Tovuz Xəstəxanası adlı KOLXOZ BAZARI - BUNUN BAŞQA ADI YOXDUR...


"Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımova 26 yaşında analıqdan məhrum olub.
Ailə üzvləri deyir ki, Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.
Nəsibə Qasımova - zərərçəkənin anası: "Mən 11 aydır ki, qızımı Xatirə həkimin yanına gətirmişəm. Yəni boş qarına Xatirə həkim 3 ay müalicə edib. Ondan sonra 9 ay mütəmadi olaraq bu həkimin xəstəsi olub. Deyib ki, doğuşa hazırdır, mən onu doğuzduracağam. Birdən birə dedi ki, doğuzdurammıram, keyserə çıxacaq".

Qeysəriyyə əməliyyatına alınan Aygünün vəziyyəti qəfildən pisləşir. Təcili anaya qan köçürmək lazım gəlir.
Nəsibə Qasımova - zərərçəkənin anası: "Orada qan yox idi. Qanın qramını 70 manata aldıq. Vaxtında çatsa, mənim uşağım bu vəziyyətə düşəsi deyildi"."

Hələ, 2017-ci ildə "Sonxeber"de yayımlanan xəbəri təkrar xatırlatmaq istədik. Çünki, söhbət Tovuz sakinlərinin adını çəkərkən, "o rüşvətin atasıdır" dedikləri Paşa Muradovun rəhbərlik etdiyi Tovuz rayon Mərkəzi Xəstəxanasından gedir. O vaxtlar həmin xəstəxananın doğum şöbəsinin müdiri deyilənə görə Rəna xanım imiş. Artıq, Rəna xanım təqaüdə çıxıb, amma müqavilə əsasında hələ də mama-ginekoloq olaraq, orada çalışır. Sözügedən Xatirə xanım isə - yuxarıda doğuşa az qalmış, qeysəriyyə əməliyyatı məsləhət görən, onunla da 26 yaşlı gənc qadını sözün əsl mənasında bədbəxt edən Xatirə xanımdır.

Həmin Xatirə xanım ki, rayon sakinlərinin redaksiyamıza verdiyi məlumata görə hazırda xəstəxanada Doğum şöbəsinin müdiri vəzifəsində çalışır.
Xəritə xanımın pasientə qeysəriyyə üsulu ilə doğuş təklif etməsinin - daha doğrusu məlumatı bizə verən şəxsin sözlərinə görə buna məcbur etməsinin səbəbi qeysəriyyə yolu ilə doğuşun bahalı (1000 (min) AZN) olmasıdır.



Mənbə "DogruXeber.az"a bildirir ki, "Doğuş üçün gələn hər kəsə israrla qeysəriyyə əməliyyatı təklif olunur.
Əməliyyatdan sonra 3 gün xəstəxanada yatmalı olan pasientlərin özlərinə yataq dəsti gətizdirilir.

Yemək, çay verilmir. Çay istəyənlərə xadimələr bir termos dolusu çay hazırlayıb verməyə 5 (beş) manat pul alırlar. Təmizlikçilər təmizlik üçün əlavə pul alırlar. Bir sözlə, 3 gün "Şirinlik" adı ilə xəstəxanada yatan xəstələrin dərisini soyurlar."

Hə... bir də xəstəxana binasının tarixçəsinə qısa nəzər salaq:
Demək, 2 hektardan artıq ərazisi olan yeni tibb ocağı üçmərtəbəli əsas korpusdan, sanitar-epidemioloji və patoloji anatomiya binalarından ibarətdir. Cərrahiyyə, reanimasiya və terapiya şöbələri olan binanın avadanlıqları İtaliya, Almaniya və Çexiyadan gətirilib.

İnşasına 2008-ci ildən başlanan Tovuz rayon Mərkəzi xəstəxanasının tikintisi üçün 6 milyon 400 min manat vəsait ayırılıb."

