13:35
Xəbəri paylaş





Xəbər lenti