Tərtərdə şəhidin xatirəsinə ucaldılmış abidənin açılışı olub


 Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Aliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Siam.az xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb onların xatirələrini ehtiramla yad ediblər.
Açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Şahbazov Ruslanın qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə başa çatan, tarixə  Zəfər gününü yazan qələbənin tarixi əhəmiyyətini qeyd edib.
Vurğulanıb ki, şərəfli döyüş yolu keçən və sentyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Şahbazov Ruslan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şahbazov Ruslan ölümündən sonra  "Azərbaycan Bayrağı" ordeni və  "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tədbirdə çıxış edən rayon rəhbəri bildirib ki, Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Milli Məclisin deputatı Sahib Aliyev çıxış edərək Vətən müharibəsində Milli Ordumuzun göstərdiyi döyüş şücaətindən, xalq-iqtidar-ordu birliyindən danışaraq, Azərbaycan əsgərinin məğlubedilməzliyini, qalib əsgər olduğunu dilə gətirdi.
Açılış mərasimində Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Ələsgərli kənd tam orta məktəbinin direktoru Şahin Əsədov, məktəbin müəllimi Telman Həsənov, şəhidin dayısı Əliqulu Bayramov, şəhidin qohumu Bakı şəhəri 220 nömrəli məktəb liseyin müəllimi Mətanət Abdullayeva, N saylı hərbi hissənin hərbiçisi şəhidin döyüş yoldaşı Coşqun Bayramov çıxış edərək Ruslanla bağlı xatirələrini bölüşdülər.
Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər dinlənildi.
Şəhidin atası Mahir Şahbazov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonra icra başçısı Milli Məclisin deputatı Sahib Əliyev və hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidin ailəsində olub şəhidin ad günündə iştirak ediblər. Şəhidin ad günü münasibətilə rayonun mərkəzi meydanında yerləşən monitorda ona həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tarix: 14-07-2022, 18:23
Xəbəri paylaş





Xəbər lenti