Bunu xatırlatmaqda isə məqsədimiz binanın istilik və su sistemləri ilə bağlıdır.
Mənbə bildirir ki, "xəstəxanada su, istilik sistemi ümumiyyətlə yoxdur.
Çöldən baxanda, xəstəxana ən müasir tipli bina kimi çox gözəl görünür. Amma, qışda orada yatan xəstələrin özlərinə elektriklə çalışan qızdırıcı sobalar aldırılır, sonra da "peçi hara aparırsan, qoy qalsın" deyib, xəstəni utandırır, sobanı əlindən alırlar. Lakin, o sobaların aqibəti bilinmir. Çünki, hər gələn xəstəyə yenə də qızdırıcı sobalar aldırılır, yenə də orada saxlanılır. Bundan əlavə, keçmiş şöbə müdiri Rəna xanım puldan əlavə hər dəfə xəstələrdən illik azuqəsini də yığır.

Kiminin boynuna toyuq, qaz, kiminin quzu, kiminin yağ, pendir, süd, qatıq, kiminin yumurta, kiminin də bal qoyur. Sonra da həyat yoldaşı Musa kişini göndərir ki, gedib yığıb gətirsin. Kəndlilər öz aralarında "Musa kəndə gələndə, sanki, kolxoz bazarına gəlir " deyirlər."

Mənbənin sözlərindən belə aydın olur ki, Tovuz sakinlərinə nəsil artımı çoooox baha başa gəlir. Özü də ödə -ödə bitmir. Pulu pul, ərzağı ərzaq.

Yeri gəlmişkən, müayinə üçün hər xəstədən 30 (otuz) manat tələb olunur, yəni bir mama-ginekoloq baxışı üçün olan qiymətdir. USM - rentgen müayinəsi üçün də hər xəstədən 20-30 manat alınır. Ümumiyyətlə, Tovuz rayon Mərkəzi Xəstəxanasında hər şeyin öz qiyməti var, müayinə, təmizlik, doğuş və sair..."

Deyir, 'hər xəstədən 30 (otuz) manat və şəxsiyyət vəsiqəsi alınır. Vəsiqə ilə də xəstələr özlərinə demədən, Sosial Sığorta ilə qeydiyyata salınır.

Özü də deyirlər bütün bunlardan xəstəxananın baş həkimi Paşa Muradov da xəbərdardır.

P.S: Qeyd edək ki, barəsində deyilən məlumatlarla bağlı adıçəkilən Xatirə xanımla telefon əlaqəsi saxladıq. Xatirə xanım bizimlə telefonda çox aqressiv danışdı və suallarımızı cavablandırmaqdan imtina etdi. Bildirdi ki, "ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayın". Biz xahiş etdik ki, bizim əlaqə nömrəmizi İctimaiyyətlə əlaqələr şöbəsinə versin, onlar bizimlə əlaqə saxlasınlar.
Aradan bir neçə saat zaman keçdikdən sonra özünü Tovuz rayon Mərkəzi Xəstəxanasının hüquqşünası kimi təqdim edən Anar adlı şəxs bizimlə əlaqə saxladı.
Bildirdik ki, "biz əslində mətbuat xidmətindən zəng gözləyirdik", mma, yenə də bəzi məlumatlar barəsində Anar bəyi də bilgiləndirdik.
Anar bəy bildirdi ki, "bunlar mənim sahəm deyil, siz mətbuat xidməti ilə əlaqə saxlayın."
Biz Anar bəydən də xahiş etdik ki, mətbuat xidmətinə bildirsin, onlar bizimlə əlaqə saxlasın. Lakin, təəssüflər olsun ki, hələ də Tovuz Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsi bizimlə əlaqə saxlamayıb.

Bütün hallarda qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya təkrar qayıdacağıq.

DogruXeber.az
Tarix: 16-12-2022, 15:08
Xəbəri paylaş





Xəbər lenti