Cavadxanın Gəncəsi hara... indiki Gəncə hara... - Millət oğlunun adını bir qəsəbədə də dinc tuta bilmirlər...


Cavadxan qəsəbəsi Gəncənin ən böyük yaşayış massivlərindən biridir. Ancaq məktəbi yoxdur. Təhsil almaq üçün Gəncə şəhərinə getmək məcburiyyətində olan məktəblilər şəhərin 3 məktəbinə səpələnib.

Üstəlik yolların baxımsız olması qış aylarında 3-7 km məsafəni qət edərək təhsil ocağına çatmağa çalışan məktəblilərin vəziyyətini daha da acınacaqlı hala salır. Uşaqların bu qədər uzaq məsafəni piyada qət etməyə məcbur olması isə məsələnin digər çətin tərəfidir.

Vəziyyətdən təkcə uşaqlar yox, vaideynlər, müəllimlər də təngə gəlib. Uzaq, narahat yollarla məktəbə gedən uşaqların həm dərsə davamiyyəti aşağı olur, həm tədris olunanı qavramağa enerjisi tükənir.

Qəsəbədən şəhərə dogru yolboyu məktəblilərlə yanaşı uşaqlarını hər gün dərsə aparan valideynləri müşahidə etmək mümkündür.

10 mindən artıq sakinin yaşadığı qəsəbənin problemləri özü kimi böyükdür. Yollar elə vəziyyətdədir ki, yayda toz-torpaqdan, qışda zığ-palçıqdan keçilməz olur.

Lakin sakinləri daha çox məktəb problemi narahat edir. Sakinlər qəsəbədə məktəb inşa olunmasını istəyirlər.

Cavadxan qəsəbə sakinlərinin arzularının nə zaman reallaşacağına aydınlıq gətirmək üçün üz tutduq Gəncə Regional Təhsil İdarəsinə.

Rəsmi qurumdan Belediyye.netə bildirildi ki, yaxın gələcəkdə Cavadxan qəsəbəsində məktəb tikintisi planlaşdırılmır.
Belediyye.net
Tarix: 21-12-2022, 17:51
Xəbəri paylaş





Xəbər lenti