Qazilərin intiharı Bərdəyə sıçraya bilər - Vidadi İsayevə görə...






Bərdə qazi və şəhid ailələri ilə bağlı ən gərgin ocaqlardan biri hesab olunur. Hətta bu şəhəri episentr və sosial partlayış üçün potensial bölgə də adlandırmaq olar.
Hərçənd qazilərlə bağlı proses Sabirabaddan başlayıb, lakin Anaxeber.info dəfələrlə faktlarla yazıb ki, Bərdə "barıt çəlləyi" nə oxşayır. Çünki rayon icra başçısı Vidadi İsayev həmişə şəhid ailəsini qapıdan qovub, aşağılayıb, rayonda şəhid məzarlarına laqeyd yanaşıb, 20 Yanvar guşəsini sökdürüb, onlarla qazi problemini dilə gətirsə də həll etməyib, sonuncu belə nümunə isə vaqonda yatan qazi olmuşdu, amma onu belə saymayıb, yəni kəsəsi, V. İsayevin fəaliyyəti daha çox qazi intiharlarına yol açıb, təhrik edib. Odur ki, Sabirabad hadisəsi bir presedent yaratdı və Bərdəyə sıçraması istisna deyil. Necə ki artıq Gəncədə qazi intihara cəhd edib. Bütün səbəblər isə icra hakimlərinin əməlləridir. Əldə etdiyimiz məlumata görə, V. İsayev Sabirabadda qazi Elvin Cəfərovun özünü yandırmasından sonra qorxuya düşüb. İddialara görə, İH rəhbəri müavinlərinə tapşırıb ki, bu aralar diqqətli işləsinlər, həssas olsunlar. Bərdə icra başçısı bu gərgin dövrü zərərsiz ötmək istəyir və indi müraciətləri qəbul edir. Əslində, V. İsayev qazi və şəhid ailələrinə, məcburi köçkünlərə kobud münasibəti ilə yadda qalıb. Hətta Laçından olan şəhid ailəsini qəbuldan  qovmuş, sonra onu təhdid etmişdi. Bu günlərdə isə qazinin vaqonda yaşadığını deməsi, Bərdə şefinə etdiyi müraciətlərin nəticəsiz qaldığını söyləməsi sübut etdi ki, Qarabağ döyüşçülərindən kimsə özünü öldürəcək, yaxud yandıracaq. O baxımdan Sabirabad İH önündəki intihar Bərdə İH binası qarşısında hər an təkrarlana bilər. Ona görə hakimiyyət orqanları müvafiq araşdırma aparmalı, Bərdədə İsayevdən narazılıqların səbəblərini öyrənməlidir. Bu, dövlət üçün vacib eksperimentdir. Məmurlar və onlardan şikayətin ölçüsü müəyyən ediləndə, ictimai rəy üzə çıxarılanda idarəetmə də düzgün qurulur. Bərdədə idarəetmə bərbaddı, İsayev sanki səhv düşüb, əhali ilə maraqlanmır, aztəminatlı təbəqəni saymır, qazilərlə görüşmür, dərdlərini soruşmur. Nəticədə bax, intiharlar baş verir. Əgər başçı Bərdədə qaziləri çağırıb müzakirə aparsa, onlarla görüşdə məsələlər qaldırılsa, inanın həm gərginlik sovuşar, həm də dövlətin yükü azalar. Misal üçün Qarabağ qazisi Sadiq Əliyev Vətən uğrunda döyüşməsinin "mükafatı" olaraq Bərdə rayonunda yük vaqonunda yaşamağa məhkum olub. Döyüşlər zamanı iki dəfə yaralanmış qazi ilə Vidadi İsayev görüşüb danışsa, necə ciddi hörmət qazanmış olar. Axı bu harınlıq, müştəbehlik hardan qaynaqlanır? Hakimiyyət İsayevi niyə 10 ildən çoxdur ki, vəzifədə saxlayır? Hansısa keyfiyyətinə və fəaliyyətinə görə? Madam ki, bir başçıdan bu qədər şikayət gəlir, onu əvəzləmək çoxmu çətindir?! Ümumiyyətlə, Bərdədə elə bir qazi görməzsiniz ki, icra başçısından dəstək görsün. Onun hansısa qazi və şəhid ailəsi ilə xatirə fotosu belə yoxdur. Bütün bunlar İsayevin biganə məmur olmasından irəli gəlir. Başçı rayonda hansısa ünvanda hansı obyektinin olduğunu yadda saxlaya bilir, amma bir şəhid evi, bir qazi qapısı tanımır. Odur ki, hakimiyyət Bərdə başda olmaqla bir çox rayonları silkələməlidir.
Anaxeber.info 
Tarix: 14-07-2022, 09:36
Xəbəri paylaş





Xəbər lenti